PDF Oxu

Müsahibə

  • 16

Tomas Poreba çox ciddi səhvə yol verib

Tomas Poreba çox ciddi səhvə yol verib
- Fazil müəllim, ATƏT-in Astana Sammitindən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində passivlik müşahidə edilir. Bununla bağlı nə deyə bilərsiniz?
- Dağlıq Qarabağ münaqişəsinin həllində uğursuzluqla nəticələnən Astana Sammiti bir daha göstərdi ki, ATƏT-in Minsk Qrupu heç bir münaqişəni həll etməyə qadir deyil. 16 ildir sərasər danışıqlar aparan ATƏT-in Minsk Qrupu həmsədrləri, deyəsən, münaqişəni həll etməmək üçün yaradılıbdır. Çünki hər dəfə, danışıqların müddətini uzadırlar, münaqişənin sülh yolu ilə həll etmirlər, müəyyən hallarda isə sərsəm Sarkisyan mövqeyindən çıxış edirlər. Əgər bu gün Rusiya, Amerika faşist Ermənistanı silah-sursatla təmin edirsə, onda hansı ədalətli mövqedən danışmaq olar? Hətta həmsədrlər regiona növbəti səfərinin də hesabatını açıqlamayıblar. Axı uzun bir müddət onların nəyinə lazımdır? Nəyə görə Dağlıq Qarabağda olan özbaşınalığı, narkotik maddələrin istifadəsini, abidələrimizin dağılıb, yerlə yeksan olmasını bütün dünyaya olduğu kimi çatdırmağa tərəddüd edirlər? Bununda arxasında hansısa bir siyasi oyun durur və onların bu oyunu nə vaxt bitirəcəkləri məlum deyil. Bundan sonra həmsədrlərdən hansısa bir kömək gözləmək şübhələr doğurur. ATƏT-in Minsk Qrupu formal olaraq, yalnız beynəlxalq güclərə lazımdır ki, özlərinin iradələrinə uyğun qərarları ATƏT adı ilə qəbul etdirsinlər. Amma indiki şərtlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Minsk Qrupundan müsbət heç nə gözləmək olmur. Sanki ATƏT-in Minsk Qrupunun üç həmsədri Azərbaycanın maraqlarına hər dəfə zidd hərəkət etməyi öz qarşılarına məqsəd qoyub. Bu təhlükəni də nəzərə almalıyıq.
- ATƏT-in Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəçisi Tomas Poreba Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib. Sizcə, Azərbaycanla razılaşdırılmayan bu səfəri Avropa Parlamentinin ölkəmizə qarşı ikili siyasətinin məntiqi davamı hesab etmək olar?
- Belə bir münasibət Avropa Birliyinin Azərbaycana qarşı ikiüzlü münasibətinin göstəricisidir. Buna görə də, AB mütləq Azərbaycan dövlətindən üzr istəməlidir. Çünki Azərbaycan ərazisində, Azərbaycanın suveren torpaqlarında yalnız Azərbaycan hakimiyyətinin razılığı ilə hansısa müəyyən addımlar atmaq olar. Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qanunun qəbul edilməsi məsələsi gündəmdə olmalıdır. Çünki bununla beynəlxalq təşkilatlara birmənalı şəkildə göstərilməlidir ki, bu ərazilərə ancaq Azərbaycanın razılığı ilə səfər etmək olar.
- Sizcə, Tomas Porebanın Azərbaycana razılaşdırılmadan işğal olunmuş ərazilərə səfər etməsinin arxasında Avropa Birliyinin maraqlı qüvvələrinin dayandığını söyləmək olarmı?
- Əlbəttə, düşünmək olar ki, bunların arxasında Avropa parlamentinin hansısa maraqlı qüvvələri dayanır. Çünki Polşanın Azərbaycanla münasibətləri kifayət qədər yaxşı olan bir ölkədir. Bundan əlavə, Azərbaycana da müəyyən məsələlərdə öz dəstəyini verir və ölkəmizin haqlı mövqeyini müdafiə edir. Ona görə də rəsmi Polşanın indiki məqamda Azərbaycana qarşı bu cür addım atmasını gözləmək bir az inandırıcı görünmür. Amma aydın məsələdir ki, Avropa Birliyinin müəyyən dairələrinin burada marağı var.
- Milli Məclisdə işğal olunmuş torpaqlarda Azərbaycanın qəbul olunması məsələsi müzakirə olunub. Bu qanunun qəbul olunması ölkəmizə qeyri-qanuni səfərlərin qarşısının alınmasına nə dərəcədə yardımçı ola biləcək?
- Düzdür, tam yardımçı olmasa da, ən azı digər dövlətlərin rəsmiləri bu qanunu nəzərə almalıdırlar və artıq bu qanunun müddəalarına əməl edilməsə Azərbaycanda diplomotik münaqişələrin həllinə xələl gələ bilər. Bu, qanunda da özünü əks etdirməlidir. Çünki əgər bu olmasa, qanunun perspektivi az olacaqdır. Ona görə də mütləq belə bir qanun qəbul olunmalıdır. Təbii ki, bunun birmənalı şəkildə qarşısını, bütövlükdə almaq mümkün deyil, ən azı müəyyən addımların atılmasına səbəb ola bilər.
- S. Sarkisyan bəyan edir ki, guya beynəlxalq təşkilatlar Ermənistanın mövqeyini müdafiə edir. Bunun fonunda, demək olar ki, T. Poreba kimilərinin işğal olunmuş ərazilərə səfərləri Sarkisyana ruh verir və populist çıxışlar etməyə, hansısa bəyanatlar verməyə həvəsləndirir?
- Hər halda, təbii ki, bu cür addımlar stimullaşdırır, sanki bir növ Sarkisyana güc, ruh verir. Əgər bu gün Sarkisyanın arxasında hansısa qüvvələr dayanmasa onun danışmağa cəsarəti çatmaz. Boş-boş bəyanatlar, cəfəng fikirlər söyləməkdənsə, məhvə doğru gedən ölkəsini böhrandan, acınacaqlı durumdan, gərgin vəziyyətdən qurtarsa daha yaxşıdır. Amma bütün bunlara baxmayaraq, biz öz işimizi görməliyik. Hər halda, Sarkisyanın və Sarkisyan kimilərinin Azərbaycan dövlətinə münasibətdə mövqeləri tamamilə bəllidir. Çalışmalıyıq ki, bütün bu mövqeləri özümüzün maraqlarımıza uyğun dəyişə bilək.
- BMT-nin Baş Assambleyasında Dağlıq Qarabağla bağlı məsələnin müzakirəsi təxirə salınıb. Bunu faktaraşdırıcı missiyanın məruzəsini, hələ ki, təqdim etməməsi kimi dəyərləndirmək olarmı?
- Faktaraşdırıcı missiyanın özü də, demək olar ki, tərəfli bir xarakter daşıyır. Elə etməliyik ki, bizə qarşı ola biləcək hansısa müəyyən neqativ halların qarşısını almaq üçün təbliğat və təşviqat fəaliyyətimizi gücləndirək. Çünki əks halda, heç kim bizim haqqımızı qaytarmayacaq.
- Düşünmürsüz ki, haqqın qaytarılması və bərpa olunması üçün sülh variantı yetərli deyil?
- İşğal olunmuş torpaqlarımızı işğaldan mütləq azad etmək lazımdır. Azərbaycanın bir qarış torpağı da qətiyyən işğalçılarda qalmamalıdır. Kimin hara, nə vaxt və necə gedəcəyinə özümüz qərar verməliyik. Bəzi qüvvələrin bu cür yersiz ərköyünlüyünə də hələ müəyyən müddətə dözməyə məhkumuq. Çalışmalıyıq ki, problemi özümüz həll edək.

Digər xəbərlər