PDF Oxu

Müsahibə

  • 14

Konstruktiv müxalifət ideyası da məğlub oldu...

Konstruktiv müxalifət ideyası da məğlub oldu...
- Fazil bəy, ölkədə keçirilən 7 noyabr parlament seçkilərindən sonrakı ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- 7 noyabr seçkilərindən sonrakı vəziyyət sizin də şahid olduğunuz kimi, çox yüksək səviyyədədir. Çünki əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilər də çox şəffaf və demokratik şəraitdə keçirildi. Lakin bu reallıqla barışmaz sayılan, hakimiyyətin legitimliyinə şübhə ilə yanaşan müxalifət ölkədəki problemlərin qaldığını, bu problemlərin həlli yollarının düzgün olmadığını və ona daha radikal tərzdə yanaşması açıq- aydın görünür. Digər tərəfdən də seçkidən sonra guya radikal müxalifət partiyaları ayrıca qrup yaratmaq istəyindədirlər, amma onların sosial bazalarının və pərakəndə olması bu istəklərinin həyata keçirilməsinin mümkünsüz olduğunu göstərir.
- Fazil bəy, bir məsələyə də toxunaq ki, bir qrup insanların iddiasına görə, artıq 4-cü çağırış parlament müxalifətsiz parlament olacaq...
- Bunu düşünən, iddia edən insanların böyük əksəriyyəti kor xəlifə kimi tutduğunu buraxmayan insanlardır. Elə düşünürlər ki, onların özlərindən başqa müxalif fikirin təmsilçiləri yoxdur. Amma əslində, belə deyil. Faktiki olaraq, son 5 il ərzində də parlamentdə çığır-bağır salan müxalifətlə daha konstruktiv, daha ciddi təkliflər, tənqidlər ortaya qoyan müxalifət öz fərqini açıq-aşkar göstərdi. Ona görə də, hesab edirəm ki, bu dəfə də daha səviyyəli müxalifət fəaliyyəti ortada olacaq.
- Artıq belə düşünmək olarmı ki, parlamentdən kənarda qalmaqla həm də radikal müxalifət siyasi səhnəni birdəfəlik tərk etmiş oldu və ya olacaq?
- Mən belə düşünməzdim. Onlar siyasi səhnəni tərk etmirlər və etməyiblər. Onlar siyasi fəaliyyətlərini bundan sonra da davam etdirirlər. Eyni zamanda, siyasi fəaliyyət, siyasət təkcə parlamentdən, parlament fəaliyyətindən ibarət deyil ki? Cəmiyyətdə onların da tərəfdarları var və bu tərəfdarlar da Azərbaycandan köçüb getmirlər, nə də gedəsi deyillər. Amma siyasətin daha aktiv müstəvisi parlament olduğuna görə, buradan kənarda qalmaq hər halda onların siyasi fəaliyyətinə təsir göstərəcək, bu, təsirsiz qalmayacaq. Amma bütövlükdə, o cinah yenə də qalacaq və qalmaqdadır. Özü də 7 noyabr seçkilərində təkcə radikal müxalifət məğlub olmadı, həm də konstruktiv müxalifət ideyası məğlub oldu. O da cəmiyyətdə yetərincə dəstək qazanmadı. Ona görə bizim hansısa bir barışmaz müxalifətə qarşı hər hansı bir fikir səsləndirməyimizin, əslində, elə bir mənası da yoxdur və radikal müxalifətin də bu fonda hansısa ciddi bir güc əldə edəcəyini düşünmürəm...
- Parlamentdə hazırda 3 müxalifət blokunun - "İslahat", "Demokratiya" və "Qarabağ" seçki bloklarının təmsilçiləri var. Gələcəkdə bu blokların bir araya gəlməsi, bir blok halında birləşməsi, fəaliyyət göstərməsi necə, mümkündürmü?
- Bu, mümkün deyil. O baxımdan ki, bloklar artıq mahiyyətini itiriblər. Əvvəla, heç bir blok seçki bloku kimi seçkilərdə iştirak edə bilmədi, yəni, 60-dan artıq namizədi qeydə alınmadığına görə, seçkilərdə blok kimi iştirak etmək hüququndan məhrum oldu. Eyni zamanda, indiki reallıqda parlamentdə fraksiya yaratmaq imkanları da mövcud deyil. Bunun üçün ən azı 25 deputatın iştirakı vacibdir və sair. Ona görə bu blokların parlamentdə blok və ya fraksiya şəklində fəaliyyəti də mümkün deyil.

Digər xəbərlər