YAP-ın fəaliyyəti və məramı cəmiyyət üçün cəlbedicidir
- Hüseynbala müəllim, YAP Sədri, ölkə Prezidenti İlham Əliyevin noyabrın 29-da hakim partiyadan Milli Məclisə seçilmiş deputatlarla görüşü partiyanın fəaliyyətinə verilmiş müsbət qiymət kimi xarakterizə etmək olarmı?
- Dövlət başçısı YAP-ın son 5 il ərzində - keçən parlament seçkilərindən sonrakı dövr ərzində mövqelərini daha da möhkəmləndirə bildiyini söylədi. Ölkə Prezidenti qeyd etdi ki, YAP sözün əsl mənasında, ümumxalq partiyadır, cəmiyyətimizin bütün təbəqələrini birləşdirən partiyadır. Prezident dedi: "Partiyamızın təşəbbüsü ilə ölkədə çox mühüm işlər görülmüşdür. Partiya 1992-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə müxalifət partiyası kimi yaranmışdır. Ancaq partiyamız bütün dövrlərdə dövlətçilik prinsiplərinə sadiq olmuşdur. Hətta müxalifətdə olan dövrdə heç vaxt milli maraqlara zidd heç bir addım atmamışdır. Əksinə, Azərbaycanda o illərdə hakimiyyətdə olan qüvvələrin milli maraqlara diqqət yetirməsi üçün səylər göstərmişdir. Təsadüfi deyil ki, Azərbaycan xalqının tələbi və səyi ilə Yeni Azərbaycan Partiyasının rəhbəri Heydər Əliyev 1993-cü ildə Prezident vəzifəsinə seçilmişdir. O dövrdən sonra partiyamız hakim partiyadır. Mən bu tarixi ona görə xatırlayır və qeyd etmək istəyirəm ki, partiyamız həm müxalifətdə, həm iqtidarda olmuşdur. Bugünkü Azərbaycanın reallıqları onu göstərir ki, partiyamız hələ uzun illər bundan sonra hakim partiya kimi fəaliyyətini davam etdirəcəkdir".
YAP Sədri, ölkə Prezidenti İlham Əliyev cəmiyyət tərəfindən Yeni Azərbaycan Partiyasının böyük rəğbət qazandığını və nümayəndələrimizin seçkilərdə qələbəsinin əyani sübut olduğunu bildirdi: "Hər bir namizəd, əlbəttə ki, öz dairəsində öz kampaniyasını aparmışdır. Ancaq təsadüfi deyil ki, bu dəfə qələbə qazanmış namizədlərimizin sayı daha da çox olmuşdur. Bu, onu göstərir ki, Azərbaycan xalqı bizim partiyaya olan münasibətini seçkilərdə bu şəkildə göstərir. Əlbəttə ki, partiyamızın dəstəyi seçilmiş deputatların qələbə qazanmasında mühüm rol oynamışdır".
YAP Sədri Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki roluna da toxundu: "İqtidar partiyası olmaq o qədər də asan deyildir. Adətən, hər şeyi tənqid etmək, yaxud da ki, proseslərdən kənarda qalmaq daha da asandır. İqtidar partiyası olmaq böyük məsuliyyətdir və ölkədə gedən bütün proseslər istər-istəməz partiyamızın adı ilə bağlıdır, çünki partiyanın nümayəndələri rəhbərlikdə təmsil olunurlar. Ancaq ölkəmizdə həm siyasi, həm iqtisadi proseslər müsbət istiqamətdə getdiyinə görə, əlbəttə ki, cəmiyyətdə olan gözəl ab-hava partiyamızın gücləndirilməsinə xidmət göstərir".
YAP Sədri, ölkə Prezidenti İlham Əliyev Milli Məclisin yeni tərkibi ilə də məsələlərə toxundu: "Milli Məclisin yeni tərkibində müəyyən dəyişikliklər olmuşdur. Bu da təbiidir, çünki həyat yerində durmur. Deputatların müəyyən faizi ilk dəfə seçilmiş deputatlardır. Bu da lazımdır. Yəni bu, əlbəttə ki, vətəndaşların iradəsi ilə həll olunan məsələdir. Ancaq bu da təbii prosesdir və cəmiyyətdə gedən islahatların təzahürüdür". Ümumiyyətlə, etiraf etmək lazımdır ki, Milli Məclisin Azərbaycanın müasir inkişafında çox mühüm rolu və funksiyaları vardır. Parlament seçkiləri bunu bir daha göstərdi. Çünki parlament seçkilərinə cəmiyyətdə olan maraq bir daha onu göstərir ki, vətəndaşlar onları Milli Məclisdə layiqli nümayəndələrin təmsil etməyini istəyirlər. Seçkilər tam şəffaf, demokratik şəkildə keçirilib və bunu beynəlxalq təşkilatlar da qeyd ediblər. Dövlət başçısının dediyi kimi, artıq Azərbaycanda parlamentarizm ənənələri yaranıb. Parlamentdə sivil, mədəni-siyasi mübarizə aparmaq üçün bütün imkanlar var. Tam əminliklə demək olar ki, növbəti 5 ildə yeni Milli Məclis və onun aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası ölkəmizin gələcək inkişafına töhfəsini verəcək, ölkəmizin dayanıqlı, uzunmüddətli inkişafında Azərbaycan xalqının maraqlarını tam şəkildə təmin edəcək.
- Hüseynbala müəllim, bu ay xalqımız və dövlətimiz üçün üzüntülü bir aydır. Ulu Öndərimiz Heydər Əliyevin 7 illik cismani ayrılığı Azərbaycan üçün nə deməkdir?
- Müstəqil Azərbaycan dövlətinin memarı, Azərbaycan xalqının dahi oğlu Ümummilli Liderimiz Heydər Əliyevin əbədiyyətə qovuşmasından 7 il ötür. Bu xəbəri xalqımız eşidəndə, həmin an nəinki, Azərbaycanın bölgələrindən, eyni zamanda, dünyanın hər yerindən respublikamızın paytaxtı Bakıya - Prezident Aparatının yanına insan axını başladı. Bunun özü xalqın öz liderinə olan məhəbbəti idi. Həmçinin, Ulu Öndərimiz Heydər Əliyevə dünya xalqlarının böyük məhəbbəti idi. Bu yeddi il ərzində Ulu Öndər Heydər Əliyev cismani olaraq xalqından ayrılıb. Çünki xalqımız bu 7 il ərzində öz liderini bir an belə unutmayıb. Hər zaman müasir Azərbaycanın qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyev bütün tarix boyu fəxr hissi ilə yad edilib. Gün keçdikcə, illər ötdükcə Ümummilli Liderimiz Heydər Əliyevin nə qədər böyük şəxsiyyət olduğu insanlar üçün bir daha aşkarlanır. Ən vacibi isə budur ki, bu gün böyük bir şəxsiyyəti hər bir Azərbaycan vətəndaşı ürəkdən anır. Xalqımız Ulu Öndərimiz Heydər Əliyevin gördüyü bütün işləri, xidmətləri qiymətləndirir. Bu gün həyatın elə bir sahəsi yoxdur ki, orada Ümummili Liderimiz Heydər Əliyevin izi olmasın. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan tarixinə öz imzasını milli lider kimi atmışdır. Elə şəxsiyyətlər var ki, onlar tarixdə iz qoyaraq, fəaliyyətləri ilə tarix yaradırlar. Ulu Öndər Heydər Əliyev məhz tarix yazan şəxsiyyətdir. Ona görə də, O, daim Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Bu gün bütün nailiyyətlərimizə görə, biz Ümummilli Liderimiz Heydər Əliyevə borcluyuq. İllər keçdikcə Onun böyüklüyünü, əzəmətini və dahiliyini daha çox hiss edirik. Hər bir xalqın tarixində şəxsiyyət amili böyük rol oynayır. Azərbaycan xalqı da, bu baxımdan, müasir tarixin yaradıcısı, müstəqil Azərbaycanın memarı, Ulu Öndərimiz Heydər Əliyevin əzəmətini dərk edərək, hər il dekabrın 12-də hər ay, hər gün Onun məzarını ziyarət etməyə gedir, ruhuna dualar oxuyurlar. Çünki bu gün Azərbaycanı uğura aparan yol Heydər Əliyev ideyalarıdır və bu ideyaların davamçısı olan ölkə Prezidenti İlham Əliyev cənablarının siyasətə sadiqliyidir. Onun qurduğu məktəb Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bugünkü nailiyyətlər, nəticələr böyük bir ümidlə danışmağa əsas verir ki, Azərbaycan doğru yoldadır. Bu istiqaməti göstərən Ümummilli Liderimiz Heydər Əliyevdir. Onun ruhu şad olsun.