PDF Oxu

Müsahibə

  • 19

Ermənilər cəzasız qalmayacaqlar

Ermənilər cəzasız qalmayacaqlar
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akdemik Ramiz Mehdiyevin "Bankinski Raboçi" qəzetinin 29 oktyabr sayında dərc olunan "Görüş-2010: absurd teatr mövsümü" məqaləsinə görkəmli alimlər və ictimai-siyasi xadimlər münasibətlərini ifadə etmişlər. Akademik Ramiz Mehdiyev bu məqaləsini Ermənistan prezidenti Serj Sarkisyanın görüşdə səsləndirdiyi nasist fikirlərinə, Azərbaycana qarşı olan torpaq iddialarına cavab olaraq yazmışdır. Görkəmli türkoloq-alim, professor, millət vəkili Nizami Cəfərovun da məqaləyə münasibətini öyrəndik.
- Nizami müəllim, akademik Ramiz Mehdiyevin "Görüş-2010: absurd teatr mövsümü" məqaləsi uydurma erməni iddialarına tutarlı cavab ola bilərmi?
- Şübhəsiz, akademik Ramiz Mehdiyev uzun illərdir ki, Azərbaycanın müstəqilliyinin ideoloji problemləri ilə, xüsusən, ictimai-siyasi problemləri ilə bağlı olan xeyli kitablar və məqalələr yazıbdır. Bu əsərlər bizim ictimai elmlərimizin ideoloji əsasını müəyyənləşdirə biləcək bir səviyyədədir. Mükəmməl azərbaycançılıq düşüncəsi, Ümummilli Liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən irəli gələn prinsiplər, müddəalar Ramiz müəllimin əsərlərində müəyyənləşdirilir, sistemə salınır, təhlil olunur. Bu əsərlərdə müstəqilliyimizin Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış praktikası və Onun vaxtilə azadlıq mücadiləsini, müstəqil Azərbaycan dövlətçiliyinin yaradılması sahəsində həm gördüyü praktiki işlər, həm də söylədiyi çox əhəmiyyətli mülahizələr geniş əksini tapır. Bu məsələlərdən biri də Azərbaycana qarşı yönələn erməni iddialarıdır. Bu iddiaların nə şəkildə ortaya çıxması, problemlər doğurması adıçəkilən məqalədə təhlil olunur. Göstərilir ki, ermənilər Qarabağa, o cümlədən, də Yerevana, Naxçıvana Osmanlı İmperiyasından köç etmişdir. Bu dəqiq fakt və dəlillərlə, həmçinin, ermənilərin tarixi-mədəniyyət abidələrimizi dağıtması elmi faktlarla sübuta yetirilir. Akademikin bu məqaləsi də görülən böyük nəzəri-ideoloji işin tərkib hissəsidir. Ona görə də, ermənilərin müxtəlif vaxtlarda olan iddialarına çox ciddi cavabdır.
- Məqalədən də aydın olur ki, Ermənistan rəhbərliyi öz xalqını fəlakətlərə, miskinliyə doğru aparır. Erməni xalqı isə öz rəhbərliyinə heç bir reaksiya vermir. Bu, o demək deyilmi ki, elə erməni xalqı da rəhbəri kimi sərsəm iddialardan əl çəkmirlər?
- Burada bir məsələ var ki, heç vaxt bu və ya başqa məsələdə xalqı günahlandıra bilmirik, yəni xalqı günahlandırmaq praktikası yoxdur. Bu, bütün dünyada belədir. Amma Ermənistan ideoloqları, rəhbərləri, elm adamları, yazıçıları, sənət adamları və Qriqoryan kilsəsi tarix boyu həmişə guya ilə yaşayıblar. Biz bunun erməni tarixçilərinin əsərlərində orta əsrlərdən bəri belə görürük ki, tək Azərbaycana və türk dünyasına yox, onların dünya ölkələrinin bir çoxundan iddiaları var. Bu da xalqda, sözün mənfi mənasında, eyforiya yarada bilir. Hətta xalqda belə eyforiyanın yaradılması üçün də xalq günahkar deyil. Bütün hallarda bu mənasız sayıqlamaları ortaya atanlar və xalqı buna təhrik edənlər günahkardır. Həm də xalqın içərisində də gərək sağlam düşüncə olsun. Ermənistanda da Azərbaycana qarşı bu torpaq iddialarının erməni xalqı üçün nə qədər böyük fəlakət doğurduğunu başa düşənlər var. Amma daha çox xalqı fəlakətli yola sürükləyənlərin arxasınca gedirlər, həm də xaricdən çoxlu müdaxilələr Ermənistanı fəlakətə doğru sürükləyir. Təsadüfi deyil ki, belə bir geniş ifadə yaranıb ki, ermənilərdən maşa kimi istifadə edirlər. Ziddiyyətlər, problemlər ocağı yaratmaqdan ötəri ermənilər çox vaxt alət olurlar.
- Nizami müəllim, sizcə Azərbaycanın mədəniyyət abidələrini məhv edən, dağıdan ermənilər bu gün bu və ya digər formada lazımi adekvat cavablarını alırmı?
- Əlbəttə, biz kifayət qədər müqavimət göstəririk. Mən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri kimi Türkiyədə, Fransada və Rusiyada müxtəlif görüşlərdə olmuşam. Eləcə də bizim digər millət vəkilimiz görüşlərdə olublar. Biz Azərbaycan ərazilərində, eləcə də, azərbaycanlıların vaxtilə yaşadığı Ermənistan ərazilərində nə qədər maddi mədəniyyət abidələrimizi dağıtmaları barədə statistik məlumatları vermişik. Amma bunları qulaqardına vuranlar da vardır. Ermənilər yalnız maddi mədəniyyətimizi yox, mənəvi mədəniyyətimizi də mənimsəməyə çalışırlar. Amma istənilən xalqın mədəniyyəti onun özünə məxsusdur. Bu mədəniyyəti subyektiv, süni şəkildə mənimsəmək fikrinə düşə bilərsən, öz adına çıxa bilərsən, lakin bununla milli mahiyyətini itirə bilərsən. Bugünkü dünya mədəniyyətlərinin qarşılıqlı əlaqəsi, dialoqu olan dünyadır. Məsələn, biz dünyanın bütün mədəniyyətlərindən istifadə edirik, amma onların mədəniyyəti kimi. Onu biz öz adımıza çıxmırıq. Bura yemək mədəniyyətindən tutmuş musiqi mədəniyyətinədək daxildir. Sabah ermənilər desinlər ki, muğam da, aşıq sənəti də bizimdir. Bununla onlar, əslində, özlərini əritmiş olurlar. Onlar bu təhlükəni hiss etmirlər. Biz həmişə onlara cavab vermişik, gərək onlar da bu cavabları eşitməyə hazır olsunlar.
- Akademik Ramiz Mehdiyev erməni təxribatçılarının ideyalarını nasistlərin ideologiyası ilə müqayisə edir...
- Bu, tamamilə doğru fikirdir. Müəyyən dövrlərdə millətçilik xalq üçün vacib olur. Xüsusilə, milli azadlıq hərəkatı, milli dövlət quruculuğu dövründə milli enerji istər-istəməz təbii gedişi ilə iştirak edir. Amma elə ki, ermənilər kimi millətçilik duyğusu həddindən artıq aqressiv səviyyədə təzahür edirsə, bu, vəhşiliyə çevrilir. Ermənilər dünyanın harasında maraqlı və xoşagələn bir yer görürlərsə, deyirlər bizimdir. Bu, artıq onlarda sağalmaz xəstəliyə çevrilib. Bu, artıq xəstəliyə çevrilibsə, bu, nasizmdir, faşist millətçiliyidir.
Haqlı olaraq da Ramiz müəllim Ermənistan hakimiyyətinə tutarlı cavab verib. Ümumiyyətlə, akademik Ramiz Mehdiyev elmi, ictimai-siyasi yaradıcılığı üçün çox spesifik cəhətdir ki, günün, dövrün, zamanın hadisələrini vaxtında təhlil edir və çox prinsipial mövqedən cavablar verir. Eyni zamanda, bu cavablar yalnız bu günün məntiqindən çıxış edilərək yürüdülür. Bu günün faktı, hadisəsi təhlil olunur. Bu təhlil əbədi dəyərlər, əbədi düşüncə mədəniyyəti əsasında aparılır. Ona görə də bu məqalə Ramiz müəllimin əvvəlki yazıları kimi ermənilərə, erməni faşistinə, onların xülyalarına iddialarına çox yaxşı cavabdır. Yaxşı olar ki, ermənilər bu yazıları oxusunlar, təhlil etsinlər. Bu gün Azərbaycanda gedən inkişaf, regionlardakı mövqeyi görülən böyük işlər insanlara, cəmiyyətə və dünyanın özünə harmoniya gətirən haldır. Bir tərəfdə Azərbaycan rəhbərliyinin gördüyü böyük işlər, o biri tərəfdə isə Sarkisyanı səfeh düşüncələri var. Ermənilərin iddiaları, apardığı səviyyəsiz siyasət Ermənistana heç bir yaxşı şey vəd etmir.

Digər xəbərlər