PDF Oxu

Müsahibə

  • 15

Azərbaycanda son altı il ərzində yoxsulluq səviyyəsinin 49 faizdən 11 faizə düşməsi ən gözəl göstəricidir

Azərbaycanda son altı il ərzində yoxsulluq səviyyəsinin 49 faizdən 11 faizə düşməsi ən gözəl göstəricidir

Dünən Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Avropa və Asiyada ilk neft-qaz tədris müəssisəsi olan ADNA 1920-ci ilin noyabrında yaradılıb. Azərbaycan Dövlət Neft Akademiyası fəaliyyəti dövründə milli təhsilimizin inkişafında xüsusi rol oynayıb. Bir çox ali məktəblər məhz Dövlət Neft Akademiyasının bazasında yaradılıb. Bu gün ADNA-da 53 kafedra, 724 nəfərdən ibarət professor-müəllim heyəti fəaliyyət göstərir. Bir neçə elmi institutu və 18 elmi-tədqiqat laboratoriyasını birləşdirən ADNA-da 7539 tələbə təhsil alır. Onlardan 593 nəfəri xarici ölkələrin vətəndaşıdır. İndi bu təhsil ocağı 24 istiqamət üzrə bakalavr və magistr pillələrində mütəxəssis hazırlayır. Bu ilin fevralında Prezident İlham Əliyev ölkəmizdə neft sənayesi ilə bağlı sahələrin mütəxəssislərlə təminatı istiqamətində xidmətlərini nəzərə alaraq, akademiyanın 90 illik yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
Prezident İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyev lektoriya zalı ilə tanış oldu. Burada xalqımızın ümummilli liderinin həyat və fəaliyyətinin bütün dövrləri əks olunub. Müxtəlif vaxtlarda çəkilən fotoşəkillər dahi rəhbərin ölkəmizin həyatının müxtəlif sahələrinin tərəqqisi, təhsilin, mədəniyyətin və xüsusilə də neft sənayesinin inkişafı ilə bağlı həyata keçirdiyi irimiqyaslı işləri dolğun təcəssüm etdirir. Akademiyada Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirdikləri böyük işləri əks etdirən fotoguşələr də yaradılıb. Prezident İlham Əliyev ADNA-nın tarix muzeyi ilə də tanış oldu. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, muzeydə akademiyanın yaradılması, inkişaf dövrləri tam əhatə edilib. Burada Azərbaycan neftinin tarixi, ölkəmizdə neft sənayesinin inkişafı ilə bağlı hələ XIX əsrdən bu yana görülən işlər, bir çox alimlərin Azərbaycanın neft sənayesi ilə bağlı apardığı tədqiqatları əks etdirən kitablar və sənədlər nümayiş etdirilir. Akademiyanın həyatını, burada təhsilin ilkin dövrlərini əks etdirən fotolar və sənədlər də muzeyə gələnlərdə maraq doğurur. Muzeyin ən qiymətli eksponatları sırasında xalqımızın ümummilli lideri Heydər Əliyevin 1939-1941-ci illərdə bu ali təhsil ocağında oxuduğunu əks etdirən sənədlər diqqəti daha çox çəkir. Ümummilli lider hər zaman bu ali təhsil ocağının inkişafını diqqətdə saxlayıb. Ulu öndər akademiyanın 60 və 80 illik yubileylərində iştirak etməklə bu ali təhsil ocağına layiq olduğu qiyməti verib.
Muzeydə müasir Azərbaycanın neft sənayesində görülən işlər, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurlarını əks etdirən fotolar da maraq doğurur. Muzeylə tanışlıqdan sonra dövlət və hökumət nümayəndələrinin, xaricdən dəvət olunan qonaqların iştirakı ilə akademiyanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi. Ölkə Prezidenti Dövlət Neft Akademiyasının 90 illik yubileyi münasibətilə akademiyanın bütün professor-müəllim heyətinə, bütün tələbələrinə uğurlar, cansağlığı arzuladı, onları təbrik etdi. Prezident qeyd etdi ki, Azərbaycan Dövlət Neft Akademiyası ölkəmizin aparıcı ali məktəblərindən biridir. Akademiyanın çox böyük və şanlı tarixi vardır. Dövlət başçısı diqqətə çatdırdı ki, 1920-ci ildə təsis edilmiş bu ali məktəb bütün dövrlərdə Azərbaycan elminə, Azərbaycan təhsilinə çox böyük töhfələr verib: "Siz yaxşı bilirsiniz ki, bu ali məktəbin müxtəlif dövrlərdə müxtəlif adları olmuşdur. Politexnik İnstitutu kimi təsis edilmiş, sonra Neft İnstitutu, Sənaye İnstitutu, Azərbaycan Neft və Kimya İnstitutu və nəhayət, Azərbaycan Neft Akademiyası adını qazanmışdır. Ancaq daşıdığı addan asılı olmayaraq, bütün dövrlərdə akademiyada təhsil alan tələbələr, onların böyük əksəriyyəti həm Azərbaycanın, həm Sovet İttifaqının, həm də başqa ölkələrin neft-qaz sənayesinə böyük töhfələr vermişdir.
Bütün dövrlərdə burada təhsil yüksək səviyyədə olmuşdur. Dövlət Neft Akademiyası Azərbaycanı dünyaya tanıdan ali məktəb olmuşdur. Mən çox şadam ki, bu gün bu gözəl ənənələr yaşayır, davam etdirilir. Bu gün akademiyada çalışan insanlar - professor-müəllim heyəti, görkəmli alimlərimiz müstəqil Azərbaycanın inkişafına dəyərli töhfələrini verirlər, müstəqil Azərbaycan üçün peşəkar kadrlar hazırlayırlar. O kadrlar ki, uzun illər bundan sonra Azərbaycanın əsas iqtisadi sahəsi olan neft-qaz sektorunun inkişafında sözlərini deyəcəklər.
Bilirsiniz ki, ulu öndər Heydər Əliyev Azərbaycan Sənaye İnstitutunda oxumuşdur və o illər həmişə əziz illər kimi onun xatirəsində qalmışdı. Heydər Əliyev inşaat fakültəsinin memarlıq bölməsində oxumuşdur və mən yaxşı bilirəm ki, onun o illərlə bağlı çox əziz xatirələri var idi. Bəlkə də gənclik illərinin ən yaddaqalan xatirələri məhz bu ali məktəbdə keçirdiyi dövrlə bağlı olmuşdur.

Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Neft və Kimya İnstitutunun inkişafına böyük diqqət göstərmişdir. Həm Sovet İttifaqı zamanında, həm müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə akademiyada gedən proseslər daim onun diqqət mərkəzində olmuşdur. Akademiyanın əməkdaşları yaxşı xatırlayırlar ki, 10 il bundan əvvəl akademiyanın 80 illik yubileyində Heydər Əliyev iştirak etmişdir, ürək sözlərini bildirmişdir."
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. "Təhsil bizim gələcəyimizdir" deyən Prezident əlavə etdi ki, təhsilin səviyyəsi ölkəmizin perspektivlərini müəyyən edəcək. Prezident İlham Əliyev bildirdi ki, ölkə rəhbərliyi çalışır ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır və aparılır:
"Bildiyiniz kimi, bizim demək olar ki, bütün ali məktəblərimizdə maddi-texniki baza möhkəmlənibdir, təmir, yenidənqurma işləri aparılıbdır, lazımi avadanlıqlar əldə edilibdir. Orta məktəblərdə də buna oxşar proseslər gedir. Son illər ərzində Azərbaycanda iki mindən artıq məktəb tikilib və əsaslı təmir olunub, avadanlıqla, kompyuterlərlə təchiz edilib. Biz elə etməliyik ki, uşaqlarımız, yeniyetmələrimiz gənc yaşlarından ən mütərəqqi təcrübə ilə tanış olsunlar və ardıcıllıqla öz təhsil səviyyələrini artırsınlar. Biz çalışacağıq ki, dünyada mövcud olan ən qabaqcıl təcrübəni Azərbaycanda tətbiq edək. Elə etməliyik ki, təhsil sahəsində bütün problemlər həllini tapsın. Bildiyiniz kimi, dövlətin təhsil məsələlərinə olan diqqətini biz, eyni zamanda, təhsilə ayrılan xərclər ilə də ölçə bilərik. Bu xərclər ildən-ilə artır və Azərbaycanın dövlət büdcəsində təhsil xərcləri hərbi xərclərdən sonra ikinci yerdədir. Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı, çox güman ki, təhsil xərcləri birinci yerdə olacaqdı. Biz təhsilə ayrılan xərclərdən çox böyük səmərə ilə istifadə etməliyik. Bir daha demək istəyirəm ki, son illər Azərbaycanda bu sahədə dərinləşən islahatlar düzgün istiqamətdə aparılır. Biz bütün dünyada gedən prosesləri bilirik, izləyirik və ölkəmiz üçün ən məqbul variantı seçməklə təhsilimizin səviyyəsini artırmalıyıq."
Prezident İlham Əliyev həmçinin ölkəmiizin gələcək inkişafı ilə bağlı da fikirlərini açıqlayıb: "Biz elə etməliyik ki, Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını icra edək. Bu strategiyanın müxtəlif istiqamətləri vardır. İlk növbədə, Azərbaycan bu gün müstəqil ölkə kimi tam formalaşıbdır. Mən hesab edirəm ki, biz bir neçə il bundan əvvəl, artıq keçid dövrümüzü başa vurmuşuq. Bu gün artıq Azərbaycan keçid dövrünü yaşayan ölkə deyil və bu, bizim uğurumuzdur. Biz bir ictimai-siyasi quruluşdan başqa ictimai-siyasi quruluşa çox böyük sürətlə və uğurla keçə bilmişik. Bu gün Azərbaycan həm siyasi, həm iqtisadi cəhətdən müstəqil, azad, açıq, öz resurslarına güvənən ölkədir. Bizim iqtisadi uğurlarımız siyasi uğurlarımızı dəstəkləyir və siyasi təşəbbüslərin irəli sürülməsi üçün böyük dayaqdır. Ona görə, iqtisadi potensialın gücləndirilməsinə yönəldilmiş addımlar, eyni zamanda, Azərbaycanın müstəqilliyini gücləndirən amillərdir.
Bu gün Azərbaycanın iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Keçən il başlanan və hələ də dünyada davam edən iqtisadi böhran bunu bir daha göstərmişdir. Biz bu böhrandan şərəflə çıxa bilmişik. Bu ağır sınaqdan ona görə şərəflə çıxa bilmişik ki, iqtisadiyyatımız düzgün əsaslar üzərində qurulubdur. Mən Azərbaycanın uzunmüddətli inkişaf perspektivlərini çox böyük nikbinliklə qeyd edirəm. Biz hər beş il üçün strateji xətt əsasında müvafiq planlar, proqramlar tərtib edirik. Onların hamısı artıqlanması ilə icra edilir. Bizim böyük təbii resurslarımız vardır. Əlbəttə ki, bu da imkanlarımızı artırır. Ancaq dünyada təbii resurslarla zəngin olan bir çox ölkələr var ki, orada bu resurslar heç də hər zaman uğur gətirmir, uğurun əldə olunması üçün şərait yaratmır. Əksinə, varlılarla kasıblar arasında fərq daha da böyüyür. Biz əlbəttə ki, neft strategiyamızı və iqtisadi prioritetlərimizi müəyyən edərkən həm müsbət, həm mənfi təcrübəni öyrənmişik. Azərbaycanda son altı il ərzində yoxsulluq səviyyəsinin 49 faizdən 11 faizə düşməsi ən gözəl göstəricidir. Bu onu göstərir ki, Azərbaycanda təbii resurslardan əldə olunmuş gəlirlər ədalətli bölünür. Onu göstərir ki, Azərbaycan cəmiyyətində təbəqələşmə getmir, əksinə, insanlar arasında gəlir baxımından fərqlər azalır. Onu göstərir ki, Azərbaycanda çox mükəmməl və şəffaf idarəetmə, o cümlədən resursların idarə edilməsi sahəsində sistem yaradılıbdır. Bir sözlə, iqtisadi islahatların davam etdirilməsi, siyasi islahatlarla tamamlanması siyasəti Azərbaycanda bundan sonra da davam etdiriləcəkdir. Bu gün Azərbaycanın neft-qaz sektoru intibah dövrünü yaşayır. Neft hasilatımız 1990-cı illərin əvvəlində olan hasilatla müqayisədə 5-6 dəfə artıbdır, qaz hasilatımız da həmçinin. Perspektivlərimiz daha da ürəkaçandır. Həm neft, həm qaz sektorunda indi aparılan işlər bir neçə ildən sonra yeni bir vəziyyətin yaranmasına gətirib çıxaracaqdır. Biz artıq dünya enerji xəritəsində öz imzamızı qoymuşuq. Təşəbbüsümüzlə çəkilən neft-qaz kəmərləri bütün yolları, bütün bazarları bizim üçün açıq edibdir. Bizim şaxələndirilmiş infrastrukturumuz, maliyyə resurslarımız vardır. Biz əldə olunan gəlirləri Neft Fondunun yaradılması və fəaliyyəti nəticəsində qoruya bilmişik. İldən-ilə Neft Fondunda yığılan vəsait artır. Baxmayaraq ki, keçən böhran ilində neftin qiyməti 4-5 dəfə aşağı düşmüşdü, yenə də biz o vəsaitdən elə qənaətlə istifadə etdik ki, həm ölkədə işlər getsin, həm də orada məbləğ azalmasın. Bu məbləğ getdikcə artır."
Mərasimdə ADNA-nın rektoru Siyavuş Qarayev çıxış edərək ölkə rəhbərliyi tərəfindən bu ali təhsil ocağına göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi. O vurğuladı ki, Prezident İlham Əliyevin Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi barədə habelə Akademiyanın 66 nəfər əməkdaşının Azərbaycanın ən yüksək mükafatları və fəxri adları ilə təltif olunması barədə imzaladığı Sərəncamlar, bilavasitə Prezidentin göstərişi əsasında təhsil ocağınızda müasir memarlıq səviyyəsində təmir işlərinin aparılması Neft Akademiyasına olan böyük diqqət və qayğının təzahürüdür.
S.Qarayev diqqətə çatdırdı ki, Yarandığı gündən Neft Akademiyası yanacaq-enerji və neft-kimya kompleksi sahələri üçün yüksəkixtisaslı mühəndis və elmi kadrların hazırlanması istiqamətində fəaliyyət göstərmiş, təhsil prosesinin, elmi-tədqiqat işlərinin təşkilində uğurlar qazanaraq SSRİ-nin qabaqcıl ali təhsil müəssisəsinə çevrilmişdir. Neft Akademiyası keçmiş ittifaqda, respublikamızda, xarici ölkələrdə yüksək dövlət vəzifələrində, sənaye, elm və təhsil sahələrində aparıcı yer tutan, tədris ocağımızı dünyaya tanıtdıran məzunları ilə fəxr edir. O bildir ki, Ümummilli liderimizin iki il burada təhsil alması Neft Akademiyasının tarixində şanlı və əbədi iz qoymuş, onu məbədgaha çevirmişdir. Ulu öndərin "Neft Akademiyasının Azərbaycanda sənayenin, iqtisadiyyatın, elmin, elmi-texniki tərəqqinin inkişafında xüsusi rolu olmuşdur" sözlərini yada salmaq yerinə düşər. Neft Akademiyası dünyanın 70-ə yaxın ölkəsi üçün 4000-dən çox bakalavr, mühəndis, magistr, 300-dən artıq elmlər namizədi və elmlər doktoru hazırlamışdır. Ali məktəbimizin beynəlxalq əlaqələri "Əsrin müqaviləsi" ilə başlayan neft sazişləri imzalandıqdan sonra daha geniş vüsət almışdır. Təhsil ocağımızda beynəlxalq proqramlar üzrə ABŞ-ın Corciya Universiteti, Almaniyanın Ziqen Universiteti, Fransanın Nitsa Universiteti, Paris Neft və Mühərriklər İnstitutu, İtaliyanın Genuya Universiteti ilə mütəxəssislər hazırlanmasına başlanılmış və bu işlər davam edir. Hazırda Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərlə tədris, elm sahələrində əməkdaşlıq edilir, tələbələrimizə təqaüd verilir, onlar bu təşkilatların aparıcı neft və qaz sənayesi obyektlərində təcrübə keçir və şirkətlər məzunları işlə təmin edirlər. Misir Ərəb Respublikasında Neft Akademiyasının filialının açılması ilə bağlı işlərin görülməsi kollektivimizə verilən qiymət və müasir dövrün tələblərinə cavab verən yanacaq-enerji və neft-kimya kompleksi sahələrində mütəxəssislərin hazırlığına inamın təzahürüdür. Daha sonra Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin rektoru Viktor Martınov, Rumıniyanın Neft və Qaz Universitetinin rektoru Vlad Ulmanu və digər qonaqlar da çıxış ediblər. YAP bütün uğurları fəth etmiş partiyadır
Rəbiyyət Aslanova: "YAP-ın əsas amalı hər şey
Azərbaycan vətəndaşı, onun sabahı və təhlükəsiz yaşaması üçündür"
- Rəbiyyət xanım, parlament seçkilərinin gedişatı və nəticəsini necə qiymətləndirirsiniz?
- Parlament seçkiləri Azərbaycan dövlətinin siyasi həyatında olduqca mühüm rol oynayır. Hər beş il ərzində keçirilən seçkilər cəmiyyətin irəliyə doğru inkişafının mühüm göstəricisi, demokratiyanın, insan haqlarının qorunmasının, cəmiyyətdə baş verən iqtisadi, siyasi, sosial dəyişiklikərin göstəricisidir. Bu baxımdan, artıq dördüncü çağırış parlament seçkiləri çox mühüm bir hadisə və müstəqillik dövrümüzün keyfiyyət baxımından yeni bir mərhələsi idi. YAP parlament seçkilərinə olduqca vacib bir şüarlar gedirdi. Bu, təsadüfi seçilmiş fikir deyildir. Bu, Azərbaycan vətəndaşının varlığını, hüquqlarını təmin edilməsinə, yüksək məsuliyyət hissinə malik olan güclü dövlətin yaranmasına və insanların sosial rifahının təmin edilməsinə yönəlmiş şüar idi. Belə bir şüuarın ortaya atılmasına qədər böyük bir tarixi yol qət edilib və bu tarixi yolda əldə edilmiş uğurlar imkan verdi ki, YAP belə bir şüarla çıxış etsin. Seçkilərdə 72 mandata YAP sahib oldu. Bu, bir daha onu göstərdi ki, Azərbaycan xalqı YAP-ı dəstəkləyir. YAP Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı bir partiyadır. YAP-ın deputatlığa namizədləri öz peşəkarlıqları, cəmiyyətdəki nüfuzları, dövlətə və millətə sədaqətləri ilə seçilən namizədlər idi. Xalq qəti əmin idi ki, YAP namizədləri parlamentdə öz millətini və xalqını təmsil etmək qabiliyyətinə malikdir. Bu gün YAP-la rəqabət edəcək ikinci bir partiya yoxdur. Günü-gündən YAP üzvlərinin sayının artması, onu göstərir ki, xalqımızın bu partiyanın fəaliyyətinə, yüksək ali prinsiplərinə inamı sonsuzdur.
- Radikal müxalifət seçkilərin qeyri-demokratik keçirilməsini iddia ediblər. Onların bu məntiqsizliyini nə ilə izah edərdiniz?
- Bu gün bütün MDB məkanında Azərbaycanda olan müxalifət kimi ikinci qeyri-anormal müxalifət yoxdur. Çünki onlar artıq zamanı ötmüş, mövcud siyasi gerçəkliyi düzgün qiymətləndirmək imkanından məhrum olmuş və keçmişdə qalmış müxalif fikirli insanlardır. Zaman məfhumu sanki radikal müxalifət üçün yoxdur. Onlar hər şeyi, öz vaxtlarında olduğu kimi görmək istəyirlər. Amma anlaya bilmirlər ki, artıq hər şey dəyişib. Dəyişməyən yalnız onların məntiqsiz təfəkkürləri, real hadisələrə qeyri-real baxışlarıdır. Seçkilərlə bağlı müxalifətin qeyri-real bəyanatını biz elə əvvəlcədən gözləyirdik. Təkamül və tərəqqinin nə olduğunu qəbul edə bilməyən radikal düşüncəli insanlardan yeni bir baxış, fikir gözləmək qeyri-mümkündür. Onlar Azərbaycanın tək regionda deyil, dünyada qazandığı uğurları görmək iqtidarında deyillər. Əgər Azərbacan müxalifəti insan hüquqlarının qorunması ilə əlaqədar böyük səyləri, hətta xarici ekspertlərin etiraf etdiyi həqiqətləri görmürsə, deməli, bu, onların böyük faciəsidir. Müxalifət cəmiyyətdə heç bir hüquqa, nüfuza malik deyil, dediyi sözün də Azərbaycan vətəndaşı üçün heç bir dəyəri yoxdur. Radikal müxalifət böyük bir inamsızlıq içərisində yaşayır. Axı onlar nəyə ümid edirdilər? Yəqin ümid edirdilər ki, Azərbaycan seçicisi onlara səs verəcək, yenidən siyasi kürsüdə əyləşəcək və öz şəxsi ambisiyaları üçün çalışacaqlar. Amma onlar öz uğursuzluqlarını əvvəlcədən görürdülər. Bu uğursuzluğa haqq qazandırmaq və müəyyən dövrdə siyasət səhnəsində qalmaq üçün cəhdlər edirdilər. Bu cəhdlərin də hamısı uğursuzluğa məhkum idi. Siyasi xadim üçün ən dəhşətlisi nüfuzunun itirməsidir. Müxalifətçilərin isə, nüfuzu artıq çoxdan itib. Hər dəfə seçkilərdə uduzurlar və uduzduqdan sonra, gözləmə taktikasını seçirlər. Növbəti seçkiyə qədər cəmiyyət üçün heç bir xeyirli iş görmədən beş il ərzində gözləyirlər. Artıq vaxt gəlib çatıbdır. Onlar siyasət səhnəsini tərk etməlidirlər. Heç bir cəmiyyət müxalifətsiz inkişaf edə bilməz. Amma müxalif fikir dövlətə, millətə qarşı çevrilmiş fikir olmamalıdır.
- ABŞ Dövlət Departamenti parlament seçkiləri ilə bağlı qeyri-real bəyanat verib. Onların bu bəyanatını Azərbaycana qarşı növbəti təzyiq hesab etmək olarmı?
Parlament seçkilərini izləyən müşahidəçilərin sayı həddindən çox idi. Dövlətimiz seçki öncəsi beynəlxalq təşkilatlara da müraciət etmişdi. Seçkinin şəffaf keçirilməsinə əmin olduğumuz üçün müşahidəçilərin gəlməsinə qəti etiraz edilmədi. Hətta budəfəki xarici müşhidəçilərin sayı əvvəlkilərdən də çox idi. İnsanların konstitusyon hüquqlarının gerçəkləşməsinə çalışırdıq və buna da nail olduq. Ölkəmizə gələn müşahidəçilər ayrı-ayrı məntəqələrdə oldular və seçkilərin gedişi, partiyalara yaradılmış bərabər şəraitlə tanış oldular. Ola bilsin ki, kiçik qüsurlar vardı, onu da MSK həll etdi. ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı verdiyi bəyanatlar tanış ssenarilərdir. Elə təşkilatlar vardı ki, onların hesabatları gəlməmişdən əvvəl məsələnin məğzi məlum idi. Beynəlxalq təşkilatların hər birinin özünəməxsusluğu vardı. ABŞ Dövlət Departamentinin hesabatı həmişə ABŞ səfirliyinin verdiyi qərəzli məlumatlara əsaslanır. Onların özləri də ayrı-ayrı seçki məntəqələrində olmuşdular və oradan ciddi qüsurlar görməmişdirlər. Bu baxımdan Amerikanın Azərbaycandakı səfrliyinin verdiyi bəyanatla ABŞ Dövlət Departamentinin verdiyi bəyanatlar üst-üstə düşmür. Bu bəyanatı qərəz kimi qəbul etmək olar . Amma hesab edirəm ki, ABŞ Azərbaycanda gedən inkişafı etiraf etməlidir və edəcəkdir də. Çünki bu, reallıqdır. Xalqın iradəsinə hörmət etmək lazımdır. Çünki ABŞ Dövlət Departamentinin bu bəyanatı Azərbaycan xalqında təəssüf hissi doğurur.
- YAP-ın yaranmasının 18 illiyi qeyd olundu. 18 il Azərbaycanın müstəqillik tarixinə hansı prinsipial töhfələrin verilməsi ilə yadda qaldı?
- YAP-ın yaranmasından 18 il keçdi. Bu, böyük bir mərhələdir. Bir neçə əsr yaşayan partiyalar var ki, hər bir tarixi dövrün özünəməxsusluğununu anlayır, həmin dövrün çağırışlarına cavab verir, dövlətin və millətin yaşaması üçün böyük işlərə imza atır, insanlarda yüksək məsuliyyət hissini yaşada bilir. Bu böyük, qüdrətli partiyanın yaranması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqının varlığını, müstəqilliyini, demokratikliyini qorumaq üçün belə partiyanın yaranması tarixi hadisə idi. Yarandığı gündən başlayaraq, atdığı hər addım xalqın rifahı üçün hesablanıb. Azərbaycan çətin sınaqlardan keçib. Bu partiya insanarı birləşdirən, vahid amal uğrunda cəmləyən partiya olmasaydı, ölkəmiz təhlükə ilə qarşılaşardı. 1992-ci ildən 1995-ci ilə qədər olan mərhələ bütün çətinlikləri, xaosu dəf etmək, Ümummilli Lider Heydər Əliyevə inamının bərpa edilməsi dövrü idi. 1993-ci ildən başlanan dövr dövlətin güclənməsi, insanların sosial rifah halının yüksəlməsi dövrü idi. 1993-ci ildən başlayaraq hüquqi, dünyəvi, demokratik dövlət quruculuğunun əsasları müəyənləşdirildi. 1993 -2000-ci il sınaq dövrü idi. Bu sınaq dövründən YAP uğurla çıxdı. Yeni əsrə Azərbaycan dövləti güclü, suveren, müstəqil, demokratik, dünya birliyinə inteqrasiya yolunda böyük addımlar atmış bir dövlət kimi daxil oldu. 2003-cü ildən başlayaraq, YAP-ın Sədri cənab Prezidentimiz İlham Əliyevin apardığı modernləşmə siyasəti Azərbaycan dövlətini tək regionda deyil, dünyada da aparıcı dövlətlər sırasına yüksəltdi. Azərbaycan dünyada sayılan, xarici siyasəti ilə superdövlətlərin hesablaşdığı dövlətdir. Bu gün qüdrətli, müstəqil Azərbaycan dövlətinin bütün sahələrdə təhlükəsizliyi təmin edilir. Bütün bu illər ərzində Azərbaycan xalqında əminlik hissi yarandı və insanlarımız rahat, qayğısız həyat yaşamağa başladı. Müstəqil Azərbaycan dövləti hələ çox uğurlara imza atacaq. YAP-ın yaşaması üçün hər bir Azərbaycan vətəndaşı var gücü ilə çalışmalıdır. YAP-ın əsas amalı hər şey Azərbaycan vətəndaşı, onun sabahı, təhlükəsiz yaşaması üçündür. Belə amalla, əqidə ilə yaşayan partiyanın həmişə uğuru olacaqdır.
- Sizcə, Ulu Öndərimiz Heydər Əliyevin yaradıcısı olduğu və möhtərəm Prezidentimiz İlham Əliyevin Sədrlik etdiyi YAP regionun ən aparıcı lider partiyası adını qazanıbmı?
- Müqayisə etmək imkanı olan hər bir kəs ətrafda baş verənləri diqqətlə izləyir. Bu gün Azərbaycanda YAP-a rəqib olacaq bir partiya yoxdur. YAP-ın məqsəd və məramı çox aydındır. Ulu Öndərimiz Heydər Əliyevin gerçəkləşmiş böyük istəyi və arzusu o idi ki, Azərbaycan güclü, qüdrətli dövlət olsun, hər yerdə bir dövlət olaraq sözünü demək imkanı olsun və Azərbaycan vətəndaşı belə bir böyük məmləkətdə yaşaması ilə fəxr etsin və hər zaman qürurla söyləsin: fəxr edirəm ki, azərbaycanlıyam. Bugünkü, reallıq onu deməyə əsas verir ki, Ulu Öndərimizin ideyaları, istək və arzuları tam şəkildə həyata kecib. Qətiyyətlə qeyd etmək olar ki, Azərbaycan bundan sonra ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq, daha uca zirvələri fəth edəcək. Qısası, Azərbaycanın bugünü kimi sabahı da aydın və işıqlıdır. Çünki bu yolun əsasını dövlətimizin qurucusu və memarı Ulu Öndərimiz Heydər Əliyev qoyub.

Digər xəbərlər