PDF Oxu

Müsahibə

  • 16

Rabitə və informasiya texnologiyaları sahəsində həyata keçirilən tədbir bu sahədə dinamik inkişafa təkan verib

Rabitə və informasiya texnologiyaları sahəsində həyata keçirilən tədbir bu sahədə dinamik inkişafa təkan verib
- Məhəmməd müəllim, son illər Azərbaycan sürətlə inkişaf edir və bu inkişaf bütün sahələri əhatə edir. Bu inkişaf fonunda "Aztelekom" İB-in fəaliyyətini necə qiymətləndirmək olar?
- Son illərdə ölkəmizdə uğurla davam etdirilən sosial-iqtisadi islahatların iqtisadiyyatın bütün sahələrində real nəticələr verməsi danılmaz faktdır. Məhz bunun nəticəsidir ki, son illər Azərbaycan dünyada ən yüksək iqtisadi artım nümayiş etdirən ölkəyə çevrilmişdir. Bu gün dövlətimiz iqtisadi müstəqilliyini tamamilə təmin edib və sərbəst xarici siyasət yürüdür, beynəlxalq aləmdə milli maraqlarımızı ardıcıl olaraq müdafiə etməyə və mövqelərimizi gücləndirməyə qadirdir. Bunlar, ilk növbədə, əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi xəttinin davam etdirilməsi sayəsində mümkün olmuşdur.
Rabitə və informasiya texnologiyaları sahəsində həyata keçirilən məqsədyönlü fəaliyyətin ölkənin inkişaf prioritetlərinə aid edilməsi bu sahənin inkişafı üçün xüsusilə əlverişli zəmin yaratmış, dinamik inkişafa təkan vermişdir. Fəaliyyətinin əsas istiqamətlərini rabitə sahəsində normativ sənədlərə, dövlət proqramlarına və tədbirlər planlarına uyğun qurmuş "Aztelekom" İstehsalat Birliyi ənənəsinə sadiq qalmış, 2010-cu ildə rabitənin və informasiya texnologiyalarının inkişafına dəyərli töhfələrini vermişdir.
İlin əvvəlindən investisiya layihələrinin maliyyələşdirilməsinə 10,4 milyon manata qədər vəsait yönəldilmiş, yeni obyektlər istismar üçün qəbul edilmişdir. İnvestisiya layihələri 81894 nömrə və kanal tutumunu əhatə etmiş, 201,2 km uzunluğunda fiber-optik kabel magistralları və birləşdirici xətlər, 6315 abunəçi xətti istismara verilmişdir.
- "Aztelekom" İB-in fəaliyyət dairəsinin böyük bir qismi də regionları əhatə edir. Yeni nəsil İKT-nin bölgələrdə tətbiqi hansı səviyyədədir?
- Bu ilin əvvəlindən Qax, Bərdə, Goranboy, Göyçay, Ağstafa, Beyləqan, Şəmkir rayonlarının 8 kənd yaşayış məntəqəsində ümumi tutumları 1792 nömrə olan yeni elektron ATS-lər istifadəyə verilmişdir. 18 rayonun 46 kənd yaşayış məntəqəsində istismar olunan analoq tipli ATS-lər rekonstruksiya olunaraq elektron tipli ATS-lərlə əvəz olunmuş, tutumları 3172 nömrə artırılmışdır. 10 rayonun 16 kənd yaşayış məntəqəsində ümumi tutumları 528 nömrə olan mini-ATS-lər quraşdırılmış, bu məntəqələrdə istismar olunan peyk rabitə avadanlıqlarına qoşulmaqla yeni tutumlar istifadəyə verilmişdir. Rayon telekommunikasiya qovşaqlarında xidmət göstərilən abunəçilərin sayı 648 mini keçmişdir.
İlin əvvəlindən Ağdaş, Ağsu, Biləsuvar rayon mərkəzi ATS-lərinin, Daşkəsən, İmişli, Ağstafa rayon telefon şəbəkələrinin elektronlaşdırılması başa çatdırılmış, bununla da mərkəzi ATS-ləri tam elektron olan rayon və şəhərlərin sayı 54-ə, telefon şəbəkələri tam elektron olan rayon və şəhərlərin sayı 29-a çatmışdır. İlin sonuna qədər birliyimizin şəbəkəsi üzrə elektronlaşdırılma səviyyəsini 100%-ə çatdırmağı qarşımıza məqsəd qoymuşuq, inanıram ki, kollektivimiz daxili imkanlarını səfərbər edib bu vəzifənin də öhdəsindən uğurla gələcəkdir.
Bu yaxınlarda Sumqayıt şəhər telefon şəbəkəsi yeni nəsil şəbəkə (NGN) texnologiyası əsasında rekonstruksiya olunmuş, tutumu 5284 nömrə artırılmışdır. Bununla da, Sumqayıt şəhərində ən müasir tələblərə cavab verən rabitə şəbəkəsi qurulmuş, ənənəvi rabitə xidmətləri ilə yanaşı, İP TV, İP telefon, "Triply play" və s. multi media xidmətlərinin və informasiya texnologiyalarının dəstəklədiyi digər yeni xidmətlərin göstərilməsi imkanı yaradılmışdır.
Hələ 2007-ci ildə Şamaxı rayon mərkəzi və kənd yaşayış məntəqələrində pilot NGN şəbəkəsinin yaradılması layihəsi özünün əhəmiyyətinə görə, xüsusilə, mühüm yer tutur. "Elektron Azərbaycan"ın kiçik bir modeli olan "Elektron Şamaxı" layihəsinin həyata keçirilməsi Şamaxı rayon telefon şəbəkəsinin müasir NGN texnologiyası əsasında yenidən qurulmasını təmin etmiş, Şamaxı rayon mərkəzində və kənd yaşayış məntəqələrində informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi üçün mühüm infrastruktur yaratmışdı. 2009-cu ildə isə Abşeron rayon telefon şəbəkəsi NGN texnologiyası əsasında yenidən qurulmuş, şəbəkənin tutumu 14508 nömrə və ya 45,5% artırılaraq 46412 nömrəyə çatdırılmış, rayonun Masazır, Novxanı, Fatmayı, Saray ATS-lərinin birləşdirici xətləri fiber-optik kabellər vasitəsilə təşkil olunmuşdur. Xırdalan şəhərində və rayonun kənd yaşayış məntəqələrində ən müasir tələblərə cavab verən rabitə şəbəkəsi qurulmuşdur. Hazırda Gəncə və Göyçay telefon şəbəkələrinin NGN texnologiyası əsasında rekonstruksiya olunması istiqamətində işlər davam etdirilir. Bu günə "Aztelekom" İstehsalat Birliyi üzrə şəbəkə tutumunda NGN avadanlıqlarının xüsusi payı 13%-i keçmişdir.
- Bəs yerlərdə internetdən istifadənin vəziyyəti necədir?
- Əhalinin daha geniş kütlələri üçün internetdən istifadəni sadələşdirmək istiqamətində mütəmadi aparılan tədbirlərin tərkib hissəsi olaraq "Aztelekom.Net" internet provayderi MDB məkanında ilk dəfə olaraq internetə "parol"suz giriş imkanı verən xidmətin tətbiqini uğurla həyata keçirdi. Tətbiq olunan xidmətin əsas üstünlüyü, ilk növbədə, istifadəçilər üçün rahat, sadə, etibarlı və ən başlıcası, vaxt itkisinin qarşısını almağa imkan verən internet xidmətinin təşkilidir. Belə ki, "178 - "parol"suz İnternet" xidmətinin istifadəçiləri internetə qoşulmaq üçün müqavilə bağlamaq və ya internet kartlarını əldə etmək məcburiyyətindən azaddırlar ki, bu da, öz növbəsində, həm vaxta qənaət, həm də telefon xətti olan istənilən yerdən internetə çıxış imkanının olması baxımından əlverişlidir. Dəqiqələrə görə hesablanan xidmət haqqı abunəçinin ünvanına göndərilən ümumi ödəniş qəbzində nəzərə alınır və bu zaman qəbzdə istiqamət üzrə kod əvəzinə "178" - internet servis kodu qeyd olunur. 178 xidmətinin istifadəçilərinin sayı regionlarda artıq on min nəfərlərlə ölçülür.
Bundan əlavə, yerlərdə TKQ-lər üzrə genişzolaqlı internet xidmətindən yararlanan abunəçilərin sayı 6 mindən artıqdır və bu tip qoşulma üzrə tələbat gündən-günə artır.
- Məhəmməd müəllim, məlum olduğu kimi, bu ilin yaz aylarında Kür və Araz çaylarının daşması ilə bağlı baş vermiş təbii fəlakət nəticəsində bəzi bölgələrdəki yaşayış məntəqələrində telekommunikasiya qurğularına ciddi ziyan dəymişdir. Dəymiş ziyanın miqyası haqqında nə deyə bilərsiniz?
- Qeyd etdiyiniz kimi, 2010-cu ilin may ayında Kür və Araz çaylarının daşması ilə bağlı baş vermiş təbii fəlakət nəticəsində Sabirabad, Saatlı, Salyan, İmişli, Hacıqabul, Zərdab və Neftçala rayonlarının sahil zolağında yerləşən yaşayış məntəqələrində telekommunikasiya qurğularına da ziyan dəymişdi. Baş vermiş təbii fəlakət nəticəsində Sabirabad rayonunda 3 kənd EATS-nin (Mürsəlli, Ulacalı və Qasımbəyli) bina, stansiya və xətt qurğuları, bu EATS-lərdən telefonlaşdırılmış Bulduq və Şıxlar kəndlərinin daxili xətt qurğuları, 7 kənd ATS-nin isə birləşdirici xətləri və daxili xətt şəbəkəsi su altında qalmış və yararsız vəziyyətə düşmüşdür. Saatlı rayonunda isə 2 kənd ATS-nin (Nərimanabad və Novruzlu) stansiya və xətt qurğuları sıradan çıxmışdı. Bunlardan başqa, Salyan rayon mərkəzi EATS-nin sahil zolağında yerləşən yaşayış massivində və 4 kənd ATS-inin xidmət ərazisində xətt qurğuları, İmişli rayonunun 4 kənd EATS-nin (Məmmədli, Telişli, Xoşçobanlı və Qaravəlli) bina, avadanlıq və xətt qurğuları, Hacıqabul rayonunun Meynəman kənd EATS-inin bina, stansiya, xətt qurğuları və birləşdirici FO kabeli, Zərdab rayon mərkəzi EATS-inin və 5 kənd ATS-nin birləşdirici və daxili xətt qurğuları, Neftçala rayonunda 4 kənd EATS-nin birləşdirici xətt qurğuları, Şirvan- Sabirabad, Salyan-Biləsuvar və İmişli-Cəbrayıl köçkün şəhərciyi arasında Beynəlxalq və Şəhərlərarası Fiber - Optik kabeli və rabitə qurğuları da su altında qalaraq yararsız vəziyyətə düşmüşdü.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 9.06.2010-cu il tarixli 96 saylı əmri ilə yaradılmış komissiya tərəfindən Kür və Araz çaylarının daşması ilə bağlı təbii fəlakət nəticəsində Sabirabad, Saatlı, Salyan, İmişli, Hacıqabul, Zərdab və Neftçala rayonlarının sahil zolağında yerləşən yaşayış məntəqələrində telekommunikasiya qurğularına dəymiş ziyanın inventarizasiyası aparıldı. Buna paralel olaraq komissiya tərəfindən dəymiş ziyanın miqdarı barədə akt tərtib olundu və bərpası üçün təqribən 2 milyon manat vəsait tələb olunduğu müəyyənləşdirildi.
- Hazırda bu sahəyə dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işlər hansı mərhələdədir?
- Bərpa işləri artıq başa çatıb. Nazirlər Kabinetinin 9.07.2010-cu il tarixli 197 saylı sərəncamının 11-ci bəndi ilə təbii fəlakət nəticəsində zədələnmiş və ya dağılmış rabitə xətlərinin, bina və qurğuların bərpası və ya yenidən tikilməsi, həmçinin, Araz çayının yeni məcrasına düşən rabitə xətlərinin köçürülməsi işləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilmişdi. Nazirlik tərəfindən isə, sərəncamın icrası ilə bağlı nəzərdə tutulmuş işlərin 2 ay müddətində başa çatdırılması üçün göstəriş verilmişdi. Göstərişin icrasına müvafiq olaraq "Aztelekom" İB tərəfindən ayrı-ayrı TKQ-lərdə təbii fəlakət nəticəsində rabitə və xətt qurğularına dəymiş ziyanın aradan qaldırılması məqsədilə hazırlanmış tədbirlər planına uyğun olaraq Sabirabad rayonunda baş vermiş təbii fəlakət nəticəsində rabitə qurğularına dəymiş ziyan əsasən aradan qaldırılmış və hazırda Minbaşı, Surra, Axıska, Ulacalı Mürsəlli, Şıxlar kənd ATS-lərinin daxili xətt qurğularının tam bərpası üçün müvafiq işlər davam etdirilir. Yalnız əhalisi hələ məskunlaşmamış Qasımbəyli kəndindən su tamamilə çəkildikdən sonra bərpa işləri təmin olunacaqdır.
Bundan əlavə, Saatlı rayonunun Nərimankənd EATS-nin bina, stansiya avadanlıqları bərpa olunmuş, daxili xətt şəbəkəsinin bir hissəsində bərpa işləri davam etdirilir. Novruzlu kəndi isə hazırda su altında olduğundan bərpa işləri aparılmamışdır. Eyni zamanda, Salyan rayon mərkəzi EATS-nin sahil zolağında yerləşən yaşayış massivində və kənd ATS-lərinin xətt qurğuları bərpa edilmişdir. Həmçinin, Hacıqabul rayonunun Meynəman kənd EATS-i müvəqqəti olaraq yeni binaya köçürülmüş, daxili xətt şəbəkəsi bərpa olunaraq rabitənin normal işi təmin olunmuşdur. Zərdab rayonuna gəlincə isə, rayonun mərkəzi EATS-inin və 4 kənd ATS-inin birləşdirici xətləri bərpa olunmuşdur. Əlvənd kənd ATS-nin birləşdirici xəttinin bərpası istiqamətində işlər davam etdirilir. Neftçala rayonunda da 4 kənd EATS-nin birləşdirici xətt qurğuları daxili imkanlar hesabına bərpa edilmişdir.
Onu da qeyd etmək istəyirəm ki, Şirvan- Sabirabad, Salyan-Biləsuvar və İmişli-Cəbrayıl köçkün şəhərciyi arasında təbii fəlakət nəticəsində yararsız hala düşmüş Beynəlxalq və Şəhərlərarası Fiber - Optik kabelləri və rabitə qurğuları "Aztelekom" İB-nin daxili imkanları hesabına bərpa edilmişdir. Bununla yanaşı, Araz çayının yeni qolunun məcrasına düşən Salyan-Biləsuvar rayonları ərazisində TAE xəttinin su altında qalacağını nəzərə alaraq, 1,5 km məsafədə hava rabitə xətti ilə FO kabeli çəkilmişdir.
Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl köçkün şəhərciyinə İmişli rayon mərkəzi EATS-dən çəkilmiş FO kabelinin su altında qalması nəticəsində yararsız vəziyyətə düşdüyünə görə, alternativ olaraq İmişli-Cəbrayıl köçkün şəhərciyi arasında 4 portluq RRL avadanlığı quraşdırılmış və suyun səviyyəsi düşdükdən sonra FO kabeli bərpa edilmişdir.

Digər xəbərlər