Ermənistan vahimə içindədir
- Elman müəllim, Ermənistan parlamentində Dağlıq Qarabağdakı qondarma rejimin "müstəqilliyinin" tanınması ilə bağlı yenidən məsələ qaldırılıb. DQ-dəki qondarma rejimin "müstəqilliyinin" tanınması ilə bağlı məsələnin indiki mərhələdə yenidən qaldırılmasında məqsəd, sizcə, nə ola bilər?
- Əgər Ermənistan parlamentində Qarabağdakı cinayətkar və separatçı rejimin tanınması ilə bağlı məsələ müzakirəyə çıxarılsa, bu, təəccüblü olmayacaq. Ona görə ki, orada qurum adında nə varsa, əslində, bu, bir qrup cinayətkarın terrorçu dəstəsidir, Bu terrorçu dəstə Ermənistan dövləti və onun havadarları tərəfindən yaradılıb və dəstəklənir. Bu gün Ermənistana prezidentlik edən Serjik də, ondan qabaqkı prezident Robert Köçəryan da həmin cinayətkar dəstənin başçılarından biri olublar və bu gün də cinayətkarlıqlarını davam etdirirlər. Ancaq məsələ burasındadır ki, bundan sonra onlar heç nəyə nail ola bilməyəcəklər. Çünki bu qondarma rejim Azərbaycanın ərazisindədir və separatçıdır. Heç bir beynəlxalq təşkilat və xarici dövlət tərəfindən tanınmır. Təbii ki, bu yaxınlarda da, o, qurumun aqibətini Azərbaycan dövləti öz Konstitusiyasına, qanunlarına istinad edərək, əməli fəaliyyət göstərməklə son qoyacaq. Bu yaxınlarda BMT Baş Assambleyasının 65-ci sessiyasında həm Dağlıq Qarabağla bağlı məsələ müzakirə olunacaq, həm də GUAM məkanında həlli uzanan münaqişələrin aqibəti ilə bağlı məsələ də müzakirəyə qoyulacaq. Ermənilər, təbii olaraq, BMT Baş Assambleyasından növbəti dəfə zərbələr alacaqlar. Çünki artıq BMT Baş Assambleyası da da bu məsələdə öz sözünü deyir. Avropa Şurası da, ATƏT də, öz sözlərini deməyə başlayıblar. Düzdür, o qədər kəsərli demirlər. Deyirlərsə də, arxasında durmurlar. Dedikləri bir tərəfdə qalır, əməlləri o biri tərəfdə. Xüsusən də, Rusiyanın son bir-iki ayda olan addımlarının bizə qarşı olduğu gizli deyil. Rusiya bizə qarşı tək elə 20-ci əsrin sonunda aqressiv olmayıb, elə iyirminci əsrin əvvəlində də ruslar bizim torpaqlarımızı alıb, orada Ermənistan dövlətini yaradıblar. Bu gün də onlar işğalçılıq niyyətindən əl çəkmirlər. Kollektiv Təhlükəsizlik Təşkilatının üzvlərinin Yerevana səfəri zamanı yaradılan şou da, Medvedevin səfəri zamanı görüntülənən kadrlar da Rusiyanın işləri idi. Ermənistanda Rusiyanın 100 minlik ordusu, silahı, texnikası var. İndi Rusiya Ermənistan dövlətinin təhlükəsizliyini də öz üzərinə götürüb. Bunlar hamısı Azərbaycana qarşı təzyiq vasitələridir.
- Rusiya bir tərəfdən Minsk Qrupunda həmsədr dövlətdir. Digər tərəfdən Ermənistanı hərbi və siyasi baxımdan dəstəkləyir və bu ölkənin müdafiəsini də öz üzərinə götürüb. Eyni zamanda, Azərbaycanın da Cənubi Qafqazda strateji partnyoru olduğunu bəyan edir. Paradoksial mənzərə deyilmi?
- Siz tamamilə doğru deyirsiniz. Mən əvvəldən də Minsk Qrupunun formatı ilə razılaşmamışam. Ancaq bir məsələ də var ki, bizim başqa əlacımız da yoxdur. Əgər həmsədrlik dünyada söz sahibi olan, münaqişələrin həllinə təsir edən bu ölkələrdən alınıb, gücü onlardan az olan başqa dövlətlərə verilsə, onlar da heç bir iş görə bilməyəcəklər. Çünki bu böyük dövlətlər imkan verməyəcəklər ki, həmin ölkələr nəsə etsinlər. Ona görə də, onların əməllərini, riyakarlıqlarını, ermənilərin işğalını dəstəklədiklərini bilə-bilə, bir növ onların boynuna yük qoyuruq ki, bu problemin həllində sizdən kömək gözləyirik. Ancaq Rusiyanın mövqeyi həmişə hamıya aydındır. Cənubi Qafqazda uzun illərdir yaradılmış münaqişələrin həllinin uzadılmasında bir neçə maraqlı tərəf varsa, o tərəflərdən birincisi Rusiyadır. Rusiya DQ problemini açıq saxlamaqla Cənubi Qafqazda öz nəzarətini, gücünü artırmaq fikrindədir. Artıq regionda olan üç dövlətdən ikisi Rusiyanın nəzarətindən çıxıb. Rusiyanın nəzarətində Cənubi Qafqazda yalnız onun "forpostu" olan Ermənistan qalıb. Rusiya Ermənistanı silahlandırmaqla, onu həm də əlində alət kimi saxlayır. Ona görə də Rusiya prezidentinin indiki mərhələdə Azərbaycana səfər etməsi də maraqlıdır. Rusiya Azərbaycanla ən uzun quru, su və hava sərhədinə malik böyük bir qonşu dövlətdir. Rusiyanın bizə münasibətindən asılı olmayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının rəhbəri kimi, həmişə bəyan edib ki, biz Rusiya ilə qarşılıqlı əməkdaşlıq, dostluq, tərəfdaşlıq mövqeyimizi saxlayırıq. İstəyirik ki, əlaqələrimiz daha da yaxşı olsun və daha da güclənsin. Bu Azərbaycanın mövqeyidir. Azərbaycan öz sözünün səmimiliyini həmişə əməlləri ilə sübut edib. Çox istərdik ki, Rusiya da bizə qarşı belə mövqedə olsun.
- Elman müəllim, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu dəfə də BMT Baş Assambleyasında Azərbaycana qarşı çıxmasını gözləyirsinizmi?
- Bir müddət əvvəl həmsədrlər Bakıya gələndə, DQ-nin Azərbaycan icması olaraq biz həmsədrlərlə görüşəndə, mən onlara sizin dediklərinizi tam xırdalığı ilə çatdırdım. Axı, həmsədr dövlətlərin mövqeyi necə ədalətli sayıla bilər ki, onların əməlləri Ermənistanın dəstəkləməsinə yönəlib. Bundan əvvəl BMT Baş Assambleyasında Dağlıq Qarabağla bağlı məsələ müzakirə olunanda, həmsədrlər bizə qarşı o qədər düşmən mövqeyində oldular ki, hətta əleyhimizə səs verdilər. 1992-ci ildən bu günə qədər ABŞ dünyanın heç bir dövləti, heç bir təşkilatı tərəfindən tanınmayan Dağlıq Qarabağdakı terrorçu quruma maliyyə yardımı edir. Bir tərəfdən deyir ki, mən dünyada terrorçuluğa qarşı mübarizə aparıram, o biri tərəfdən isə, gəlib burada terrorçunu dəstəkləyir. Maliyyə yardımı verib, onu yaşadır. Rusiyanın böyük bir ordusu ən müasir silahlarla otrub Ermənistanda. Erməni əsgərinin yediyi çörək də Rusiyanındır, istifadə etdiyi silah da rus silahıdır. Xocalı soyqırımında Rusiyanın böyük bir alayı iştirak edib, bu ölkə necə ədalətdən danışa bilər. Fransa da, həmçinin. Yəni bu ölkələrin ədalətindən, səmimiyyətindən danışmağa dəyməz. Onların hər biri Cənubi Qafqazda maraqlarını təmin etmək üçün öz aralarında razılığa gələ bilmirlər.
- Danışıqların bundan sonrakı perspektivini necə görürsünüz? Limit bitib, yoxsa hələ də müəyyən imkanlar qalır?
- Danışıqlar davam etməlidir. Biz danışıqların davam etməsinin əleyhinə deyilik. Bu, mənim şəxsi düşüncəmdir. Ancaq bir şərtlə ki, ermənilər növbəti dəfə danışıqları pozmasınlar və havadarlarından aldıqları təlimatlar əsasında keçən dəfə razılaşdırılmış məsələləri gələn dəfə gündəmdən çıxarmasınlar. Azərbaycan danışıqlar prosesi gedə-gedə Qarabağdakı terrorçulara hərdən babat bir sillə vurmalıdır. Azərbaycan bu məsələdə heç kimdən - nə BMT-dən, nə də ATƏT-dən icazə almalı deyil. Ona görə ki, Azərbaycan heç bir başqa dövlətlə müharibə etmir. Öz ərazisində olan separatçı və terrorçu qrupun ləğv olunması ilə bağlı əməliyyatlar keçirsin. Necə ki, neçə illərdir Rusiya Şimali Qafqazda antiterror əməliyyatları keçirir və buna görə heç kim Rusiyaya heç nə deyə bilmir. Azərbaycan da belə bir addım ata bilər. Ona görə də, hesab edirəm ki, danışıqlar gedə-gedə də Azərbaycan başqa istiqamətdə əməli işlərini ortaya qoymalıdır. Belə hiss edirəm ki, artıq biz bu mərhələyə yaxınlaşırıq.