PDF Oxu

Müsahibə

  • 14

Ermənistan Rusiyanın quberniyasına çevrilir

Ermənistan Rusiyanın quberniyasına çevrilir
- Zahid müəllim, Gürcüstanla Azərbaycanın konfederasiya yaratması müzakirə edilən məsələyə çevrilibdir. Bu konfederasiyanın yaradılması nə dərəcədə realdır?
- Gürcüstan və Azərbaycan münasibətləri ötən dövr ərzində müəyyən bir səviyyədə inkişaf edib, milli maraqlar və qarşılıqlı addımlar sayəsində hər iki dövlət daha yaxından əməkdaşlığa nail ola bilmişlər. Bu, bütün sferalarda özünü göstərib. Azərbaycanın və Gürcüstanın beynəlxalq arenada özünə tərəfdaş tutduğu ölkələrlə də xeyli əməkdaşlıq məsələsi formalaşıbdır. Bununla yanaşı, hal-hazırda Türkiyə regionda həm Gürcüstan, həm də Azərbaycan vasitəsilə özünün böyük geosiyasi planlarını və maraqlarını reallaşdırmaqdadır. Digər tərəfdən Azərbaycan və Gürcüstan dövləti ərazi problemi yaşayan ölkələrdir. Xüsusilə də, nəzərə alsaq ki, 1990-cı illərin əvvəllərində başlayan proses hər iki ölkədə sanki bir ssenari əsasında cərəyan etmişdir. Burada xarici təsirlər, xüsusilə də, Rusiyanın hərbi, sənaye kompleksi və siyasi elitası hər iki ölkənin ərazisinin işğalında maraqlı olmuş və bu vasitə ilə Cənubi Qafqazda öz məkrli planlarını reallaşdırmağa çalışmışlar. Həmin imperiya çöksə də, amma imperiyanın maraqları hələ də yaşamaqdadır və təəssüflər olsun ki, müasir Rusiyanın da siyasətində də bu əlamətlər özünü bir sıra hallarda qabarıq göstərmiş olur. Milli münaqişələr məsələsi Azərbaycan və Gürcüstanı beynəlxalq miqyasda birgə hərəkət etməyə sövq edir. BMT çərçivəsində həll olunmamış məsələlərdə Gürcüstan və Azərbaycan vahid bir xətlə hərəkət edirdilər.
- GUAM-ın yaranması ilə iki ölkənin əlaqələrinin gücləndirilməsi və xarici siyasət məsələlərində bir-birinə dəstək vermə imkanları nə dərəcədə qənaətbəxşdir?
- GUAM-ın gələcək perspektivi və perspektivsizliyindən çox danışılır. Lakin bir fakt yerində qalır ki, ötən dövr ərzində bu qurum müəyyən bir səviyyədə əməkdaşlıq mərkəzinə çevrilməklə bura daxil olan dövlətlərin maraqlarını da təmin etmiş oldu. Xüsusi olaraq, bu sırada Gürcüstan və Azərbaycan mühüm yer tuturdu. Lakin etiraf etmək lazımdır ki, Gürcüstanın siyasi təmsilçiləri Azərbaycan qədər onun ərazi bütövlüyünün və digər problemlərinin müdafiəsində iştirak etmirlər. Bu isə, ona sübutdur ki, Gürcüstan tərəfi bunun Ermənistanla münasibətlərinə ağır zərbə vuracağının fərqindədir və ona görə də xeyli ehtiyatlı bir davranış sərgiləyir. Bu məsələnin özü təəssüf doğurur. Gürcüstanda yaşayan azərbaycanlıların müəyyən problemləri var və Azərbaycan hələ də onların sosial ağırlığını bir sıra hallarda çiyinlərində daşıyır. Bu da sübut edir ki, Gürcüstan bir dövlət olaraq hələ öz öhdəliklərini bütövlükdə yerinə yetirmir. Bununla belə, oradakı azərbaycanlılar müəyyən hallarda laqeyd münasibətlərin şahidi olurlar. Bu isə, yolverilməzdir. Azərbaycan parlamentariləri olaraq, hər zaman bu məsələni gündəmə gətiririk. Konfederasiya məsələsi xeyli ehtiyatlı və regionda kifayət qədər rezonans doğuracaq bir hadisədir. Çünki konfederativ birlik modeli keçmişdə sınaqdan çıxarılıbdır. Hətta ötən əsrin əvvəllərində də Zaqafqaziya seymi, əslində, bir konfederasiya modeli idi. Amma bu, çox uzun sürmədi. Çünki fərqli maraqlar, geosiyasi oriyentasiyalar müxtəlif idi və iqtisadi imkanlar bir-birindən fərqlənirdi,əhalinin sayı və təmsilçilik normaları məsələlərində uzlaşma tapmaq çox çətin idi. Bir sıra hallarda Gürcüstan tərəfindən səslənmiş bu fikrin nə qədər xoş mərama dayandığını qeyd etməklə bərabər, bu məsələnin reallıqda tətbiqi və həyata keçirilməsi bölgədə siyasi xəritənin dəyişməsinə və bu regionda maraqları olan dövlətlərin, xüsusilə də, mənfi maraqları olan dövlətlərin ciddi təsir və təzyiqlərinə səbəb ola bilər. Bu səviyyədə fəaliyyət yetər ki, iki ölkə öz maraqlarını birgə müdafiə etsin. Daha yaxından əməkdaşlıq etməyi isə gələcək göstərər.
- Ermənistanın müdafiə nazirinin Azərbaycanın Dağlıq Qarabağda keçirəcəyi hərbi əməliyyatlara Rusiya ilə birgə cavab verəcəklərini bildirməsinə münasibətinizi bilmək maraqlı olardı?
- Ermənistan yalnız Rusiya tərəfindən belə geniş himayə olunur. Bütövlükdə, Ermənistan, həqiqətən də, satın alınmışdır və onun qiyməti siyasi bazarda konnekturadan asılı olaraq, dəyişməkdədir. Bəzən Rusiya çalışır ki, Ermənistanı baha satsın, siyasi kart kimi meydanda Ermənistandan yararlansın və s. Hazırkı gerçəklikdə Ermənistanın malik olduğu silah kütləsi, həqiqətən də, bir dövlətin sadəcə öz təhlükəsizliyini qorumasını aşmışdır. Ermənistan özünün imkanlarından qat-qat artıq silah cəbbəxanasına çevirib. Bu isə, başlıca olaraq NATO-nun Şərqə doğru genişlənmə planına qarşı Rusiyanın formalaşdırdığı bir plastarmdır. Bütün bunlardan Seyran Ohanyan öz daxili maraqları üçün istifadə edir. Baxmayaraq ki, silah kvotaları Rusiya tərəfindən çox kəskin şəkildə pozulubdur, amma bu ölkə istəyir ki, regiona Qərbin hərbi cəhətdən gəlişinin qarşısını alsın. Budur məsələnin mahiyyəti, çünki bu xarici amilə hesablanıbdır və s. Ohanyan isə ölkəsinə qarşı olan təzyiqləri Azərbaycana qarşı yönəltməyə çalışır. Gəlin görək Rusiya bu mövqeni bölüşürmü? Deyərdim ki, yox. Rusiyayla Azərbaycan münasibətləri normal inkişaf etməkdədir. Azərbaycan milli maraqları çərçivəsində çalışır ki, Rusiya - Ermənistan əlaqələri Azərbaycanın əleyhinə çevrilməsin. Çünki bunun ağır nəticələrini keçmişdə yaşamışıq. Ona görə də Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı dərhal Rusiyanın hərbi qüvvələrinin gəlib Azərbaycan əleyhinə vuruşacağını düşünmək S.Ohanyanın dayaz təfəkkürünün məhsuludur.
- BMT Baş Assombleyasının 65-ci sessiyasında Ermənistana qarşı yeni bir qətnamənin qəbul edilməsi nə dərəcədə mümkündür?
- Bu istiqamətdə Azərbaycanın çalışmaları davam edir. Hər bir halda, BMT müstəvisindəyik. Şübhəsiz ki, Ermənistan Azərbaycanın bu addımlarından rahatsızdır. Azərbaycan BMT-nin istənilən toplantılarında Dağlıq Qarabağ məsələsi, dondurulmuş münaqişələrlə bağlı digər dövlətlərlə birgə ciddi işləyir. Qəbul olunmuş xeyli sənədlər var ki, onun bazasında Azərbaycan növbəti addımını ata bilir. Bu isə, özlüyündə beynəlxalq ictimai fikrin formalaşmasına və Azərbaycanın gələcəkdə daha qətiyyətli addımlar atmasına zəmin yaradardı.

Digər xəbərlər