Eynulla Fətullayevdən alət kimi istifadə edilir
- Rəbiyyət xanım, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Bəyənnamənin qəbulunun ildönümüdür. Milli Məclis tərəfindən qəbul olunan bu bəyənnamənin Azərbaycanın müstəqillik tarixi üçün əhəmiyyətini və rolunu necə xarakterzə edərdiniz?
- Hər bir xalqın əldə etdiyi ən böyük uğur onun müstəqilliyidir. Ulu öndərimiz Heydər Əliyev müstəqilliklə bağlı demişdir:"Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir". Müstəqilliyin əldə olunması Azərbaycan xalqının böyük, tarixi bir qələbəsi idi və Azərbaycan xalqı buna nail oldu. Müstəqilliyi əldə etdiyimiz gündən keçən bütün bu illər ərzində uğuru, qələbəni təsdiq etmək üçün Azərbaycan xalqı çox böyük qüvvə sərf etdi. Azərbaycanın keçdiyi bu tarixi yola nəzər salaraq, demək olar ki, xalqımız hər zaman özünün təsdiq anını yaşadı və bu gün o müstəqilliyin uğurları göz önündədir. Azərbaycanın adının dünyanın qüdrətli dövlətləri ilə bir sırada çəkilməsi, vətəndaşlarının dünya xalqları arasında mübarizliyi, mərdliyi, intellekti, bilik və bacarığı ilə seçilməsi müstəqilliyin əldə etdiyi uğurların nəticəsidir. Bu gün hər bir Azərbaycan vətəndaşı bu müstəqilliyin daimi, əbədi olması üçün öz qüvvəsini səfərbər etməlidir. Anlamalıyıq ki, Azərbaycanın təkcə regionda deyil, bütövlükdə, dünyada qüdrətli dövlət kimi yerinin möhkəmlənməsində hər bir Azərbaycan vətəndaşının üzərinə məsuliyyət düşür.
- Rəbiyyət xanım, vətənə xəyanətdə ittiham edilərək məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilən "Gündəlik Azərbayacan" qəzetinin baş redaktoru Eynulla Fətullayev ətrafında spekulyasiyalara yol verilir, siyasi şoular yaradılır. Sizcə, bununla daxili və xarici qüvvələrin istəyi nədir?
- Destruktiv qüvvələr başa düşməlidirlər ki, hər şey Azərbaycanda qanunla tənzimlənir. E. Fətullayev ətrafında hansısa bir şou yaratmağa ehtiyac yoxdur. E. Fətullayev öz əməlinin cəzasını alır və bu cəzaya görə də həbsxanadadır. E. Fətullayevin ətrafında şou yaradan insanlar Azərbaycanın mövcud olan imicinə təsir edə bilməzlər. Çünki Azərbaycan dünyada öz durumunda, iqtisadi tərəqqisində, sosial inkişafında, insan hüquqlarının qorunmasında əldə etdiyi uğurlara görə özünü təsdiq etmiş bir dövlətdir. Bununla əlaqədar olaraq, Azərbaycanda daxili siyasi sabitliyə hansısa bir xələl gətirmək arzusunda olan insanlar anlamalıdırlar ki, bütün bunlar uğursuz cəhdlərdi və belə cəhdlər dövlətimizin imicinə təsir edə bilməz.
- Xüsusilə, müxalifət liderləri Eynulla Fətullayev faktorundan istifadə edərək, hay-küy yaradırlar. Müxalifətin ucuz şoulara ümid bağlamalarını nə ilə izah etmək olar?
- Müxalifət həmişə çalışıb ki, hansısa bir fakordan istifadə edib gündəmdə qalsın. E.Fətullayev faktoru isə, çox ucuz və uğursuz bir faktordur. Əgər onlar E.Fətullayevin fəaliyyətinə haqq qazandırmaq arzusundadırlarsa, bu, həmin müxalifətin nə qədər cılız olduğunu sübut edən bir məqamdır. Çünki müxalifət, ilk növbədə, bir şeyi anlamalıdır ki, onlar hansısa ideyaya müxalif ola bilərlər, amma dövlətə, dövlətçiliyə müxalif olmaq yolverilməzdir. Azərbaycan dövlətçiliyinin qüdrəti, sabahı, inkişafı hər bir kəsin mühüm vəzifəsi olmalıdır. Öz dövlətinə, xalqına qənim kəsilən bir insanı müdafiə etmək, müxalifətə şərəf gətirməz.