PDF Oxu

Müsahibə

  • 8

"Dünyanın heç bir yerində ödənişsiz əsasda seçki kampaniyasının aparılması mexanizmi yoxdur"

"Dünyanın heç bir yerində ödənişsiz əsasda seçki kampaniyasının aparılması mexanizmi yoxdur"
- Rusiya hərbi bazasının Gümrüdə qalma müddətinin uzadılması barədə Rusiya ilə Ermənistan arasında imzalanan protokolu Azərbaycana edilən təzyiq kimi qiymətləndirmək olarmı?
- Rusiya hərbi bazasının Gümrüdə qalma müddətinin uzadılması barədə Rusiya ilə Ermənistan arasında imzalanan protokolu əslində, Cənubi Qafqazda olan münaqişələri yenidən qızışdıran faktor kimi qəqləmə vermək olar. Ümümiyyətlə, bu formada ortaya qoyulan sənəddən region ölkələrinə qarşı müəyyən təzyiq vasitəsi kimi istifadə oluna bilər. Yəni Rusiyanın özü Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədr dövlətidir və bu münaqişəni həll etmək əvəzinə, münaqişə edən tərəflərin biri ilə hərbi bazaların saxlanılması haqda müqavilə imzalamaq yolverilməzdir. Bunu Ermənistanla hərbi müqavilənin müddətini uzatmaqla Azərbaycana təzyiq kimi qiymətləndirə bilərəm. Lakin bunların heç biri bizi qorxutmur və çəkindirmir. Çünki Azərbaycanın nizami, güclü ordusu, ayrı-ayrı dövlətlərlə hərbi və digər sahələrdə ikitərəfli müqavilələri var. Azərbaycan beynəlxalq hüquq normalarını əsas götürərək istənilən an işğal altında olan ərazilərini hərbi yolla azad etmək hüququna malikdir.
- Azərbaycanın NATO-ya inteqarsiya etdiyi bir vaxtda onun Ermənistanda təlim keçməsi və müvəqqəti də olsa Türkiyə-Ermənistan sərhədlərini açmaq istəməsi nəyin göstəricisidir və Azərbaycan bununla bağlı hər hansı bir addım atmalıdırmı?
- Ümumiyyətlə, NATO-nun Azərbaycana və Ermənstana yanaşma tərzi düzgün deyil. Biz bu məsələni Avropa Şurasında da ortaya qoymuşduq. Azərbaycan 300-dən artıq NATO proqramlarında iştirak edir, Ermənistan iştirak etmir. Buna eyni dərəcədə yanaşmaq olmaz. NATO dövlət başçılarının toplantılarına Ermənistan prezidenti qatılımır, Rusiyanın icazəsi olmadan orda iştirak edə bilmir. NATO Parlament Assambleyasında dəfələrlə Cənubu Qafqaz ölkələrinin prezidentlərinin çıxışı olub. Heç vaxt Ermənistan prezidenti burda çıxış etməyib və ümumiyyətlə, bu tədbirə qatılmayıb. Bu, ümumilikdə onun göstəricisidir ki, NATO-nun da yanaşmasında ikili standartlar mövcuddur. Söhbət üç Cənubi Qafqaz dövlətindən gedirsə, bu gün bunların ikisi - Gürcüstan və Azərbaycan NATO-ya inteqirasiya və NATO ilə əməkdaşlıq edir, Ermənistan isə bu proqramdan tamamilə kənarda qalır. Onun NATO ilə əlaqələri həddindən artıq aşağı səviyyədədir. İstər ordu quruculuğunda, istər silahlanmasında, istərsə də digər vasitələrdə. Ona görə də bu cür yanaşma, mənə elə gəlir ki, yersizdir. O ki, qaldı Azərbaycanın bununla bağlı atdığı addımlara, bilirsiz ki, Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri gözlənilir və səfər zamanı bununla bağlı danışıqlar olacaq. Təbii ki, hər bir dövlət özünə tərəfdaş seçməkdə müstəqildir, yəni o heç kəsdən icazə alıb hərbi müttəfiq, ya da siyasi müttəfiq seçmir, amma bu müttəfiqliyin üçüncü bir dövlətə ziyanı olmamalıdır. Yadınızdadırsa, vaxtilə Azərbaycan Prezidenti İlham Əliyev elan etdi ki, İrana qarşı hər hansı bür müdaxilə olunacaqsa, Azərbaycanın ərazisindən istifadə olunmayacaq. Bu artıq nümunədir. Hər bir halda Rusiya da belə bir bəyanat verməlidir ki, sabah Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla və ya digər yolla təmin etmək istəyərsə, o zaman orada olan Rusiya ordusu və silahlı qüvvələrindən bu məsələ ilə bağlı istifadə oluna bilməz.
- Azərbaycanın Hərbi Doktrinası ölkəmizdə hər hansı bir ölkənin hərbi bazasının yerləşdirilməsinə imkan versə də, hələ ki, ölkəmizdə heç bir hərbi baza yoxdur. Bunun haqqında hər hansı bir təklif olarsa bu ölkəmizə nə vəd edə bilər?
- Azərbaycan bir dəfə bəyan edib ki, ərazisində heç bir dövlətin hərbi bazası yerləşdirilmir. Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət aparır. Bizim ikitərəfli, ayrı-ayrı dövlətlərlə hərbi, siyasi əməkdaşlıq haqqında müqavilələrimiz var və bu müqavilələr əsasında biz işimizi dəvam etdiririk. Buna Türkiyə, Pakistan kimi dövlətlərlə imzalanan müqavilələri misal gətirmək olar. Biz hər hansı bir bloka qoşulmuruq və bu baxımdan da Azərbaycan ərazisində hər hansı bir dövlətin öz bazasını yerləşdirməsinin tərafdarı deyil. Faktiki olaraq Rusiya bazalarının Ermənistanda olması Ermənistanın müstəqilliyinin tamamilə itirilməsi kimi bir şeydir. ƏgərAzərbaycan NATO-ya üzv olarsa, o zaman ölkəmizdə istər-istəməz NATO-nun bazalarının müəyyən qoşunları yerləşdiriləcək. Bundan əlavə gələcəkdə ikitərəfli müqavilələr əsasında belə bir norma ortaya çıxarsa, o zaman ölkə ərazisində hər baza yerləşdirilə bilər. Elə bu məqsədlədə Hərbi Doktrinada gələcəkdə yaranan hər hansı təhdidlərin qarşısının alınması üçün bir ayaq yeri qoyulub ki, Azərbaycan lazım olan təqdirdə bu hüququndan istifadə edə bilər.
- ATƏT-in Bakı Ofisinin Azərbaycanın siyasi partiyalarının iştirakı ilə təşkil etdiyi dəyirmi masada bəzi müxalif partiya sədrləri dövlət televiziyasında siyasi kampaniyalara icazə verilməməsi ilə bağlı etiraz ediblər. Onlar Azərbaycanda fəaliyyət göstərən televiziyaların müxalifətin fəaliyyətinin işıqlandırmadığını və televiziyalarda sosial reklamlara yer ayrılmadığını da qeyd ediblər. Müxalif partiyalar bu hərəkətləri ilə nəyə işarə edirlər?
- Dünyanın heç bir yerində istər ABŞ, istər Böyük Britaniya, Almaniya olsun dövlət televiziyasında seçki kampaniyası ilə təbliğat getmir. Azərbaycanda bircə dövlət kanalı var, bu da dövlətin keçirdiyi tədbirləri və cəmiyyətdə baş verən hadisələri özündə əks etdirir. Yerdə qalan televiziyalar müstəqil televiziyalardır və ictimai televiziyada da seçki kampaniyası ərəfəsində həm pullu, həm də pulsuz efir vaxtı verilir və hər bir kəsə bərabərəsaslı şərait yaradılır. Digər televiziyalar və ya yazılı KİV ikitərəfli müqavilələr əsasında bununla bağlı yer ayıra bilərlər. İstənilən müstəqil qəzet də ödənişli əsasda bunu həyata keçirə bilər. Dünyanın heç bir yerində ödənişsiz əsasda seçki kampaniyası aparılması mexanizmi yoxdur. Buna görə də biz dünya praktikasına əsasən bu sistemi həyata keçiririk. Dünyada daha çox sosial reklamlara yer ayrılır, amma nədənsə bizdə siyasi reklam haqda düşünürlər. Çünki dünyanın problemi sosial problemdir, siyasi problem deyil. Əksər televiziyalarda sosial reklamlar ucuz və ya pulsuz həyata keçirilməlidir. Buna narkomaniyaya, müəyyən xəstəliklərə qarşı, siqaretin əleyhinə olan reklamlar daxildir. Bu baxımdan mən başa düşə bilmirəm ki, dünyada bu cür kampaniya getdiyi halda Azərbaycanda sosial deyil, siyasi reklamların getməsinə nə ehtiyac var? Hər bir partiyanın qəzeti var və onun istər seçki dövründə, istərsə də sonrakı dövrdə öz təbliğatını aparmaq, reklamını yaymaq ixtiyarı var. Bu ikitərəfli müqavilə əsasında həyata keçirilir və qanunvericilik bazasında bu öz əksini tapır. Sadəcə olaraq həmin partiyalar pulsuz reklam istədiklərinə görə bu cür təkliflərlə çıxış edirlər.

Digər xəbərlər