- Azərbaycanın BMT Baş Assambleyasına göndərdiyi məktubuna uyğun olaraq BMT-nin Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsinə dair növbəti qərar çıxarması nə dərəcədə gözləniləndir?
- Azərbaycan beynəlxalq müstəvidə Dağlıq Qarabağ probleminin həlli üçün çox mühüm addımlar atıbdır. Şübhəsiz ki, Ermənistan Azərbaycanın bu addımlarından rahatsızdır. Onlar bu məsələnin ATƏT kontekstində saxlamağa çalışırlar. Azərbaycanın addımları mahiyyət etibarı ilə problemin ən azından, Ermənistanın beynəlxalq aləmdə ifşasına səbəb ola bilər və beynəlxalq ictimai rəy dəyişdikcə, Ermənistanın ziyanına formalaşdıqca günün birində daha real addımlara çevrilə bilər. Azərbaycan BMT-nin istənilən toplantılarında Dağlıq Qarabağ məsələsi, dondurulmuş münaqişələrlə bağlı digər dövlətlərlə birgə müxtəlif addımlar atıb. BMT-yə göndərilən bu müraciət bir daha sübut edir ki, Azərbaycan məsələnin təkcə bir müstəvidə qalmasına qane olmur. Çünki indiyə qədərki dövrdə ATƏT-in Minsk Qrupu həmsədrləri real addımlar atmaq, təcavüzkara qarşı sanksiya rejimi tətbiq etmək, real, çəkindirici mexanizmləri işə salmaq, beynəlxalq hüquqda mövcud olan məcburi sülhyaratma funksiyasını reallaşdırmaq istiqamətində heç bir iş görməyibdir. Bu isə, açıq desək, ATƏT-in Minsk Qrupuna daxil olan üç ölkənin regiondakı geosiyasi, geoiqtisadi maraqlarını təmin edən bir vəziyyətdir və heç bir halda, bu fəaliyyət Dağlıq Qarabağın həlli üçün hesablanan fəaliyyət deyil. BMT səviyyəsində yeni tərəflərin meydana çıxması Azərbaycanın mövqeyini gücləndirəcəkdir. Avropa Şurasında və digər beynəlxalq təşkilatlar müstəvisində Dağlıq Qarabağda saxta seçkilərlə əlaqədar verilən sərt reaksiyalar Ermənistanın siyasi elitasını xeyli silkələdi. 1990-cı illərin əvvəllərində Azərbaycanın əleyhinə nə qədər qərarlar çıxarılırdı. Bu azmış kimi, siyasi müstəvidə qərarlar səviyyəsində sənədlər üzərində də Azərbaycanın maraqları tapdalanmaqda idi. İndi beynəlxalq ictimai rəyin və hüquqi sənədlərin Azərbaycanın əleyhinə formalaşması günün birində Azərbaycanın ən ciddi addımlarına siyasi zəmin yaratmış olacaq.
- Türk hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi nə dərəcədə mümkündür?
- Hal-hazırkı dönəmdə Rusiyanın Ermənistanla apardığı fəaliyyət, kollektiv təhlükəsizlik müqaviləsi çərçivəsində reallaşdırılan işlər, bilavasitə, Azərbaycanın maraqlarını təhdid edir. Keçmiş dövrdə Rusiyanın Ermənistanı silahlandırmasına qarşı Azərbaycan rəhbərliyi çox kəskin bəyanatlarla çıxış edibdir. Bu silahlandırma, eyni zamanda, Rusiya-Azərbaycan münasibətlərini xeyli zədələmişdi. Ulu öndər Heydər Əliyevin fəaliyyəti Rusiyanın ölkəmizin əleyhinə yönəlmiş sanksiyalarını müəyyən mənada neytrallaşdırdı və bizi Avropaya daha çox bağlamış oldu. İndi regionda Avroatlantik məkana daxil olan ölkələrin çox böyük iqtisadi, siyasi, geoiqtisadi, geosiyasi fonda çəkisi var. Bu, 1990-cı illərdə yürüdülən siyasətin nəticəsində baş veribdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də siyasətində bu xətt üstünlük təşkil edirdi və buna görə də öz təhlükəsizliyimizi geniş bir məkanda qoruya bilirdik. Təkcə Rusiya və İranla münasibətlər əsasında Azərbaycan özünün xarici siyasət kursunu formalaşdırmayıb. Türkiyə Azərbaycanın təhlükəsizlik sistemində keçmiş dövrdə də, indi də birinci yer almaqdadır. Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Türkiyənin hərbi məktəbi xeyli rol oynayıbdır. Bu, açıq-aydın bir məsələdir. Son günlər ərzində cənab Prezidentin Türkiyə rəhbərliyi ilə təhlükəsizliklə bağlı strateji aktın imzalaması da bir daha sübut edir ki, hər iki ölkə öz təhlükəsizlik planlarını birləşdirməkdədir. Çünki hər iki ölkəyə yönələn təhlükələr xaraktercə eynidir. Bu bölgədə Rusiyayla Türkiyə 13 dəfə müharibə aparıbdır. Bunun isə, bir çox ziyanlarını Azərbaycan çəkibdir və Rusiyayla Türkiyə arasındakı provokasiyalar Azərbaycan maraqlarına zərbə endirmək üçün törədilmişdir. Ona görə də Ermənistan Rusiya münasibətləri kontekstində Türkiyə və Azərbaycan hərbi əlaqələrini genişləndirmək zərurəti daha aktuallaşıbdır, amma bunu hərbi bazaların yerləşdirilməsi səviyyəsində görmürəm. Əslində, iki ölkənin sıx dostluğu məhdud bir hərbi baza işindən xeyli geniş bir məsələdir. Azərbaycan Türkiyədə siyasi, iqtisadi, mənəvi, mədəni qardaşlığı təmin edəcək bütün layihələri həyata keçiribdir. Əlbəttə,bu dostluq və qardaşlıq iqtisadi sirlərə bağlı olanda, daha da möhkəm olur. Başqa bəzi dairələr mövcuddur ki, Türkiyəni hansısa formada əzmək istəyirlər. Ona görə də dost ölkə xeyli ciddi və ehtiyatlı bir siyasət aparmaqdadır. Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana gözlənilən səfəri də mahiyyətcə ondan ibarət olacaqdır ki, Rusiya deyəcək ki, Ermənistanı silahlandırmaqla Azərbaycanın əleyhinə deyil. Azərbaycan dövləti kənar təhlükəsizlik sistemini formalaşdırmaq üçün də çox ciddi fəal bir diplomatiya həyata keçirməkdədir.
- Rusiyanın Abxaziya ərazisində yerləşdirdiyi "S 300" raket kompleksi Cənubi Qafqaz ölkələri üçün təhlükə ola bilərmi?
- 2008-ci ilin avqust hadisələri və ondan sonra Abxaziyanın, Cənubi Osetiyanın ələ keçirilməsi, "müstəqilliyinin" tanıdılması, hava, su və digər yolları nəzarətə götürməsi, silahlarının orada yerləşdirməsi bütövlükdə Qafqazın ab-havasına mənfi təsir göstərir. Bu cür silahların hara tuşlandığı və hansı uçuş məsafəsinə malik olduğunu Qərb, təbii ki, bilir və Rusiyanın NATO-dakı təmsilçisi birmənalı şəkildə bütün toplantılarda bəyan edir ki, Gürcüstan müharibədən əvvəlki silahlarından artıq hərbi potensial toplayıb. Onda belə bir sual ortaya çıxır: bəs Rusiya nəyə görə bu qədər silah Ermənistanda, Abxaziyada və Cənubi Osetiyada toplayıb? Təbii ki, yenə də Qafqaz üzərində ağalığını həyata keçirmək istəyir. Amma hərbi cəhətdən bu bölgədə nə Amerikanın, nə də NATO-nun qoşunları yoxdur. Belə olan təqdirdə, Rusiya təkbaşına hökmranlığını məhz hərbi vasitələrlə həyata keçirməyə çalışır. Belə bir xətt yürüdülür ki, region dövlətlərini təsir dairəsində saxlamaq üçün hərbi rıçaqları işə salacaqlar, iqtisadi cəhətdən maraqları reallaşdıracaqlar və başqa planları həyata keçirəcəklər. Boris Yeltsin zamanında buna çalışmışdı və böyük bir uğursuzluğa düçar olmuşdu. 1999-cu ildə ATƏT-in İstanbul sammitində Rusiyanın Gürcüstanda olan silahını çıxarması üçün qadağa qoydu və sonradan bunu icra etməli oldu. Düşünürəm ki, bu qədər silah toplamaq olmaz və həqiqətən də, silahsızlaşdırma siyasətinin həyata keçirilməsinə ehtiyac var. Rusiya Cənubi Qafqazı tərk etsə, sülh yaranar. Bu istiqamətdə, xüsusi olaraq, Gürcüstanla Azərbaycan beynəlxalq birliyi daimi olaraq məlumatlandırır.