Ermənistan danışıqlarda konstruktiv razılığa gəlməkdən yayınır
- Elman müəllim, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların gedişatını necə qiymətləndirirsiniz?
- Çox böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, 1992-ci mart ayında yaradılmış bu təşkilatın, yəni ATƏT-in Minsk Qrupunun 18 illik fəaliyyəti nəticə etibarı ilə heç nəyə gətirib çıxarmayıb. Yəni indiyə kimi, onların atdıqları addımları, keçirdiyi görüşlər və həmsədrlərin regionlara səfərləri nəticə etibarı ilə Ermənistanın mövqeyinin qətiyyən dəyişməsinə gətirib çıxarmayıb. Artıq Azərbaycan cəmiyyətində bir çox hallarda belə fikirlər yaranır ki, ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun fəaliyyətindən imtina etmək lazımdır. Hələ 7 ay bundan öncə irəli sürdüyü yeniləşmiş Madrid prinsiplərinin Ermənistan tərəfindən indiyə kimi qəbul edilməməsinə və hətta bu məsələ ilə bağlı nə "hə", nə də ki, "yox" deyilməməsinə nail ola bilməyibsə, bu, Ermənistanın nə qədər qeyri-konstruktiv mövqedə olduğunu ortaya çıxarır. Eyni zamanda, bu, ATƏT-in Minsk Qrupunun da fəaliyyətinə çox böyük kölgə salır. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, nə qədər ki, münaqişənin həlli ilə bağlı, ATƏT-in dırnaqarası fəaliyyəti nəticə verməyib, bu da, əslində, ATƏT-in Minsk Qrupunun özünün perspektivlərini sual altına alır.
- Elə isə işğalçı ölkə kimi, münaqişənin əsas tərəfi Ermənistan olduğu halda, nəyə görə Azərbaycan torpaqlarının azad edilməsi üçün bu ölkəyə ciddi təzyiqlər edilmir?
- Ona görə ki, Ermənistan işğalçı dövlətdir və bunu isə hər bir həmsədr dövlət çox yaxşı bilir. Lakin bu günə kimi, bunu bilə-bilə işğalçı ilə işğala məruz qalan tərəf, yəni Ermənistanla Azərbaycan arasında fərq qoymurlarsa, onda belə yanaşmanın özü heç bir halda münaqişənin həllinə gətirib çıxara bilməz. Bu isə özü-özlüyündə Ermənistanda bir arxayınçılıq yaradır və hesab edir ki, beynəlxalq birlik, beynəlxalq güclər Ermənistana bu şəkildə təzyiq etmirlərsə, deməli, hər şey etmək olar. Məhz bu yanaşmanın nəticəsidir ki, hələ də Ermənistanın təcavüzkar siyasətinin qarşısı alınmayıb. Bu, ilk növbədə, onunla bağlıdır ki, Ermənistan Rusiyaya arxalanır və Rusiyanın timsalında özünün həm iqtisadi, həm siyasi, həm də hərbi müttəfiqini görür. Qərb, xüsusilə, ABŞ, eyni zamanda, Fransa həmsədr dövlət kimi bu münaqişənin həlli ilə bağlı Rusiya ilə olan münasibətləri korlamaq istəmirlər. Buradan belə çıxır ki, həm Vaşinqton, həm də Paris üçün Rusiya ilə münasibətləri gərginləşdirmək sərf etmir. Yəni, onlar üçün daha ciddi problemlər var ki, onlar da İranın nüvə problemi, Əfqanıstandakı vəziyyətlə bağlı digər məsələlərdir ki, orada Moskvanın "hə" deməsinə çox böyük ehtiyac var. Ona görə də, əksər hallarda onlar Rusiyanın mövqeyini nəzərə alır və belə nəzərə alma Ermənistan təzyiqlərinin zəiflədilməsinə gətirib çıxarır və bunun nəticəsində sözügedən problem öz həllini tapmır. Burada əsas səbəb Rusiyanın adı ilə bağlıdır. Digər səbəb isə onunla bağlıdır ki, Birləşmiş Ştatlar kimi, fövqəldövlət bu münaqişənin həllini özü üçün həyati vacib məsələ elan etməyib.