PDF Oxu

Müsahibə

  • 10

Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq

Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq
- Mübariz müəllim, Dağlıq Qarabağ ətrafında aparılan danışıqlar nəticəsiz qalarsa, başqa variant üzərində düşünmək lazım gələcəkmi?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət, praqmatik və çevik diplomatiya xətti istənilən uğurları əldə etməyə imkan yaradır. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın konstruktiv mövqeyi hər kəsə bəllidir və ölkəmiz münaqişənin sülh yolu ilə həll edilməsi üçün lazım olan addımları atıb və bu addımlar davam etdirilməkdədir. Danışıqlar ATƏT-in Minsk Qrupu çərçivəsində gedir və həmsədr ölkələrin diplomatlarının iştirakı ilə Madrid prinsiplərinin yeniləşmiş variantı üzərində aparılır. Azərbaycan kompromisə gedərək həmin variantı qəbul edib. Amma erməni tərəfi yenə də qeyri-konstruktivlik nümayiş etdirir, danışıqlar prosesinin qəsdən uzadılmasına hesablanan addımlar atır. Əvvəlcədən razılaşdırılmış bu və ya digər məsələləri yenidən müzakirə masası üzərinə qaytarmağa çalışır və bu istiqamətdə iş aparır. Təbii ki, bütün bunlar da danışıqlar prosesinə əngəl olur. Bu da məsələnin sülh yolu ilə həll edilməsi istiqamətində aparılan danışıqları daha da çətinləşdirir. Bu gün Azərbaycan tərəfi məsələnin sülh yolu ilə həll edilməsi üçün böyük səy göstərir. Baxmayaraq ki, BMT-nin nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq və eyni zamanda, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnaməyə istinad edərək, Azərbaycan məsələni hərbi yolla da həll etmək hüququnu özündə saxlayır. Cənab Prezident İlham Əliyev məsələni sülh yolu ilə həll etmək üçün kifayət qədər konstruktiv bir siyasət həyata keçirir. Çünki Ermənistana beynəlxalq təşkilatların, həmsədr ölkələrin açıq təzyiq göstərməsi lazımdır. Bu gün Ermənistan çox ağır iqtisadi-sosial duruma malikdir. Ermənistan tərəfi sülhə nail olmaq üçün cəhdlər etmək əvəzinə, sülhü pozmağa yönələn addımlar atır. Serj Sarkisyan, əslində, erməni xalqına da böyük zərbə endirir. Bütün bu gedişat Azərbaycan hakimiyyətinin diqqət mərkəzindədir və bu hadisələrin inkişafı Azərbaycanın xeyirinə işləyir. Azərbaycanın tam ixtiyarı var ki, öz ərazisini işğaldan azad etsin və ərazi bütövlüyünü bərpa etsin. Hansısa dövlətlərin bu prosesə müdaxiləsi, yaxud müdaxilə etməməsi diplomatik işlə bağlı olan məsələdir. İnanıram ki, göstərdiyimiz bütün səylərin nəticəsi olaraq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.
- Azərbaycana qarşı tətbiq edilən "907-ci düzəliş"i tamamilə ləğv etməyən ABŞ-ın işğalçı dövlət olan Ermənistanın maraqlarından çıxış etməsini necə dəyərləndirirsiniz?
- ABŞ-ın Ermənistanın maraqlarından çıxış etməsini qətiyyən qəbul etmirəm. ABŞ həmsədr ölkədir və Ermənistan siyasətində kifayət qədər ardıcıllıq nümayiş etdirmir. Amma ABŞ-ı tam olaraq, Ermənistan yönlü siyasət yürütməkdə ittiham etmək doğru olmazdı. Təbii ki, ABŞ daha kəskin mövqedən çıxış etməlidir və Ermənistana yardımlarını tamamilə dayandırmalıdır. Amma təəssüf ki, ABŞ Konqresi Ermənistana hər il yardımlar göstərir, bu il də həmin yardımlar davam edir və bu cür yardımların edilməsi istər-istəməz Azərbaycanın haqlı və ədalətli narazılığına səbəb olur. Ermənistanla əlaqədar ABŞ siyasətindəki bu ikili mövqe şirnikdirmə siyasətidir. Bunu açıq şəkildə pisləyirik və Azərbaycan tərəfi də bunu ABŞ-ın diqqətinə açıq şəkildə çatdırıbdır. Azərbaycanın ictimai rəyi də bu məsələdə birmənalıdır. Amma bütövlükdə götürdükdə, ABŞ proseslərə təsir etmək imkanına malik olan ölkədir. Azərbaycan hakimiyyətinin yürütdüyü məqsədyönlü və açıq-aydın siyasət ABŞ-ın da müəyyən addımlar atmasını zəruri edəcəkdir.
- Azərbaycan beynəlxalq prinsiplərə uyğun olaraq, antiterror əməliyyatları həyata keçirsə, Ermənistanın himayədarı olan Rusiyanın mövqeyi necə ola bilər?
- Dağlıq Qarabağın statusu haqqında danışılarkən bir cümlə işlədilir və bu da tamamilə doğrudur. "Dağlıq Qarabağ və onun ətrafında olan ərazilər Ermənistan tərəfindən işğal olunubdur". Ermənistan işğal etdiyi ərazidə oyuncaq bir hökumət qurub və yalançı ad altında həmin işğalçı rejimin guya müstəqil fəalliyyət göstərən qurum olduğunu reallaşdırmağa cəhd edir. Dağlıq Qarabağ da daxil olmaqla, ərazilərimizin yarıdan çoxu işğal altındadır və Azərbaycan işğal olunmuş ərazilərdə antiterror əməliyyatı yox, əslində, həmin ərazilərin azad olunması əməliyyatı apara bilər. Azərbaycan tərəfi də, hələlik, ona görə bu əməliyyatı aparmır ki, məsələni sülh yolu ilə həll etmək istəyir.
- Kosovo Dağlıq Qarabağa presedent ola bilərmi?
-Qətiyyən ola bilməz. Bu məsələni Dağlıq Qarabağla eyniləşdirmək olmaz. Kosovoda baş verən hadisələr keçmiş Yuqoslaviyanın dağılması ilə əlaqədar idi. Qarabağda isə açıq-aşkar işğal siyasəti yürüdülür və Ermənistan təcavüzkar ölkə rolundadır.

Digər xəbərlər