- Səməd müəllim, AŞPA-da Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin bərpasından müəyyən vaxt keçməsinə baxmayaraq, münaqişənin tənzimlənməsi istiqamətində hələ ki, ciddi təsirlər görünmür. Bunu yenidən ermənilərin avantürist addımları ilə izah etmək olar?
- Ermənistan hakimiyyəti istəyir ki, bu məsələ gündəmdən hansısa formada çıxsın, məsələlər ört-basdır edilsin. AŞPA bu məsələni Dağlıq Qarabağ münaqişəsi həll olunanadək gündəmdən çıxarmayacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini bütün beynəlxalq danışıqlarda komitələr, parlamentlər assambleyası iclasları səviyyəsində müzakirə edəcəyik. Ermənilər hansısa bir formada bəyan edirlər ki, Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətini dayandırmaq lazımdır. Bu iddia təmin edilə bilməz. Çünki münaqişənin həllinə bütün nufuzlu təşkilatların müdaxiləsi vacibdir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yalnız alt komitə də deyil, bütün AŞPA səviyyəsində müzakirə olunur. Bu istiqamətdə fəaliyyət bundan sonrada davam etdiriləcək.
- İşğalçı dövlət mövqeyindən geri çəkilmək istəmədiyinə görə, AŞPA-da hansısa sanksiyalarla üzləşə bilərmi?
- Ermənistan, təbii ki, AŞPA-da sanksiyalarla üzləşməlidir. Amma erməni lobbisinin də bir az zəif olmadığını nəzərə almalıyıq. Erməni lobbisi zəif olsa belə, ona dəstək verən qüvvələr var və Ermənistana dəstək verən qüvvələr AŞPA-da mövcuddur. Mübarizəmiz məhz Ermənistana dəstək verən qüvvələri dünya ictimaiyyətinə çıxarmaq, onları neytrallaşdırmaq və bununla da həqiqəti bərpa etməkdir.
- 2005-ci il oktyabrın 5-də keçirilən AŞPA-nın sessiyasında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmaq barədə qərar qəbul etmişdir. Bu qərarın Ermənistan tərəfindən hələ də icra olunmaması fonunda AŞPA-nın da məsələyə ciddi önəm verməməsini necə izah edərdiniz?
- AŞPA bu məsələyə ciddi önəm verir. Amma təəssüflər olsun ki, AŞPA və digər beynəlxalq təşkilatlar Ermənistanla bağlı bir neçə qətnamə qəbul ediblər. Buna misal olaraq, BMT-nin dörd qətnaməsini, Avropa birliyinin qəbul etdiyi qətnaməni, 2005-ci ildə AŞPA tərəfindən qəbul edilmiş qətnaməni göstərmək olar. Avropa Ermənistanın daxilində olan prosesləri ona dəstək verən qüvvələr vasitəsilə ört-basdır etmək fikrindədirlər. Bu gün beynəlxalq ictiamaiyyətin gözü qarşısında Ermənistan Alt Komitənin fəaliyyətinin əleyhinədir və onun yaradılmasına mane olmaq istəyir. Bununla belə, AŞPA bürosunun qərarı var ki, bu fəaliyyət olmalıdır.
- Azərbaycan AŞPA-da öz haqlı mövqeyini uğurlu şəkildə qəbul etdirmək üçün daha nələri etməlidir?
- Azərbaycan 2001-ci ildə AŞPA-ya üzv qəbul olunub və ölkəmizin AŞPA-da mövqeyi çox möhkəmdir. Azərbaycan AŞPA ilə münasibətləri yeni qarşılıqlı hörmət müstəvisində davam etdirən ölkə kimi qiymətləndirilir. 2001-ci ildə AŞPA-ya qəbul olunanda Avropada əlaqələrimiz o qədər də geniş deyildi. İndi isə, Azərbaycan Avropada tanınan, güclü və nüfuzlu bir dövlətdir.
- Rusiya Ermənistanla Gümrü hərbi bazasında 49 il qalmaq barədə müqavilə imzalayıb. Bu müqaviləni necə dəyərləndirirsiniz?
- Azərbaycan siyasətində ən əsas məsələ Azərbaycan xalqının maraqlarıdır və hər kəsin sevimlisi olan dövlət başçımızın apardığı siyasət məhz bu prinsipə əsaslanıb. Azərbaycan xalqının bugünkü marağı, mövqeyi, istiqaməti və siyasəti ondan ibarətdir ki, bütün qonşularla dostluq münasibəti qursun. Bu mənada, böyük bir dövlət olan, dünya siyasətinə ən güclü təsir göstərən ölkələrdən biri olan Rusiyayla münasibətlərin ən yüksək səviyyədə təşkil edilməsi Azərbaycan üçün çox vacib, əhəmiyyətli və xeyir gətirəcək amildir. İşlərimizi bu istiqamətdə qurmalıyıq. O ki, qaldı Rusiyanın siyasətinə, Azərbaycan heç zaman başqa dövlətlərin daxili işlərinə qarışmayıb və qarışmaq niyyətində də deyil və eyni zamanda, istəyirik ki, Azərbaycanın da daxili işlərinə heç kim qarışmasın və ümumiyyətlə, qarışa da bilməz. Azərbaycanın ərazi bütövlüyü BMT və bütün dünya tərəfindən təsdiq olunmuş bir məsələdir və hər bir ölkənin haqqı olduğu kimi, Azərbaycan dövlətinin da tam ixtiyarı var ki, öz ərazisini işğaldan azad etsin və ərazi bütövlüyünü bərpa etsin. Azərbaycan suveren, müstəqil, azad və demokratik bir ölkədir.
- Milli qəhrəmanımız Mübariz İbrahimovun cəsədinin qaytarılmaması AŞPA-nın payız sessiyasında parlamentarilərin nəzərinə çatdırıla bilərmi?
- Azərbaycanın Milli Qəhramanı M. İbrahimov işğal altında olan torpaqlarımızın müdafiə edərək həlak olmuşdur. Çox təəssüf ki, artıq üç aya yaxın müddətdir ki, qəhrəman Mübariz İbrahimovun cəsədi ermənilərdədir. İşğalçı ölkə rəsmiləri müxtəlif hiyləgər bəhanələrlə cəsədin Azərbaycana verilməsinə əngəllər yaradır. Belə hərəkətlər ermənilərin iç üzünün əsl mahiyyətini ortaya qoyur. Bununla dünyaya göstərmək istəyirlər ki, Serj Sarkisyan dövləti təcavüzkar dövlətdir. Mübarizin cəsədinin qaytarılması ilə bağlı Ermənistan sivil, insani və bütün başqa beynəlxalq qanunları pozur. Bu məlumat artıq bütün dünyaya bəllidir. Bu istiqamətdə dayanmadan işlər gedir və AŞPA-nın deputatlarının artıq bu məsələdən məlumatları var. Dağlıq Qarabağdan danışarkən, ümumiyyətlə, bütün məsələlərdən - insan faciəsindən, ekoloji məsələlərdən, Ermənistanın qeyri-konstruktiv hərəkətlərindən, sərhəddə baş verən hadisələrdən danışırıq. Mübariz İbrahimov vətən uğrunda şəhid oldu və cənab Prezidentimiz ona dövlətimizin ən yüksək adı olan Azərbaysanın Milli Qəhrəman adı verdi. Qəhrəman isə ölməzdir.
- Ermənistan-Azərbaycan danışıqlar prosesinin sonu sülh yolundanmı keçir?
- Azərbaycanın mövqeyi sivil qaydalar əsasında, beynəlxalq qanun çərçivəsində bu münaqişəni həll etməkdir. Danışıqları torpaqlarımızın azad olunması üçün aparırıq. Danışıqlar bizim üçün məqsəd yox, vasitədir. Ermənistan bunu məqsədə çeviribdir. Bax, səhv bundan ibarətdir. Müxtəlif yollarla danışıqlardan istifadə edərək vaxtı uzadırlar, başqa yollara əl atırlar, cəbhə xəttində təxribatlar törədirlər. Ermənilər düşünürlər ki, danışıqların vaxı nə qədər uzadılsa, onlar üçün xeyirli olar. Amma bizim üçün vasitə olduğuna görə, biz torpaqlarımızı işğaldan azad emək istəyirik. Əgər bu vasitə həyata keçməsə, o zaman başqa vasitələr var. İstər sülh, istərsə də müharibə yolu ilə Azərbaycanın ərazi bütövlüyü mütləq bərpa olunacaq. İşğal olunmuş torpaqlarımızın işğalçılardan, separatçı ermənilərdən azad olunması üçün var gücümüzlə çalışırıq. Azərbaycan Qarabağdakı qondarma qurumu, oradakı qeyri-qanuni fəaliyyət göstərməklə mövcud olan cinayətkar silahlı birləşmələri də məhv edəcəkdir.