"Yeni Filarmoniya" Birləşmiş Gənclər Simfonik Orkestri Avropada maraqlı proqramla çıxış edəcək
Artıq üçüncü ildir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılan gənclərdən ibarət "Yeni Filarmoniya" Birləşmiş Gənclər Simfonik Orkestri gənc dirijor, hal-hazırda Almaniyanın Köln Ali Musiqi Məktəbində təhsil alan Fuad İbrahimovun rəhbərliyi altında Avropada keçirilən beynəlxalq festivallarda iştirak edir. 2008-ci ildə orkestr Almaniyanın Berlin şəhərində Young Euro Classic, 2009-cu ildə isə İtaliyanın Toskana şəhərində Beynəlxalq Musiqi Festivalında uğurla iştirak etmişdir.
Bu il Birləşmiş Gənclər Simfonik Orkestri və dirijor Fuad İbrahimov konsert proqramı ilə çıxış etmək üçün yenidən Young Euro Classic Festivalına dəvət almışlar. Orkestr avqustun 12-də Berlinin ən möhtəşəm konsert salonlarından biri olan Konzerthaus-da dinləyicilərə maraqlı proqram təqdim edəcək: Ü.Hacıbəyli - "Koroğlu" operasına uvertüra, Q.Qarayev -Alban rapsodiyası, F.Əlizadə - "Nağıllar", P.Çaykovski - Simfoniya N5.
Qeyd edək ki, bu gün orkestr Berlinə yola düşəcəkdir.