PDF Oxu

Müsahibə

  • 10

Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq

Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq

- Gültəkin xanım, Haaqa Məhkəməsinin Kosovonun müstəqilliyini dəstəkləməsi barədə qərarından ruhlanan ermənilər Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı fikirlər səsləndirirlər. Kosovo Dağlıq Qarabağa president ola bilərmi?
- Beynəlxalq münaqişələrin heç biri digərləri üçün president rolunu oynaya bilməz. Çünki bu münaqişələr mahiyyət etibarilə bir-birindən çox fərqlənirlər. Sadəcə olaraq, eyni məkanda yerləşən və bir çox hallarda eyni qaynaqdan doğan Abxaziya, Osetiya və Dağlıq Qarabağ münaqişələri arasında müəyyən paralellər apara bilərəm. Bu münaqişələrin, problemlərin kökündə də tamamilə fərqli mahiyyət durur. Kosovo ilə Dağlıq Qarabağ problemini eyniləşdirmək olmaz. Beynəlxalq məhkəmənin də təsdiq etdiyi kimi Kosovoda yaşayan müsəlmanlara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib, on minlərlə insan vəhşicəsinə öldürülüb. Bu vəhşilikləri həyata keçirən insanların cəzalandırılması beynəlxalq ictimaiyyətin borcudur. Beynəlxalq ictimaiyyət bu soyqırımı qınamaqda haqlıdır və qaçıb gizlənən cinayətkarlar öz layiqli cəzalarını çəkəcəklər. Dağlıq Qarabağda da belə vəhşiliklər azərbaycanlılara qarşı törədilib. Münaqişənin qurbanı rolunda yerli kosovolulardısa, Dağlıq Qarabağ problemində isə münaqişənin qurbanı Dağlıq Qarabağda yaşayan ermənilər yox, azərbaycanlılardır. Çünki etnik təmizləmə nəticəsində öz torpaqlarından didərgin düşən insanlar, məhz azərbaycanlılar, Azərbaycan türkləridir.
Kosovo və Dağlıq Qarabağ münaqişəsini heç bir halda eyniləşdirmək olmaz. Yunanlar da, həmçinin, vaxtı ilə adada yaşayan türkələrə qarşı etnik təmizləmə siyasəti həyata keçirmişlər, yüzlərlə türk öldürülmüşdür. Məhz türkləri xilas etmək və etnik təmizləmənin, vəhşiliyin qarşısını almaq məqsədi ilə Türk Silahlı Qüvvələri adanın türklər yaşayan hissəsinə sahib çıxaran insanların yaşamaq hüququnu tanıdı, onların həyatını qorudu. Digər tərəfdən, Ermənistan çalışır ki, Dağlıq Qarabağı Azərbaycandan qoparsın, və gələcəkdə siyasi alver predmetinə çevirsin. Bu baxımdan, düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsi ilə Kosovo münaqişəsi arasında hər hansı bir paralellik aparmaq düzgün deyil. Bu, sadəcə olaraq, Ermənistanın Azərbaycan ərazilərinin işğalı nəticəsində ortaya çıxan reallıqdır. Bu reallığın adı, Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazilərinin işğalıdır. Ölkələrin ərazi bütövlüyü prinsipinə zidd olaraq, müəyyən addımların atılması, Avropada qarşısı alınmaz, xaotik proseslərin yaranacağına çox ciddi bir stimul olacaq.

- Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun üzvləri Ermənistana təzyiq imkanlarından istifadə edə bilərmi?
-Təbii ki, Ermənistana pərdəarxası havadarlıq, himayədarlıq edən qüvvələr var. O qüvvələrin diqtəsi ilə Ermənistan bu hərəkətləri edir. Əgər Ermənistan hakimiyyəti bilsə ki, onların bu təcavüzkarlığını, zorakılığını, işğalçılıq siyasətini müdafiə edən hər hansı bir qüvvə mövcud deyil və Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə başlayanda, ona heç kim dəstək olmayacaq, yəqin ki, Ermənistan hakimiyyətinin cəsarəti çatıb belə bir alçaq hərəkət etməzdi. ATƏT-in Minsk qrupunun Ermənistana çox böyük təzyiq imkanları var. Hər üç ölkə belə imkanlara malikdir. Hətta təzyiq imkanları az olan Fransanın Ermənistanının siyasi hakimiyyətinə çox ciddi siyasi təsir imkanlarına mövcuddur. Fransa bu gün işğalçı Ermənistanı silahlandıran ölkələrdən biridir. İşğalçı ölkəyə təsir etmək əvəzinə, onu silahlandıran ölkə, sülh yolu həllini deyil, ən azı münaqişənin dondurulmasına və uzadılmasına xidmət edir. Eyni sözləri Rusiya haqqında da deyə bilərik. Rusiya Ermənistanın Cənubi Qafqaz coğrafiyasında mövcudluğuna təminatçı olan bir ölkədir. Ermənistanı sıfırdan yaradan dövlətdir. Ermənistan iqtisadiyyatının yarısı Rusiyadan asılıdır. Bu sözləri ABŞ haqqında da demək olar. Əslində, ABŞ-la rəqabət apara biləcək ölkə yoxdur, o, dünyanın ən güclü dövlətlərində biridir . Amerikanın Cənubi Qafqaz regionuna da təsir imkanları kifayət qədər çoxdur. Amerika Cənubi Qafqazda güclüdür, nüfuza malikdir və istədiyi vaxt Ermənistana çox ciddi təsir edə bilər. Lakin bu ölkə də münaqişənin ədalətli həllində maraqlı deyil. Minsk qrupuna üzv ölkələrin hər üçü münaqişənin həllini Azərbaycanın kompromisə getməklə həll olunacağını düşünür. Amma Azərbaycanın kompromis limiti çoxdan tükənib. Bu günə qədər Azərbaycanın danışıqlar prosesinə sədaqəti, münaqişənin sülh yolu ilə həllinə çalışması elə ən böyük kompromisdir. Cənubi Qafqazda Ermənistan dövlətinin yaranmasını və Azərbaycanın bu reallığa göz yumması Azərbaycan xalqı tərəfindən ermənilərə edilən ən böyük güzəştdir. Düşünürəm ki, Azərbaycanın bundan sonra ermənilərə, ümumiyyətlə, erməni havadarlarına güzəşt ediləcək bir qarış belə ərazisi yoxdur. Ermənistan hakimiyyəti çox dəqiq bilir ki, Azərbaycan Ordusu qarşısında Ermənistan ordusu çox cılız və aciz bir dəstədir.

- Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasına dair müzakirələrdən Ermənistanın narahatçılığı nədən qaynaqlanır?
- Metyu Brayza ABŞ-ın rəsmisidir, uzun illər Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərib. Minsk qrupunun fəaliyyəti o qədər də ürək açan deyil. M. Brayzanın bəyanatları mənfi mənada yadda qalan bəyanatlar olub. Yəni o, bir-birini inkar edən, təkzib edən bəyanatlarla çıxış edən həmsədr olub. Azərbaycana kimin səfir təyin olunması ABŞ-ın daxili işidir. Əsas odur ki, təyin olunan səfir Azərbaycanın ərazi bütövlüyünə, dövlət müstəqilliyinə hörmət etsin və Azərbaycan-ABŞ münasibətlərinin inkişafına xidmət etsin. Ermənistanın isə, müəyyən narahatçılığı reallıqdan da doğa bilər, görüntü xarakterli də ola bilər. Ona görə də, bu məsələni əhəmiyyətsiz hesab edirəm. Məlumdur ki, Ermənistandakı sosial vəziyyət günü-gündən gərginləşdiyi üçün ölkə əhalisi xarici ölkələrə üz tutur. Belə olduğu halda, hərbi xidmətə çağırılacaq gənclərin sayı azalır, sərhəd bölgələrində xidmət etməyə əsgər tapılmır. Bu, onu göstərir ki, hərbi əməliyyatlar başlandığı təqdirdə, igid və mərd Azərbaycan əsgəri çox qısa vaxt ərzində öz əsgəri borcunu şərəflə yerinə yetirəcəkdir. Bizim büdcədən hərbiyə ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən çoxdur. Bu da, onu deməyə əsas verir ki, istənilən vaxt, istənilən anda işğal altında olan torpaqları düşməndən azad etməyə qadirdilər. Bununla yanaşı, 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyi ordumuzun silah və texnika ilə təmin olunmasında mühüm işlər görür. Günü-gündən güclənib, inkişaf edən Azərbaycan, bütün sahələrdə olduğu kimi, hərbi sahədə də böyük inkişafa nail olub. Dağlıq Qarabağ münaqişəsinin həlli sülh yolu ilə alınmasa, cənab Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, başqa vasitələr də əl atılacaq. Yəni xalqımız öz haqq işi uğrunda mübarizəyə qalxıb işğal altında olan torpaqları bədnam qonşularımızdan azad edəcəkdir. Bununla yanaşı, qeyd edək ki, hərbçilərimizin dünyanın müxtəlif qaynar nöqtələrində öz xidməti borclarının öhdəsindən layiqincə gəlməsi, NATO sülhməramlılarının tərkibində öz peşəkarlıqları ilə seçilməsi ordumuzun güclü və qüdrətli göstərilməsinin əsas faktorlarından biridir. Ali Baş Komandan cənab İlham Əliyevin regionlara səfəri çərçivəsində hərbi hissələrdə də olması, hərbiçilərin problemləri ilə maraqlanması əsgərlərdəki döyüş ruhunun yüksəlməsinə təkan verir.
Dağlıq Qarabağ Azərbaycan ərazisidir və Azərbaycanda öz ərazisinin bir qarışını belə heç kimə güzəştə getməyəcək. Sadəcə olaraq, hər şeyin geci-tezi var. Azərbaycan hər zaman olduğu kimi, yenə də öz sözünü deyəcək və Dağlıq Qarabağdakı qondarma qurumu, oradakı qeyri-qanuni fəaliyyət göstərməklə mövcud olan cinayətkar silahlı birləşmələri də məhv edəcəkdir.
Ümummilli lider, ulu öndər Heydər Əliyevin qurub-yaratdığı əzəmətli, müstəqil, suveren Azərbaycan dövləti hər zaman, hər yerdə öz sözünü deyib, deyir və deyəcəkdir. Bu gün ölkəmiz Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük iradəsi, uzaqgörənliyi, yürütdüyü düzgün daxili və xarici siyasət sayəsində uğurla gələcəyə doğru addımlayır. Hər bir azərbaycanlı bununla fəxr edir və qürur duyur.

Digər xəbərlər