PDF Oxu

Müsahibə

  • 4

Ermənistan rəhbərliyi siyasi iradə nümayiş etdirməlidir

Ermənistan rəhbərliyi siyasi iradə nümayiş etdirməlidir
- Eldar müəllim, siz ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbərinin müavinisiniz. Xarici işlər nazirlərinin Almatı görüşündən sonra Dağlıq Qarabağ probleminin ATƏT-in Minsk Qrupu çərçivəsində həllini tapacağını gözləməyə dəyərmi?
- Azərbaycan dövlətinin xarici siyasət strategiyasının əsas qayəsi dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara əsaslanan xətlə inkişaf etdirməkdir. Biz ATƏT-in, Avropa Şurası və bir çox beynəlxalq təşkilatların üzvüyük. Çünki dünyada gedən proseslərlə bağlı bu təşkilatların üzvü olmalıyıq. ATƏT-in Minsk Qrupu artıq 18 ildir ki, bu məsələlərlə məşğuldur. Təəssüflər olsun ki, zaman -zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəticə əldə olunmayıb. Azərbaycanın ərazilərini işğal edən erməni tərəfinin siyasi iradəsi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə maneçilik yaradır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi çərçivəsində ölkə rəsmilərinin erməni ictimaiyyətinin çaşqınlıqda qalmasına və özlərinin daim qeyri-konstrukiv mövqelərini pərdələməyə xidmət göstərən fəaliyyətləri regonda vəziyyəti mürəkkəbləşdirir. Bu baxımdan danışıqların uzanması və diqqətin yayındırılması baxımından ATƏT-in Minsk Qrupu çərçivəsində məsələninin sülh yolu ilə həll olunmasını çətinləşdirir.
Almatı görüşündən sonra Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun verdiyi məlumata görə, Ermənistan tərəfi razılaşdırılmış iki prosesi yenidən intensivləşdirir və Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasından yayınır. Bu, Ermənistanın ilk qeyri-konstruktiv mövqeyi deyil. Ermənistan hər zaman qeyri-kostruktiv mövqedən çıxış edir. Bu isə, Ermənistanın daxilində gedən proseslərlə bağlıdır, çünki Ermənistanda siyasi hakimiyyətə qarşı radikal müxalifət ciddi təbliğat aparır və müxalifət necə qərar verirsə, Serj Sarkisyan da məcburdur ki, müxalifətin arzusunu yerinə yetirsin. İmzalanmış protokollar, yəni Türkiyə sərhədlərinin açılması məsələsi bu günə qədər radifikasiya olunmur. Çünki bu məsələlərə Ermənistan prezidentinin gücü çatmır. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ probleminin həllindən sonra sərhədlər açıla bilər.
ATƏT-in Minsk Qrupu Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çalışır və tələbləri odur ki, Azərbaycanın ərazi bütövlüyü birinci növbədə həll olunmalıdır, məcburi köçkünlər öz yurd-yuvalarına dönməlidirlər. Bundan sonra iqtisadi əlaqələrin qurulması və Dağlıq Qarabağın statusu haqqında müzakirələrə başlamaq olar. Lakin Almatı görüşündə Nalbandiyan qeyd edib ki, əvvəlcə Dağlıq Qarabağın statusunu həll etməliyik, ondan sonra digər məsələlər barədə danışmaq olar. Bütün bu bəhanələrlə ermənilər problemin həll olunmasını gecikdirir.
Azərbaycan nəinki regionda, MDB daxilində də böyük gücə malik olan dövlətdir. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və münaqişə yalnız dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin yubanması regionun inkişafına maneədir. Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasət BMT, ATƏT nizamnamələrinə, Helsinki Bəyannaməsinə və beynəlxalq hüququn prinsiplərinə tamamilə ziddir. Beynəlxalq hüququn ən əsas və bu münaqişəyə tətbiq edilə biləcək prinsipi dövlətlərin dinc yanaşı yaşaması prinsipidir. Bu norma istisnasız olaraq iki qonşu dövlətin hər hansı mübahisəli məsələni dinc vasitələrlə, zora əl atmadan həllini tələb edir. Amma Ermənistan öz addımları ilə bu prinsipi kobud surətdə pozur. Ermənistanın qeyri-konstruktiv mövqeyi Azərbaycanı məcbur edir ki, Dağlıq Qarabağ problemi müharibə yolu ilə həll edilsin. Hazırda Dağlıq Qarabağ münaqişəsinin mərhələli yollarla həlli məqbul variant hesab edilir.
- Minsk Qrupu həmsədrlərinin Ermənistanda keçirdiyi görüşlər və İrəvan tərəfindən Madrid prinsiplərinin yenilənmiş variantının qəbul edilməməsi göstərdi ki, Ermənistan əvvəlki mövqeyində qalır. Prosesin bundan sonrakı gedişi necə qiymətləndirirsiniz?
- Madrid prinsiplərini qəbul etməməsi Ermənistanın danışqlardan yayınmasına işarədir. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və münaqişə yalnız dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində həll olunmalıdır. Beynəlxalq hüquq normaları tam şəkildə bərqərar olunmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, işğal olunmuş torpaqlar tezliklə işğalçı qüvvələrdən boşaldılmalıdır. Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyünün qorunması şərtilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Lakin müəyyən razılaşma əldə olunandan sonra Ermənistan yenə də vaxt qazanmaq üçün danışıqları uzadır.
İndiki halda, Ermənistan təkcə iqtisadiyyatının və dövlətinin yox, həm də cəmiyyətin tənəzzül dövründə yaşayır. Hazırda bu tənəzzülün qarşısını ala biləcək hər hansı qüvvə və faktor olmadığından Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində özünün qeyri-konstrukiv mövqeyini siyasi məqsədlər üçün istifadə edir. Güclü orduya malik Azərbaycanın hərbi qüdrətinin gündən-günə artması, işğalçı Ermənistanla müqayisədə ordunun maddi-texniki təminatında və digər göstəricilərində dəfələrlə böyük üstünlüyü göz önündədir. Bütün parametrlər baxımından Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrilə müqayisədə çox geridə qalır.
ATƏT Parlament Assambleyasının (ATƏT PA) Norveçdə Oslo şəhərində keçirilən tədbirində Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesinin ləngiməsinə görə Ermənistan daha çox məsuliyyət daşıdığı qeyd olunaraq, Ermənistanın prezidentinin zəif olduğu diqqətə çatdırılıb. Bütün dünya bilir ki, Serj Sərkisyan prezident kimi, erməni xalqının taleyinin həll olunmasına gücü çatmır. Azərbaycan istər sülh, istər müharibə yolu ilə torpaqlarını işğaldan azad edəcəkdir. Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanması prinsipinə sadiqdir və son illərdə bununla bağlı konkret mövqe nümayiş etdirir. Azərbaycanın bu günə qədər də atdığı ən böyük kompromis elə uzun illər səbr və təmkinlə sülh yolu ilə nizamlanma prosesində iştirakdan ibarətdir.
- İşğalçı dövlət Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində mövqelərinin zəifləməsinə müvafiq olaraq cəbhə xəttində təxribat riski yarada bilərmi?
- Azərbaycan müharibə şəraitində yaşayır. İşğalçı Ermənistan dövlətinin sülh razılaşması əldə olunmayana qədər hər hansı bir təxribat törədəcəyi gözləniləndir. Azərbaycan iqtisadi və hərbi cəhətdən sürətlə güclənərək, diplomatik səylərini artırır. Münaqişə tərəfləri arasında aparılan birbaşa təmasların intensivləşməsi ilə yanaşı, cəbhə xəttində tez-tez atəşkəs pozulur, ölən və yaralananlar olur. Müxtəlif çaplı silahlardan açılan güllələrlə əsgərlərimiz və mülki adamlarımız qətlə yetirilir. Müharibəni erməni təcavüzkarları başlayıblar. Azərbaycan xalqı öz torpaqlarını qoruyur. Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli üçün siyasi iradə nümayiş etdirməlidir. Münaqişənin tezliklə həlli, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və regionda təhlükəsizliyin təminatı üçün Ermənistan rəhbərliyinin siyasi iradə nümayiş etdirməsi zəruridir. Əks təqdirdə, müharibə qaçılmaz olacaq.
- Azərbaycanda seçkiqabağı durumu necə dəyərləndirirsiniz və bu durum parlament seçkilərinin azad, ədalətli keçirilməsinə tam təminat verirmi?
- Bu gün Azərbaycandakı ictimai-siyasi durum yüksək səviyyədədir. Azərbaycanda son dövrlərdə keçirilən bütün seçki prosesləri azad və demoktatik tərzdə keçirilib. Hökumət seçkilərin demokratik keçirilməsində daha çox maraqlıdır və seçkilərinin azad və şəffaf şəraitdə baş tutmasına çalışır.
Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına (YAP) böyük etimadı, sevgisi var. Cənab Prezidentimizə olan etimad və inam rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasına (YAP) olan etimaddır. Müstəqil, suveren Azərbaycan xalqı YAP-a inanır və onu dəstəkləyir. Azərbaycanda insanların seçkiyə getməsi, seçim etməsi üçün yüksək şərait var. Azərbaycan müstəqil, suveren, demokratik ölkədir və Azərbaycan seçicisi yaxşını pisdən ayırmağı bacarır. Bu prosesdə YAP- la rəqabət aparan radikal müxalifət var. Müxalifətin sosial bazası olduqca zəifdir, cəmiyyətdə nüfuzu yoxdur, istər gənc, istər orta, istərsə də yaşlı nəsil tərəfindən heç bir dəstək görmürlər və arxasınca getmir.
Azərbaycanın sürətlə inkişaf etməsini müxalifət qavramaq istəmir. Ona görə də müxalifət indiyə qədər olan prezident, bələdiyyə seçkilərində necə uduzubsa, builki parlament seçkilərində də elə uduzacaq. Onlar konstruktiv müxalifət deyil. Bolşevik təfəkkürlü müxalifət heç vaxt YAP-a qalib gələ bilməyəcək. YAP-ın gücü və mənbəyi Azərbaycan xalqıdır. Seçkilərin keçirilməsi üçün həmişə hazır olan Yeni Azərbaycan Partiyası və hər zaman uğurlara imza ataraq, seçkilərdə qələbə çalacaq.
- Radikal müxalifət düşərgəsində seçkiqabağı durum müxalifətə parlamentdə təmsilçilik hüququ qazandıra bilərmi?
- İnsanlar seçkiqabağı müxalif qüvvələrin ortalığı qarışdırmasına qətiyyətlə narazılıqlarını bildirirlər və bu tip təxribata uymurlar. Parlamentdə müxalifətdən seçilənlər olacaq. Bu, demokratiyanın əsas prinsiplərindən biridir. Amma seçkilərin favoriti YAP olacaqdır. YAP-ın gücü və dəyişməz sosial dayaqları vardır. Bu sosial dayaqlar hesabına parlamentdə YAP birinci yeri əldə edəcəkdir. Bu gün Azərbaycanda söz, nüfuz sahibi olan partiya yalnız iqtidar partiyasıdır və iqtidar partiyasına üzv olan gənclərin sayı həddən artıq çoxdur. Yeni Azərbaycan Partiyası ölkənin ən aparıcı partiyasıdır. Hər bir Azərbaycan vətəndaşı qürur hissi ilə seçkilərə gedəcək və ən layiqli namizədinə səs verəcəkdir.

Digər xəbərlər