- Fazil bəy, son günlər AXCP (i) və Müsavat yaxınlaşması az qala böyük bir məsələ kimi müzakirə olunur. Bir siyasətçi olaraq bu prosesin hansı sonluqla bitəcəyini proqnozlaşdırırsınız?
- Müsavat partiyası Azərbaycan cəmiyyətində kifayət qədər nüfuzdan düşmüş və sıradın çıxmış bir qurumdur. Bu gün isə hansısa birliyə, hansısa qrupa qoşulmağından asılı olmayaraq, onların yenidən dirçəlmək imkanları məhduddur. Çünki ilk növbədə, onlar arasında anlayış dəyişikiliyi baş verməyib. AXCP (i) və Müsavat arasında isə hər hansı bir birliyin yaradılması gözlənilən idi. Guya burada müəyyən dərəcədə yeni bir qüvvənin toplanmasından söhbət gedirdi. Amma ayrı-ayrılıqda bu qüvvələr daha çox bir yerdə olduqları zamanlarda belə, yenə də, gücə çevrilmək imkanına malik deyildilər. Çünki prinsipcə cəmiyyətə baxışlarda bir yenilik olmadığına görə, cəmiyyətin müxalifətin bu cinahına dəstək verməsi çox inandırıcı görünmür. Ona görə, əvvəlcədən də bu prosesin uğurla getməyəcəyini və daxili ziddiyyətləri daha da dərinləşdirəcəyini proqnozlaşdırmaq olar. Bu baxımdan da, belə bir birlik modeli ancaq imitasiyadan başqa bir şey deyil. Eyni zamanda, bu cür hallar cəmiyyət üçün də, yeni dəyişikliklər vəd etmir. Məhz bu səbəbdən də, onların cəmiyyət tərəfindən ciddi dəstək alması mümkün deyil.
- Radikal düşərgədə bu yaxınlaşma müqabilində "supergücə" malik partiyanın yaranacağı ilə bağlı illüziyalar səslənir. Ümumilikdə isə Müsavat-AXCP (i) əməkdaşlığımüqabilində "KAXCP" - Müsavat münasibətlərinin aqibətini necə qiymətləndirmək olar?
- Hər halda bu gün Azərbaycanın "supergüclü" partiyaya deyil, superağıllı insanların birliyinə ehtiyacı var. Təəssüf ki, Müsavatla AXCP (i)-nin yaxınlaşması müqabilində superağıllı qüvvələrin birliyindən söhbət belə getmir. Əgər burada sadəcə olaraq gücdən söhbət gedirsə, müasir dövrdə belə bir fiziki güclə nəyəsə nail olmaq imkanları minimuma bərabərdir. Bu baxımdan da, AXCP (i)-Müsavat yaxınlaşması müqabilində heç bir dəyişikliyi görmək belə mümkün deyildir. Eyni zamanda, bu yaxınlaşma nəticəsində Müsavatla "KAXCP" arasında münasibətlərin korlanacağını söyləmək olar. Çünki onlar hər halda bu birlikdə iştirakda maraqlı olmayacaqlar. Eyni zamanda, Müsavatla AXCP (i)-nin birlik modeli yaradıldıqda, onlar öz köhnə müttəfiqlərinin hamısına qarşı "cəbhə" açmış oldular. Xüsusilə də, ALP-yə və "VİP"-ə, eyni zamanda, "KAXCP"-yə qarşı Müsavatla AXCP (i)-nin atmış olduğu addımlar onların birbaşa ziyanına işləyən məsələlər sırasındandır. Çünki onlar birlik forması yaratmamışdan belə öz əleyhlərinə kifayət qədər qüvvə formalaşdırdılar. Bununla yanaşı, onların birliynə qarşı çıxan qüvvələrin say tərkibi də xeyli dərəcədə genişlənmiş oldu.
- Hər seçki öncəsi olduğu kimi, bu dəfə də, müxalifət düşərgəsində yaranan birliklərin düşmənçilik prinsipləri ilə parçalanmasını proqnozlaşdırmaq olarmı?
- Çox güman ki, Müsavatla AXCP (i)-nin birliyinin aqibəti də eyni cür olacaq. Çünki düşərgə təmsilçiləri tərəfindən "Azadlıq" bloku da ən sadiq blok sayılırdı. Amma nəticə hər kəsin bildiyi sonluqla bitməli oldu.
- Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün nəticəsiz bitməsi və gələcəkdə də bu cür halların yaranması danışıqlar prosesinə necə təsir göstərəcək?
- Hər halda bu görüş bir başqa formada bitməyəcəkdi. Məhz Almatıda da gözlənilən bir nəticə baş verdi. Bu nəticə də ondan ibarət idi ki, Ermənistan tərəfi istənilən formada konpromisdən yayınır. Ermənistan xarici işlər nazirinin açıqlaması da, onu göstərdi ki, bu mərhələdə Ermənistan Azərbaycandan daha yeni güzəştlər qoparmaq istəyir. Azərbaycan tərəfi də, daha ehtiyatlı, daha ağıllı davranmalıdır ki, ciddi itkilərə məruz qalmasın.
- Ümumilikdə, danışıqların perspektivindən nəsə gözləmək olarmı və yaxud müharibə variantı qaçılmaz görünmür ki?
- Bütün bunların sonunda yenə də, müharibə variantı üzərində dayanmalıyıq. Çünki prosesin bu istiqamətdə gedişi hər halda yaxşı heç nə vəd eləmir.
- Azərbaycan tərəfi haqlı olaraq öz ərazi bütövlüyünü təmin etmək üçün müharibə variantına əl atarsa, bu, beynəlxalq ictimaiyyət tərəfindən necə qarşılanacaq?
- Azərbaycan tərəfi müharibə variantından öncə diplomatik sahədə uğur əldə edib günahın Ermənistan tərəfində olmasının əsaslarını beynəlxalq ictimaiyyətə qəbul etdirməlidir. Məhz bundan sonra biz istədiyimiz formada addım atmaq imkanlarına malik ola bilərik. Eyni zamanda, beynəlxalq diqqəti bu məsələyə yönəltmək üçün daha operativ iş prinsipinin aparılmasını da məqbul hal hesab etmək olar.