Xəzərin hüquqi statusu Azərbaycanın milli maraqlarına uyğun həll ediləcək
Məlum olduğu kimi, Xəzəryanı dövlətlərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi hələ də öz həllini tapmamış qalmaqdadır. Bu məsələnin həlli istiqamətində müxtəlif vaxtlarda beştərəfli görüşlər keçirilsə də, tam olaraq, məsələnin həllinə nail olunmamışdır. Nəzərə alsaq ki, bu ay ərzində Bakıda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Xəzərdə təhlükəsizlik məsələlərinə həsr olunmuş toplantısı keçiriləcək, onda bu məsələni diqqət mərkəzində saxlamaq mütləqdir.
Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı problemlərin qalmasını Xəzəryanı dövlətlərdən bəzilərinin, daha doğrusu, İran və Türkmənistanın nümayiş etdirdiyi mövqe ilə bağlamaq daha düzgün olardı. Çünki digər dövlətlər arasında, demək olar ki, prinsipial razılığın əldə olunmasına baxmayaraq, adları çəkilən dövlətlər hələ də qeyri-konstruktivlik nümayiş etdirərək, məsələnin həllinə mane olurlar. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi və ümumiyyətlə, Xəzəryanı dövlətlər arasında bu məsələnin həlli ilə bağlı baş verən proseslərə aydınlıq gətirmək üçün politoloq Elşad Mirbəşiroğluna müraciət etdik.
- Xəzərin hüquqi statusu ilə bağlı beş Xəzəryanı ölkənin tam şəkildə ortaq mövqeyə gəlmədiyi müşahidə edilir. Bu problemin kökündə İran və Türkmənistanın iddialarının dayandığını söyləmək olarmı?
- Artıq bir neçə dəfə Xəzəryanı dövlətlərin arasında müxtəlif səviyyəli görüşlər keçirilməsinə baxmayaraq, tərəflər ortaq məxrəcə gələ bilməmişlər. Amma bir şeyi xatırladım ki, sonuncu dəfə Bakıda Xəzər dənizinin statusu və Xəzər dənizində bəzi təhlükəsizlik məsələləri ilə bağlı tədbir keçirilmişdi. Bu tədbirdə Xəzəryanı dövlətlərin mövqelərinin yaxınlaşması baxımından kifayət qədər perspektivli addımlar atılmışdır. Lakin bu günlərdə reallığa nəzər salsaq, məsələnin həllində bir sıra problemlərin qaldığını görmək olar. Nəzərinizə çatdırım ki, Rusiya, Qazaxıstan və Azərbaycan arasında kifayət qədər məsələyə konstruktiv yanaşılaraq, tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində addımlar atılmışdır. Təəssüf ki, Türkmənistan və İran məsələnin həlli ilə bağlı ciddi addımlar atmağa meyilli görünmür. Birincisi, Türkmənistanla Azərbaycan arasında bəzi mübahisəli yataqlar məsələsi ilə bağlı məsələlər açıq qalıb və öz həllini tapmayıb. İran da özünəməxsus formada öz maraqlarından çıxış edir. Vaxtı ilə SSRİ ilə İran arasında imzalanmış müqaviləyə yaxın hər hansı razılaşmanın tərəfdarı kimi çıxış edir. İndiki məqamda isə belə bir müqavilənin olması qeyri-realdır. Çünki o vaxt əgər Xəzərin statusu məsələsi iki dövlət arasında həll olunurdusa, indi artıq burada beş dövlətin maraqları kəsişir. Bu da məsələnin həllinə mane olan amil kimi göstərilə bilər. Göründüyü kimi, İran və Türkmənistanın konstruktiv mövqe göstərməməsi ucbatından hələ də status məsələsi açıq olaraq qalır. Bir daha onu qeyd etmək istəyirəm ki, Rusiya, Qazaxıstan və Azərbaycan arasında öz həlini tapmayan belə bir prinsipial məsələ qalmayıb.
- Türkmənistan tərəfi Xəzərdə donanma saxlamağa hazırlaşır. Bu, Xəzərin hərbiləşdirilməsinə gətirib çıxara bilərmi?
- Bəli, Türkmənistan bir neçə ay bundan öncə, belə bir iddia ilə çıxış etdi. Lakin bu istiqamətdə ciddi bir addım atmadı. Yəni, məsələni beynəlxalq məhkəmə səviyyəsinə qaldırmadı. Çünki bunun heç bir hüquqi əsası yoxdur. Hər şeydən öncə, beynəlxalq məhkəməyə müraciət etməyin müəyyən prosedur qaydaları var. Yəni müraciət edən dövlət öz üzərinə müəyyən öhdəlik götürməlidir. Türkmənistanın isə bu öhdəliyi yerinə yetirmək üçün kifayət qədər resursu yoxdur. Ona görə də, Türkmənistanın qəbul etmək istədiyi bu qərar bəri başdan fiaskoya uğramışdır. Digər tərəfdən də, nəzərinizə çatdırım ki, Azərbycanın konkret arqumentləri var ki, beynəlxalq müstəvidə məsələnin həlli üçün nümayiş etdirsin. Türkmənistanın bu məsələnin beynəlxalq səviyyədə həll etməsi ilə bağlı Azərbaycan üçün hər hansı bir təhlükənin yaranacağını düşünmürəm.
- Xəzərin bölünməsi ilə bağlı Türkmənistanın mövcud problemlərin həll edilməsi üçün beynəlxalq məhkəməyə müraciət edəcəyi bildirilirdi. Bu, nə dərəcədə hüquqi əsası olan müraciət hesab edilə bilər?
- Məsələ burasındadır ki, Xəzəryanı ölkələrin Xəzərin statusunun həll edilməsindən sonra onlara düşən paylarda belə bir addımın atılması mümkündür. Yəni, hər bir ölkənin paylarının müəyyənləşdirməsindən sonra bu istiqamətdə addımlar atıla bilər. Hər bir ölkənin müvafiq çərçivələr daxilində özlərinə aid hissədə hərbi donanma yaratmaq səlahiyyəti olacaq. Sözsüz ki, bu gün su sərhədinə malik hər bir dövlətin bir sıra ölkələrin müəyyən hüquqları vardır. Hesab etmirəm ki, bu məsələ Xəzərin militarizasiyasına səbəb ola bilər. Sözsüz ki, bu məsələlər xüsusi nəzarət altında həyata keçirilməlidir. Bayaq da xatırlatdığım kimi, sonuncu Bakı sammitində bu məsələlər də müzakirə obyekti olaraq, nəzərdən keçirilmişdir. Amma şübəsiz ki, bunlar xaotik formada deyil, sistemləşdirilmiş şəkildə həyata keçirilir. Yəni hər bir dövlətin hüquqlarına hörmət etməklə.