Alt Komitənin bərpası Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirə bilər
- AŞPA-nın iyunun 24-də keçirilən toplantısında Azərbaycan üzrə həmməruzəçi Andreas Herkel "Azərbaycanda demokratik institutların vəziyyəti" mövzusunda məruzə ilə çıxış etmişdir. Ümumilikdə, bu, məruzəni necə şərh edərdiniz?
- AŞPA-nın öhdəliklərin icrasına nəzarət komitəsi çərçivəsində Azərbaycanın AŞ-yə üzv daxil olarkən, üzərinə götürdüyü öhdəliklərin monitorinqi həyata keçirilir. Bu monitorinqin missiyası 2001-ci ildə başlayıb və missiya bu gün də işini davam etdirir. Monitorinq üzrə missiyanın gerçəkləşməsi məqsədilə həmməruzəçilər təyin olunur. Azərbaycan üzrə həmməruzəçilər bu son qətnaməni hazırlayıbdır. Bu qətnamə Azərbaycanla bağlı "Azərbaycanda demokratik institutların fəaliyyət" mövzusunda müzakirəyə çıxarılan 6-cı məruzə idi. Bu məruzəni yaddaqalan edən bir cəhət bu qətnamənin Azərbaycanda parlament seçkilərindən öncə hazırlanması idi. Bu tip məruzələr həmməruzəçilər tərəfindən hazırlanır. Məruzəçilər bölgələrə mütəmadi səfərlər edir və vəziyyəti öyrənirlər. Avropa Şurası qarşısında götürülən öhdəliklərin icra edilməsini dəyərləndirir. Ölkədə demokratik institutların fəallığının mövcudluğuna qiymət verir və beləliklə də, yekun bir məruzə hazırlanaraq, AŞPA-nın Monitoriq Komitəsinin müzakirəsinə təqdim edirlər. Monitorinq komitəsi belə bir məsələni müzakirə etdikdən sonra səsə qoyur və sənəd daha sonra AŞPA-nın plenar iclasında müzakirə edilir. Bu sənədin qəbulu da məhz bu qaydada reallaşmışdır. Monitorinq Komitəsində müzakirələrdən sonra "Azərbaycanda demokratik institutların inkişafı" mövzusunda AŞPA-nın plenar iclasının müzakirəsinə təqdim edilmişdir.
- AŞPA-nın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Alt Komitəsinin bərpa edilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı imkanlar yarada bilər?
- Artıq alt komitə öz işini bərpa edib. AŞPA prezidenti Mövlud Çavuşoğlunun Dağlıq Qarabağ üzrə Alt Komitənin öz işinin bərpasında xüsusi xidmətləri var. Mövlud Çavuşoğlu AŞPA prezidenti olaraq üzərinə götürdüyü missiyanın uğurla davam etməsində maraqlıdır. Bu baxımdan, onun belə bir təşəbbüslə çıxış etməsini yüksək dəyərləndirmək lazımdır. Alt komitə çərçivəsində müzakirələr davam edir. Əslində, bu müzakirələr Azərbaycanın mənafeyinə uyğun müzakirələrdir. Çünki AŞPA-nın qəbul etdiyi Dağlıq Qarabağla münaqişəsinin həllinə dair qətnamənin maddələri məhz reallığa söykənir. Bu baxımdan, kifayət qədər obyektiv və beynəlxalq hüquq normaları ilə uyğunluq təşkil edən bir qətnamənin icra vəziyyətinin təftiş edilməsi Azərbaycanın maraqlarına uyğun bir haldır. Həmin qətnamədə Ermənistanın silahlı birləşmələri işğalçı birləşmələr kimi təqdim olunur. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğu qeyd olunur, Dağlıq Qarabağ rejimi separatçı rejim adlandırılır. Dağlıq Qarabağda etnik təmizləmə nəticəsində yaranmış reallıqlarla AŞPA-nın heç zaman barışmayacağı bildirilir. Yəni etnik təmizlənmələr, etnik təmizlənmənin nəticəsinin aradan qaldırılması işğalçı qoşunların işğal etdikləri ərazilərdən çəkilməsi ilə bağlı konkret tələblər var. Bu baxımdan, belə bir cəsarətli, obyektiv qətnamənin icra vəziyyətini təftiş edən alt komitənin fəaliyyətində, sözsüz ki, maraqlıyıq. Amma gerçəkliyin bir hissəsi ondan ibarətdir ki, AŞPA rəsmiləri bu günə qədər həmin o qəbul olunmuş qətnamə istisna olmaqla Dağlıq Qarabağ münaqişəsinin həllində bilavastə iştirakdan yayınırlar və münaqişənin həllini ATƏT-in Minsk qrupunun üzərinə qoymağa üstünlük verirlər. Dəfələrlə AŞPA rəhbərliyinə sorğular göndərilib, 14 nömrəli qətnamənin icrası ilə, konkret addım atılmaması ilə bağlı iradlar bildirilib. Bu iradların da müqabilində AŞPA rəsmilərindən aldığımız cavablar ondan ibarətdir ki, münaqişə ATƏT-in Minsk qrupu formatında tənzimlənib və AŞPA olaraq isə yalnız tərəflar arasında münasibətin yaranmasına öz təklifimizi verə bilərik. Tərəflər arasında, yəni Ermənistanla Azərbaycanın dostlaşması isə aydındır ki, Azərbaycan ərazilərinin işğalı davam etdiyi, bir milyondan artıq azərbaycanlının köçkün həyatı yaşadığı bir vaxtda bu fikrin səslənməsi belə mənasızdır. Bu baxımdan, işğal bitməyənədək, Azərbaycanın məcburi köçkünləri öz torpaqlarına dönməyənədək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi üzərində suveren hüquqları bərpa olunmayanadək tərəflər arasında heç bir müsbət mühitin formalaşmasından söhbət gedə bilməz. Bu baxımdan, AŞPA dəfələrlə özünün gücsüzlüyünü, bu məsələlərdə zəifliyini etiraf edib. Amma bu etiraf kifayət qədər səmim deyil. Çünki Avropa Şurası istədiyi halda, bu məsələnin həlli ilə bağlı kifayət qədər təpki göstərə bilər. Düzdür, AŞPA-nın Ermənistana hərbi və iqtisadi baxımdan, təsir imkanları yoxdur, amma AŞPA kimi nüfuzlu insan haqları və demokratiya təşkilatları Ermənistanın ən azı üzərinə götürdüyü öhdəliyi icra etməməsi ilə bağlı tənqid və tənbeh edə bilər. AŞPA Ermənistanın qarşısına işğal edilmiş Azərbaycan ərazilərdən çəkilməsi ilə bağlı tələblər qoya bilər. Ermənistana münasibətini sərtləşdirə bilər, lakin bütün bunların heç birinə şahid olmadıq. AŞ işğalçı və işğala məruz qalan tərəf arasında heç bir fərq qoymur. Balanslaşdırma siyasəti aparır. Bir sıra məsələlərdə isə açıq-aydın Ermənistanın mövqeyinə uyğun mövqe nümayiş etdirir. Yəni, Azərbaycana təzyiqlər edilir, Azərbaycana qarşı, əslində, heç bir siyasi motivi olmayan müəyyən məhdudlaşmalarla bağlı tələblər irəli sürüldüyü halda, Ermənistanda baş verən qanun pozuntularına münasibətdə sərt mövqe nümayiş etdirmir. Təbii ki, bu da AŞPA-nın Ermənistana və Azərbaycana münasibətdə eyni mövqedən çıxış etməsini sübut edir. Dağlıq Qarabağla münasibətdə AŞPA Azərbaycanı Ermənistanla bərabərləşdirir, hər ikisinə eyni nöqteyi-nəzərdən baxır. Amma insan haqları məsələsinə gəlincə, Ermənistana təzyiq göstərmək istəmir.
- Ermənistan tərəfindən iyunun 18-də və 19-da müşayiət olunan atəşkəsin ciddi şəkildə pozulması məsələsi AŞPA-da müzakirə olundumu?
- Bu mövzu, konkret olaraq, müzakirəyə təqdim olunmadı. Amma çıxışlar zamanı bu məsələyə toxunuldu. Ermənistan nümayəndə heyətinin üzvü çox mənəviyyatsızcasına və açıq-aşkar riyakarlıqla Azərbaycanın Ermənistana hücum etdiyini, dörd erməni əsgərini öldürdüyünü, bir nəfərin isə yaralandığını qeyd etdi. Sözsüz ki, bu mənasız, reallığa söykənməyən, gülüş doğuran bir bəyanat idi. Azərbaycan nümayəndə heyətinin cavabı da ondan ibarət oldu ki, xəritəyə baxanda, Dağlıq Qarabağın harada yerləşdiyini dəqiqləşdirin, ondan sonra isə Azərbaycanı deyil, Ermənistanı ittiham edin.
- AŞPA-nın Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ikili standartlardan yanaşması bu qurumun öz dəyərlərini, müəyyən mənada, itirdiyini deməyə əsas verə bilərmi?
- Çox təəssüf edirəm ki, demokratiya və insan haqları məsələsində AŞ bir çox hallarda prinsipiallıq nümayiş etdirmir. İstədiyi zaman istədiyi ölkəyə qarşı istədiyi mövqeyi sərgiləyir. Kiçik ölkələrlə bağlı prinsipiallıq nümayiş etdirməyə çalışır. Bu ölkələrdə insan hüquqlarının pozulmasına, demokratiyanın məhdudlaşdırılması hallarına göz yumur. Avropa Şurası insan hüquqları və demokratiya təşkilatından çox, maraqlar təşkilatına çevrilir. Maraqlar isə başqa müstəvidə mövcud olan münasibətlərdir və istərdik ki, AŞ insan haqları və demokratiya mövzusunda daha çox prinsipiallıq nümayiş etdirsin və tərəflərə eyni mövqedən yanaşsın. AŞ-yə üzv olan ölkələr arasında insan haqlarını ən kobud tərzdə pozan Ermənistan birinci yerdədir. AŞ-də ikinci bir ölkə yoxdur ki, onun hüquqa zidd davranışı insanın faciəsinə səbəb olsun.
- Qurumun qəbul etdiyi qərarı Azərbaycanın maraqlarına uyğun hesab etmək olarmı?
- Düşünürəm ki, kifayət qədər normal bir sənəddir. Orada razılaşdığımız, qəbul etdiyimiz və etmədiyimiz məqamlar var idi. Çünki sənəd monitorinq komitəsi tərəfindən hazırlanır, monitorinq nəzarəti olan ölkələrdə isə, sözsüz ki, yanaşmada müəyyən fərqlər ola bilər. Bu fərqlər tam aradan qaldırılanda, monitorinq missiyası da bitir. Nə qədər ki, monitorinq missiyası davam edir, deməli, müəyyən fərqlər var, müəyyən yanaşmalarda müxtəliflik var. Bu baxımdan, bu müxtəlifliyin olması da normal bir haldır. Müxtəliflik Azərbaycanda demokratiyanın, insan hüquqlarının inkişafına xidmət edir. Sənədin əsas qayəsini qarşıdan gələn parlament seçkiləri təşkil edir. Qətnamədə görtərilir ki, Azərbaycanda bu günə qədər keçirilən seçkilərdə kifayət qədər uğurlar əldə edilir və bununla yanaşı, bildirilir ki, qarşıdan gələn parlament seçkiləri Azərbaycan üçün bir sınaqdır. Azərbaycan bu seçkilərdə demokratiya imtahanı verəcəkdir. Seçkilər Avropa standartlarına tam uyğun şəkildə keçiriləcək və Azərbaycan tərəfi də bu istiqamətdə ciddi addımlar atmağa çağırır. Düşünürəm ki, qarşıdan gələn parlament seçkiləri əvvəlki seçkilərlə müqayisədə daha təkmilləşdirilmiş seçki olacaq. Bu, qanunauyğun bir haldır. Yəni Azərbaycanda seçki mədəniyyəti təkmilləşir, seçki ənənəsi inkişaf edir və sözsüz ki, 2010-cu ilin parlament seçkiləri 2005-ci ilin parlament seçkiləri ilə müqayisədə çox ciddi bir irəliləyişlə müşahidə olunacaqdır. Artıq seçkilərlə bağlı ciddi hazırlıqlar gedir. Müxtəlif siyasi partiyalar bölgələrdə özlərinin reytinqlərini və əhali arasında özlərinə qarşı münasibəti öyrənirlər. Bu ciddi hazırlıqlar, təhlillərdən sonra, sözsüz ki, seçki prosesində iştirak edən tərəflər istər hakimiyyət nümayəndələri olsun, istər müxalifət nümayəndələri olsun, istərsə də müstəqil namizədlər olsun . Hər kəs öz qüvvəsini dəyərləndirdikdən sonra, yəqin ki, ən layiqli namizəd seçiləcək və seçki kifayət qədər şəffaf keçəcəkdir. Düşünürəm ki, bu seçkilər nəticəsində Azərbaycan-AŞ münasibətlərində yeni və bir müsbət səhifə açılacaqdır.