PDF Oxu

Müsahibə

  • 12

Azərbaycan Ordusunun həmləsi qarşısında Ermənistan alt-üst oluna bilər

Azərbaycan Ordusunun həmləsi qarşısında Ermənistan alt-üst oluna bilər
- Elman müəllim, prezidentlərin Sankt-Peterburq görüşündən dərhal sonra Ermənistan ordusu Tərtər və Füzuli istiqamətində atəşkəsi pozub. Bunu Ermənistanın növbəti təxribatı hesab etmək olarmı?
- 1994-cü ilin 12 maından etibarən, atəşkəs rejimi başlayandan bu günə qədər hər dəfə danışıqlar prosesində elə bir məqam yaxınlaşır ki, Ermənistan nəyəsə razılaşmağa, imza atmağa məcbur olur. O zaman da Ermənistan siyasi arenasında, hökmən təxribat xarakterli hərəkətlər baş verməyə başlayır.Ya cəbhə xəttində atəşkəs pozulur, ya hərbi təlimlərə başlayır, ya ölkə daxilində iqtidar-müxalifət arasında bir gərginlik yaşanır, ya da xaricdəki erməni diasporu bunlara təzyiq edir və müxtəlif bəhanələrə, qalmaqallara əl atır, müxtəlif variantlar üzərində var-gəl edirlər. Bu, ermənilərin növbəti bir provokasiyasıdır, təxribat xarakterli hərəkətləridir. Məqsəd də məlumdur. Onlar danışıqların nəticələrindən yayınırlar.
İndi yeniləşmiş Madrid prinsipləri ilə bağlı razılaşma olmalıdır. Bu razılaşmalara onlar iki həftə ərzində cavab verməyə söz vermişdilər. Lakin altı aydan çox vaxt keçibdir ki, Ermənistan heç bir cavab verməyibdir və bu da bizə onu deməyə əsas verir ki, Ermənistan bu məsələnin həqiqətdə sülh yolu ilə tənzimlənməsinə razılıq verməyəcəkdir. Ermənistan bütün beynəlxalq aləmdə utanmadan deyir ki, biz müharibə olmadan sülh, danışıqları yolu ilə məsələni həll etmək istəyirik. Artıq 16 ildir ki, danışıqlar gedir, amma ortada real nəticə yoxdur. Torpaqlarımız işğal altında qalır. Bunu da Ermənistan təkbaşına etmir. Təbii ki, Ermənistana pərdəarxası havadarlıq,himayədarlıq edən güclü qüvvələr var. Həmən o qüvvələrin diqtəsi ilə Ermənistan bu hərəkətləri edir. Əgər Ermənistan hakimiyyəti bilsə ki, onların bu təcavüzkarlığını, zorakılığını, işğalçılıq siyasətini müdafiə edən hər hansı qüvvə yoxdur və Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə başlayanda, ona heç kim kömək etməyəcək, o zaman, yəqin ki, Ermənistan hakimiyyətinin cəsarəti çatıb belə bir alçaq, qaniçən hərəkət etməz.
- Cəbhədə baş verən məlum olaydan dərhal sonra Serj Sarkisyan Dağlıq Qarabağın müstəqil dövlət olacağını bəyan edib. Bu halda, Dağlıq Qarabağ istiqamətində aparılan danışıqların bir nəticəsi olacaqmı?
- Serj Sarkisyan və onun aid olduğu komanda Robert Köçəryan-Serj Sarkisyan komandası Dağlıq Qarabağ kartı üzərində siyasi arenaya gəliblər və hakimiyyət qazanıblar. S.Sarkisyan və onun kimilər belə bir şayiə yayırlar ki, guya Dağlıq Qarabağdakı ermənilərə və ümumən erməni xalqına söz veriblər ki, Dağlıq Qarabağda böyük bir dövlət yaradacağıq və yaratdığımız bu dövləti də hər kəs tanıyacaq. Yəni bunlar S.Sarkisyan kimilərinin boş xülyalarıdır. Dağlıq Qarabağ Azərbaycan ərazisidir və xalqımız öz ərazisini bir qarışını belə heç kimə güzəştə getməyəcək. Sadəcə olaraq, hər şeyin geci-tezi var. Azərbaycan hər zaman olduğu kimi, yenə də öz sözünü deyəcək və Dağlıq Qarabağdakı qondarma qurumu, oradakı qeyri-qanuni fəaliyyət göstərməklə, mövcud olan cinayətkar silahlı birləşmələri də məhv edəcəkdir. Ermənistan etnik qurumu bir dəfə öz müqəddəratını həll edibdir və sovet imperiyasının köməkliyi ilə qədim və əzəmətli Azərbaycan torpaqlarında erməni dövləti yaradıbdı. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcək və heç bir beynəlxalq təşkilat və böyük dövlətlər bunu tanımayacaq və razılıq verməyəcək. Azərbaycan öz ərazisini erməni cinayətkarlarından, qaniçənlərdən mütləq təmizləyəcəkdir. Milliyətindən asılı olmayaraq kim Azərbaycan qanunlarına tabe olacaqsa, o, Azərbaycanda yaşayacaq, lakin kim bu qanunlara tabe olmayacaqsa, onlar cəzalanacaqlar.
- Cəbhə xəttində baş verən son olaydan sonra, ilk dəfə olaraq, Ermənistan Xarici İşlər Nazirliyi, eləcə də, müdafiə nazirliyinin yaydığı bəyanatda məğlubiyyətə uğradıqlarını birmənalı şəkildə etiraf ediblər. Bu etiraf erməni daxili auditoriyasında necə qarşılanacaq?
- Ermənistan cəmiyyəti və Ermənistan rəhbərliyi bütövlükdə çox dəqiq bilirlər ki, Ermənistan ordusu bu gün Azərbaycan ordusunun qarşısında çox aciz, cılız bir formada olan dəstədir. Bütün insident hallarında Ermənistan Azərbaycanın cəbhə xəttini atəşə tutmağa başlayanda, Azərbaycan əsgərlərinin cavab atəşi nəticəsində susdurulur və itki verərək geri çəkilməyə məcbur olurlar. Ermənistan ordusuna bir daha sübut edilir ki, indi Azərbaycan ordusu Ermənistan ordusundan qat-qat güclüdür.
Azərbaycan ordusu istənilən anda torpaqlarını işğaldan azad etməyə qadirdir.
- Ermənistan hakimiyyətinin beynəlxalq təşkilatlardan və özlərinə himayədar bildikləri dövlətlərdən Azərbaycanın müharibə çağrışlarına reaksiya vermələrini xahiş etməsi bu ölkənin son dərəcə acınacaqlı durumda olduğunu deməyə əsas verirmi?
- Son günlərdə həm Tərtər, həm də Füzuli istiqamətində Azərbaycan ordusunun düşmənə vurduğu sarsıdıcı zərbələr düşməni artıq geri çəkilməyə və susmağa məcbur edibdir. Ermənilər başa düşüblər ki, Azərbaycan ordusu qarşısında acizdirlər. Hazırda vəziyyət belədir. Azərbaycan ordusu güclü olduğunu bir daha sübut etdi. Bizim hər birimiz Azərbaycan torpaqlarının işğaldan azad olmasını arzulayırıq. Demokratiya prinsiplərinə riayət edən Azərbaycan xalqı vətənpərvərlik nümunəsi göstərir.
Bizim hər birimizdən daha yüksək dərəcədə vətənpərvər olan şəxs cənab Prezidentimiz möhtərəm İlham Əliyevdir. Ordumuzu möhkəmləndirən, ruhlandıran, torpaqlarımızın hər an işğaldan azad olunması üçün qətiyyətli sözünü deyən, cəsarətli hərəkət edən, daxili- xarici siyasətimizi düzgün istiqamətləndirən də cənab Prezidentimizdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər dəfə beynəlxalq təşkilatlar, böyük dövlətlər qarşısında etdiyi danışıqlarda bəyan edir ki, Azərbaycan ordusu hər an torpaqlarını düşməndən azad etməyə qadirdir. Son bir- iki gündə olan hadisələr Prezidentimiz cənab İlham Əliyevin dediyi sözlərə sübut olundu ki, doğrudan da, belədir. Azərbaycanın güclü, fəxr olunacaq, böyük bir ordusu var. Hələ ki, beynəlxalq danışıqlar aparılır.
Mən də bir məcburi köçkün kimi, doğma yurd-yuvası işğal altında olan, vətən həsrəti ilə yaşayan bir Azərbaycan vətəndaşı kimi hesab edirəm ki, danışıqlar kəsilməsin, davam etdirilsin. Biz öz gücümüzü, qüvvəmizi azğın düşmənə göstərə- göstərə danışıqları da aparacağıq. Amma bir azərbaycanlı kimi hər birimiz əminik ki, istər sülh yolu, istərsə də hərbi yolla Azərbaycan ordusu qələbə qazanacaqdır. Bizim büdcədən hərbiyə ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən çoxdur. Bu da, onu deməyə əsas verir ki, istənilən vaxt, istənilən anda işğal altında olan torpaqları düşməndən azad etməyə qadirdilər. Bununla yanaşı, 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyi ordumuzun silah və texnika ilə təmin olunmasında mühüm işlər görür. Bunun özü isə ordu quruculuğu sahəsində, eyni zamanda, hərbçinin peşəkarlığının və döyüş qabiliyyətinin artırılması yolunda əsas sayıla bilər. Bununla yanaşı, qeyd edək ki, hərbçilərimizin dünyanın müxtəlif qaynar nöqtələrində öz xidməti borclarının öhdəsindən layiqincə gəlməsi, NATO sülhməramlılarının tərkibində öz peşəkarlıqları ilə seçilməsi ordumuzun güclü və qüdrətli göstərilməsinin əsas faktorlarından biridir. Ali Baş Komandan cənab İlham Əliyevin regionlara səfəri çərçivəsində hərbi hissələrdə də olması, hərbçilərin problemləri ilə maraqlanması əsgərlərdəki döyüş ruhunun yüksəlməsinə təkan verir.
Məlumdur ki, Ermənistandakı sosial vəziyyət günü-gündən gərginləşdiyi üçün ölkə əhalisi xarici ölkələrə üz tutur. Belə olduğu halda, hərbi xidmətə çağrılacaq gənclərin sayı azalır, sərhəd bölgələrində xidmət etməyə əsgər tapılmır. Bu, onu göstərir ki, hərbi əməliyyatlar başlanacağı təqdirdə, igid və mərd Azərbaycan əsgəri çox qısa vaxt ərzində öz əsgəri borcunu şərəflə yerinə yetirəcəkdir. Günü-gündən güclənib, inkişaf edən Azərbaycan bütün sahələrdə olduğu kimi, hərbi sahədə də böyük inkişafa nail olub. Dağlıq Qarabağ münaqişəsinin həlli sülh yolu ilə alınmasa, cənab Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, başqa vasitələrə də əl atılacaq. Yəni xalqımız öz haqq işi uğrunda mübarizəyə qalxıb, işğal altında olan torpaqları bədnam qonşularımızdan azad edəcəkdir.
Ümummilli lider, ulu öndər Heydər Əliyevin qurub-yaratdığı əzəmətli, müstəqil, suveren Azərbaycan dövləti hər zaman, hər yerdə öz sözünü deyib, deyir və deyəcəkdir. Bu gün ölkəmiz cənab Prezidentimiz İlham Əliyevin böyük iradəsi, uzaqgörənliyi, yürütdüyü düzgün daxili və xarici siyasət sayəsində uğurla gələcəyə doğru addımlayır. Hər bir azərbaycanlı bununla fəxr edir və qürur duyur.

Digər xəbərlər