PDF Oxu

Müsahibə

  • 10

Turizmin inkişafına geniş dövlət dəstəyi mövcuddur

Turizmin inkişafına geniş dövlət dəstəyi mövcuddur
- Sizcə, Azərbaycanda turizm, istirahət imkanlarının daha da sərfəli olması üçün dövlətin özünün bu işə dolayısı yolla olsa belə, müdaxiləsi lazımdırmı?
- Bəli, bu işə hökmən dövlətin müdaxiləsi lazımdır. Yəni, daxili turizmin inkişafı üçün dövlət müdaxiləsi qaçılmazdır. Bundan ötrü, birincisi, həmkarlar təşkilatlarına bu məqsədlər üçün Sosial Müdafiə Fondundan daha çox vəsait ayrılmalıdır. Bu gün "bolniçnıy list"ə pul ayırırlar. Axı nəyə görə ona pul ayıraq? O pulu verək adamlarımız, insanlarımız sağalsınlar, öz sağlamlıqlarının qayğısına qalsınlar, işdə xəstələnməsinlər. Turizm şirkələrinin fəaliyyətinə geniş dövlət dəstəyi mövcuddur. Mədəniyyət və Turizm Nazirliyində bu istiqamətdə mühüm addımlar atılır.
- Yeri gəlmişkən, tez-tez belə hallarla rastlaşırıq ki, turizm, istirahət məkanlarına üz tutan insanlarımız "QAİ" əməkdaşlarının yerli-yersiz müdaxilələri ilə qarşılaşırlar və bu da, belə demək mümkünsə, onların növbəti dəfə hansısa istirahət guşələrinə üz tutmalarını əngəlləyir.
- Tamamilə doğrudur, yeri gəldi-gəlmədi, hər yerdə radarların qoyulması insanları, sürücüləri, avtomobil sahiblərini bezdirir. Çox təəssüflər olsun ki, bu radarlardan bir gəlir mənbəyi kimi yararlanan bəzi "QAİ" əməkdaşlarımız da var. Ona görə bir balaca bu sahənin işçilərinə istiqamət vermək, başa salmaq lazımdır ki, insanları yeri gəldi-gəlmədi, narahat etməsinlər, incitməsinlər. Eyni zamanda, sözümün davamı olaraq, qeyd etmək istəyirəm ki, rayonlarda yerli icra hakimiyyətləri turizm sektoruna dəstək verməli, öz köməkliklərini göstərməlidirlər. Dəfələrlə demişəm, vaxtilə Türkiyədə mərhum Turqut Özalın vaxtında özəlləşdirmə, - buna bəzən özallaşdırma da deyirlər, - proqramı həyata keçirildi. Həmin proqramdan irəli gələrək, Türkiyədə turizmin inkişafı üçün, ilk növbədə, bütün turizm şirkətlərini beşillik vergilərdən azad etdilər, onlardan deklorasiya tələb etmədilər. İmkan yaratdılar kimin harada pulu vardısa, gətirib Türkiyəyə - turizmə yatırdı. İnfrastrukturu - yol, qaz, işıq çəkməyi də dövlət öz üzərinə götürdü. Bu prinsip Azərbaycanda da həyata keçirilməkdədir.
- Fikrinizcə, bu məsələdə maarifləndirmə və təbliğat işlərini gücləndirməyə də ehtiyac yoxdurmu?
- Hesab edirəm ki, bu məsələ ilə bağlı geniş maarifləndirmə, təbliğat işlərinə böyük ehtiyac var. Eyni zamanda, elə hesab edirəm ki, qeyri-hökumət təşkilatları, həmkarlar qurumları, o cümlədən, elektron və yazılı kütləvi informasiya vasitələri bu işdə xüsusi fəallıq nümayiş etdirməlidirlər. Bununla yanaşı, insanlarımızın özündə də bununla bağlı bir fəallıq, həvəs olmalıdır. Yeri gəlmişkən, bir neçə il dalbadal "Palıdlı sahil" istirahət mərkəzində "Gənc liderlər" klubu üçün çadır şəhərciyi təşkil edirdik, ən azı, 200 nəfər gənc gəlib orada istirahət edirdi. Ancaq sonradan onlar bu şəhərciyi bəyənmədilər. Nədi-nədi, çadırda qalırlar. Axı bəyəm bunun nəyi pisdir ki? Ona görə hesab edirəm ki, insanlarımız arasında öz istirahətlərini düzgün qurmaları üçün geniş maarifləndirmə, təbliğat-təşviqat işlərinin aparılmasına böyük ehtiyac duyulur.
- Məqamı düşmüşkən, insanların müəyyən hissəsinin iş yerləri özəl müəssisələrdir. Bu baxımdan, ola bilərmi ki, həmin özəl müəssisələrdə çalışan insanların istirahətlərinin səmərəli təşkili üçün qanunvericilik yolu ilə sözügedən müəssisələrin rəhbərləri, iş adamları qarşısında müəyyən məsuliyyətlər nəzərdə tutulsun?
- Bunun üçün, ilk növbədə, işə girən adam müqavilə bağlamalıdır və həmin müqaviləni bağlayarkən, orada qeyd etməlidir ki, mənim "weekend"imi təmin et. Müqavilə şərtlərindən biri məhz bu olmalıdır. İşçi işə girəndə, deməlidir ki, məni işə götürürsən, mənə ehtiyacın var, o zaman bunu da et. Əgər işə götürən bununla razılaşmasa, o zaman başqa yol tapmaq lazımdır. Ən azı çalışmaq lazımdır ki, müqavilədə heç olmasa ildə bir dəfə bu məsələni reallaşdırmaqla bağlı məqam öz əksini tapsın. Bir sözlə, bizdə istirahət mədəniyyətinin, istirahət biznesinin qurulması, formalaşması üçün çox ciddi addımlar atılmalıdır.

Digər xəbərlər