PDF Oxu

Müsahibə

  • 12

Müxalifətin hərəkətləri milli xəyanətdir

Müxalifətin hərəkətləri milli xəyanətdir

Məlumdur ki, parlament seçkiləri öncəsi bəzi müxalifət partiyaları xarici qüvvələrin maraqlarına uyğun addımlar ataraq, ölkədə qarşıdurmalar yaratmağa cəhdlər göstərirlər. Lakin onların bütün cəhdləri uğursuz alınır və bundan sonrakı cəhdləri də uğursuz olacaq. Radikal müxalifət partiyalarının atdıqları belə addımlara və onların xarici qüvvələrdən aldıqları pullar hesabına ölkədə iğtişaşlar yaratmaq cəhdlərinə münasibət bildirən "Milli Dövlətçilik" partiyasının sədri Nemət Pənahlı belə halların yolverilməz olduğunu söylədi:

- Nemət bəy, bəzi müxalifət partiyaları bloklar yaratmaq, bu blokların tərkibində seçkilərdə iştirak etmək niyyətindədirlər. Bəs sizin partiya belə bloklara qoşulmaq barədə nə düşünür?

- Biz hər hansı bir bloka qatılmaq, blok yaratmaq barədə düşünmürük. Buna ehtiyac görmürük. Bizim üçün fərqi yoxdur, kim birləşir birləşsin, kim blok yaratmaq istəyirsə, yaratsın. Bizim bu barədə heç bir fikrimiz yoxdur.

Müxalifət partiyalarının mitinq keçirmək istəyini, həvəsini necə qiymətləndirirsiz?

- Mitinq keçirmək hər bir insanın haqqıdır və yəqin ki, onlar bu haqdan istifadə etmək istəyirlər. Mitinq keçirmək istəyən partiyalar, yəqin ki, öz güclərini ortaya qoymaq, göstərmək istəyirlər. Hər halda, hər şey göz önündədir. Mənim bu barədə deyiləsi fikrim yoxdur.

- Nəyə görə məhz icazəsiz aksiyalara meyil göstərilir?

- Mənim icazəsiz mitinq keçirən partiyaların heç biri ilə əlaqəm yoxdur və bu barədə onların nə düşündüklərini bilmirəm. Nəyə görə icazəsiz mitinqlər keçirməyə bu qədər çox cəhd göstərdiklərini də anlamıram.

- Nemət bəy, necə ola bilər ki, siz xarici ölkələrdə baş verən məsələlərə münasibət bildirirsiz, lakin ölkə daxilində baş verən məsələlər haqqında mülahizə bildirmirsiniz?

- Bilirsiniz, seçki ili olduğuna görə, partiyalar bloklaşmaq, birləşmək istəyirlər. Hansısa partiyaların yetkililərinin fikriləri, düşüncələri üst-üstə düşürsə, onlar birləşmək niyyətində olurlar. Onların əvəzindən danışmaq mənim üçün çətindir.

- Sizin üçün qəribə deyilmi ki, dünən bir-birlərini söyüb təhqir edən Müsavat, AXCP (i) və digər müxalifət partiyalarının rəhbərləri bu gün bir masa arxasında oturub hansısa bloklaşmadan, birləşmədən danışırlar?

- Belə hallar siyasi proseslərdə zaman-zaman baş verir və dünən düşmən olanlar bu gün dostlaşmaq niyyətinə düşüblər. Vaxtilə iqtidara qatı düşmən mövqedə duran insanlar indi hakimiyyətə yaltaqlanır. Əvvəllər bu insanlar özlərini iqtidara müxalif kimi göstərirdilər, indi isə əsil yaltaqlıq yarışına giriblər.

- Müxalifət partiyalarının xarici qrant verənlərlə, xarici dairələrin istəkləri ilə, verdikləri maliyyə ilə işləmələrinə, onların maraqlarına xidmət etmələrinə necə baxırsınız?

- Mən hər zaman demişəm, indi də deyirəm, partiyaların xarici qrantlar almalarını və xarici təşkilatlarla əməkdaşlıq etmələrini, onların maraqları naminə addım atmaqlarını xəyanət hesab edirəm.

- Bu mənada, demək olarmı ki, AXCP (i) sədri Əli Kərimovun xarici mətbuatda Azərbaycanın əleyhinə dərc etdirdiyi məqalə onun xəyanətkar olması deməkdir?

- Azərbaycanın hər hansı bir müxalifət partiyasının xarici qüvvələrə ölkəmizin əleyhinə məlumat verməsi bağışlanılmaz xəyanətdir. Belə iş görmək olmaz. Qətiyyətlə deyirəm ki, bu kimi işlər milli xəyanətdir.

- Onlarla hansısa bir masa arxasında oturarkən, öz iradlarınızı həmin insanlara bildirmisinizmi?

- Bəli, mən hər zaman dəfələrlə partiya liderləri ilə söhbətimdə bu məsələni onlara söyləmişəm, öz fikirlərimi bildirmişəm və iradlarımı demişəm. Onların Azərbaycan əleyhinə xarici qüvvələrə işləmələrini özlərinin yanında tənqid etmişəm.

- Seçki öncəsi bəzi müxalifət partiyaları xarici təşkilatlardan pul alaraq ölkədə iğtişaşlar yaratmağa cəhd göstərirlər. Məsələn, AXCP (i) 480 min, Müsavat isə 110 min avro pul alıb və qarşıdurmalar yaratmaq üçün bu pullardan istifadə edirlər. Bu, qanunvericilikdə də zidd addım hesab edilir. Siz bunu necə qiymətləndirirsiniz?

- Bilirsiniz, mən yenə də deyirəm ki, öz ölkəsinin əleyhinə olaraq hansısa xarici təşkilatlardan, xarici qurumlardan pul alaraq ölkədə qarşıdurma, iğtişaş yaratmaq istəyən insanlar, partiyalar və onların rəhbərlikləri milli xəyanətlə məşğuldurlar. Onlar ölkələrinə, millətlərinə xəyanət edirlər. Partiyalar xarici qüvvələrin maraqlarına görə millətinə xəyanət edə bilməz. Birmənalı şəkildə mənim mövqeyim budur.

- Nemət bəy, Fazil Qəzənfəroğlu, Asim Mollazadə, Qüdrət Həsənquliyev kimi müxalifət partiyalarının rəhbərləri kimi fəaliyyət göstərirlər, onların haqları tanınır və onlara rahat şərait yaradılıb. Siz onları müxalifətçi hesab etmirsiniz?

- Qüdrət Həsənquliyev, Fazil Qəzənfəroğlu və bəziləri var ki, onlar sərt müxalifətçilik prinsiplərindən çıxış etmirlər. Onların əvvəlki mövqeləri ilə indi tutduqları mövqelər üst-üstə düşmür. Bu insanların da sərt müxalifətçilik mövqeyi nümayiş etdirdikləri zamanlar olub, lakin indi onlarda yumşalmalar müşahidə edilməkdədir.

Digər xəbərlər