Türkiyə-Azərbaycan dost və qardaş dövlətlərdir
Məlum olduğu kimi, iyunun 7-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasında işgüzar səfərdə olub. Səfər zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafına xidmət edən görüşlər və müqavilələr imzalanıb. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb, ikitrəfli, regional və beynəlxalq məsələlər müzakirə olunub.
Qeyd etmək yerinə düşər ki, son vaxtlar regionda yaşanan proseslər və Türkiyə-Azərbaycan münasibətlərinin daha da istiləşməsi fonunda bu səfərin böyük önəm daşıdığını söyləmək olar. İstanbulda imzalanan sənədlər göstərdi ki, iki qardaş ölkə iqtisadi əlaqələri daha da möhkəmləndirərək, bir-birinə inkişaf etməkdə yardımlarını artırırlar. Millət vəkili Aydın Mirzəzadə bizimlə söhbətində Türkiyə və Azərbaycanın bütün məsələlərdə bundan sonra da, eyni mövqedən çıxış edəcəyini bildirdi.
- Ümumiyyətlə, bildirmək istərdim ki, "Şahdəniz" qazının Azərbaycandan Türkiyəyə ixracı ilə bağlı sazişin imzalanması iki ölkə arasında enerji siyasətində mühüm bir tarixi hadisədir. Bu sazişin imzalanması, bir daha onu göstərdi ki, bütün sahələr üzrə Türkiyə ilə Azərbaycanı bağlayan cəhətlər genişdir və istənilən müzakirələrin nəticələr hər iki ölkələrin maraqlarına uyğun formada həyata keçirilir. Digər tərəfdən, ölkə Prezidentimiz İlham Əliyevin Türkiyə prezidenti Abdullah Gül, eyni zamanda, Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşlərində Azərbaycanın daima qardaş ölkənin yanında olduğunu, apardığı siyasəti müdafiə etdiyini və iki ölkənin birliyinin regionda stabillik gətirdiyi məsələni bir daha vurğulamışdı. Bu bəyanata münasibət bildirən Baş nazir R.T.Ərdoğan Azərbaycanın mövqeyindən razı qaldığını və belə bir addım atacağını gözlədiyini bildirdi. Eyni zamanda, səfər çərçivəsində üçtərəfli - Azərbaycan Prezidentinin iştirakı ilə Rusiya və Türkiyənin baş nazirlərinin birgə keçirilən görüşdə bir çox məsələlər, o cümlədən, Dağlıq Qarabağ məsələsinin həll edilməsi bu səfərin güclü tərəflərindən biri hesab edilə bilər. Yəni növbəti dəfə Azərbaycan Türkiyə ilə münasibətlərinin daima yüksək səviyyədə saxlanmasında marağı olduğunu, əməkdaşlıq sahələrinin daha da genişləndirilməsini və yeni sahələrin axtarılmasında maraqlı olduğunu ortaya qoydu.
- Aydın müəllim, qazın nəqli ilə bağlı imzalanan müqavilə, bir daha onu sübut etdi ki, Azərbaycan regionunun enerji təhlükəsizliyində rolu, doğurdan da, əvəzedilməzdir. Sizcə, bunu deməyə əsaslar var?
- Bildiyiniz kimi, Azərbaycan neft-qaz ixrac edən ölkələrdəndir. Ancaq Azərbaycan, sadəcə olaraq, bu resursları satmır, Avropa bölgəsinin, qonşu dövlətlərinin enerji təhlükəsizliyinini təmin edilməsində çox ciddi rol oynadığını sübut edir. Azərbaycan neft-qaz faktorundan kiməsə təzyiq kimi istifadə etmir, bu məsələni, ilk növbədə, əməkdaşlıq etdiyi ölkələrin ikitərəfli maraqlarına cavab verməsinə çalışır.