"Rusiya Qafqazı itirməməkdən ötrü Azərbaycanın yanında olmalıdır"
- Cümşüd müəllim, yayılan məlumata görə, Dağlıq Qarabağ erməniləri, sadəcə, Azərbaycanın tərkibində olmalarına razılıqlarını ifadə edirlər. Amma Ermənistan rəhbərliyindən və səhra komandirlərindən asılı olmaları bu iddiaların gerçəkləşməsinə imkan vermir...
- Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanda yaşayan digər ermənilərin vəziyyətini bildiklərinə görə, artıq onların qərarı qətiləşib. Bakıda 22 min erməni var. Bunlara gözün üstündə qaşın var deyən də yoxdur. Bunlar Azərbaycan dövlətinin zəmanəti altındadır. Bunu onlar görür və bilir. Onsuz da Ermənistan dövlət kimi dövlət deyil. Məsələ ondadır ki, Sarkisyan siyasi cəhətdən yetkin olmayan insandır. Hələ bu azmış kimi, bu insan həm də səhra komandirlərindən asılı vəziyyətdədir. Əslində, Ermənistanın idarə olunmasında Rusiya amili birinci yeri tutur. İkinci yerdə də səhra komandirləridir. İndiki şəraitdə "Daşnaksütyun" partiyası onları yaxınlaşmağa qoymur. Hətta onların bəyanatı da yayımlandı ki, biz qələbə çalacağıq. Əslində, bu qələbə "Daşnaksütyun" partiyasının Ermənistan dövlətini məhv etməyə yönəlmiş bir siyasətidir. Zaman-zaman ermənilər vətənlərini dəyişməyə məcbur olurlar. Çünki millət kimi tanıyandan sonra heç kəs bunları sevmir. İndi Avstraliyada yaşamağı nəzərdə tutublar, ora köçməyə başlayıblar. Təssəvvür edin ki, Dağlıq Qarabağda 30 min, Ermənistan da isə 2 milyon erməni qalıb. Bu, o deməkdir ki, bunların ərazisi olmadığına görə, burada da qərar tuta bilmirlər. Hazırda Ermənistan rəhbərliyinin siyasəti ancaq buna yönəlib.
- Ola bilərmi ki, Rusiya amili Ermənistan rəhbərliyini Dağlıq Qarabağdakı ermənilərin maraqlarına uyğun addım atmaqdan çəkindirir?..
- Son zamanlar Azərbaycan-Rusiya münasibətləri yüksək həddədir. Rusiya Qafqazı itirməməyə görə, Azərbaycanın haqq səsini dəstəkləməyə məcburdur. Eyni zamanda, Azərbaycan Prezidentinin yürütdüyü xarici siyasət də Rusiyanı belə bir addım atmağa məcbur edir. İstanbulda nəzərdə tutulan üçtərəfli görüşün əsas məğzi də, məhz Dağlıq Qarabağ münaqişəinin həllinə yönəlib. Azərbaycan öz ərazisini azad etmək üçün hərbi yoldan istifadə edə bilər. Bunu da Rusiya çox gözəl görür. Rusiyanın Azərbaycanda iqtisadi maraqlarının qorunması, Rusiyada Azərbaycan diasporasının güclənməsi baxımından adıçəkilən ölkə buna məcburdur. Həmçinin, Azərbaycan dövlətinin xarici siyasətində hücum taktikasının gündəmə gəlməsi tək Rusiyanın deyil, bir sıra dövlətlərin də bu işə məcbur etmək iqtidarındadır. Məşhur siyasi psixoloq bu cür şeyləri 3 yerə bölür: birincisi, uşaq qrupudur, yəni "istəyirəm, istəmirəm". Ermənilər bu uşaq qrupundadır. İkincisi, böyüklər qrupudur ki, bura Rusiya ilə ABŞ aiddir. Onlar özlərini "olar-olmaz" kimi aparırlar. Yəni bunlar söz sahibidirlər. Bir də var ki, müdriklər, yəni nə lazımdır, nə lazım deyil". Azərbaycan hazırda üçüncü qrup bölgüsündədir. Azərbaycan başqalarına yox, öz dövlətinə və millətinə lazım olan məsələləri gündəmə gətirir. Bunu həyata keçirməkdə də israrlıdır. Azərbaycan çox ağıllı yol seçib. Rusiya Qafqazı itirməməkdən ötrü Azərbaycanın yanında olmalıdır. Rusiya Ermənistanı bu işlərdən, nəinki çəkindirir, həm də bir növ ondan dəyənək kimi istifadə edir. İmperiya xəstəliyinə tutulan dövlətlər bir növ xərçəng xəstəliyini xatırladır. Rusiya da imperiya xərçənginə tutulub. Fikirləşsə, Azərbaycanı Ermənistan kimi satqın dövlətin ayağına verməməlidir. Mənə elə gəlir ki, Rusiya bu yoldan tədricən uzaqlaşmağa başlayır.
- Son vaxtlar Türkiyə-Rusiya yaxınlaşması nəticə etibarı ilə, Moskvanın regiondakı maraqlarının müəyyən hissəsini Türkiyənin maraqlarına güzəştə getməsi nə dərəcədə proqnozlaşdırıla bilər?
- Son 5 yüz ildə Türkiyə-Rusiya münasibətləri həmişə gərgin olub. Türkiyə Rusiya üçün həm Orta Asiyanı, həm də Qafqazı saxlamağa, həmçinin, islam dünyası üçün lazımdır. Rusiya, eyni zamanda, NATO-nun üzvü olan dəniz qonşusu kimi Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq zorundadır. Türkiyənin strateji mövqeyi o qədər əlverişlidir ki, Rusiya həm Yaxın və Orta Şərqə, həm də Qərbə çıxmaq üçün Türkiyə kartından istifadə etmək məcburiyyətindədir. Eyni zamanda, iqtisadi maraqları üst-üstə gəlir. Bütün sadalanan amillər Türkiyəni və Rusiyanı favorit etmək məcburiyyətində qoydu. Bu yaxınlaşmadan daha çox Azərbaycan xeyir götürəcək. Çünki indiyə qədər Türkiyə Azərbaycanın ərazi bütövlüyü məsələsində bütün iddialarını ortaya qoyur. Nəzərə alsaq ki, Türkiyə həm qaza olan tələbatını ödəməklə, həm güzəştli şəraitin yaradılması, həm də dünya üçün tranzit enerji dəhlizinə çevirməklə bağlı Azərbaycanın maraqlarını qorumaq məcburiyyətində və borcundadır. Ümumilli liderimiz Heydər Əliyev 1994-cü ildə "Əsrin müqaviləsi"ni, eyni zamanda, ölkə Prezidenti İlham Əliyev Bakı-Qars dəmiryolunu imzalamaqla, eyni zamanda, yeni "Şahdəniz-2" yatağının Türkiyə üzərindən dünyaya satılmasını gündəmə gətirib. Təbii ki, bunların qarşılığını Türkiyə verməlidir. Hələ ki, Türkiyə Azərbaycanın maraqlarını satmayıb.