PDF Oxu

Müsahibə

  • 10

"Əli Əliyev ciddi siyasətçi olsaydı, AMİP-dən qovmazdılar"

"Əli Əliyev ciddi siyasətçi olsaydı, AMİP-dən qovmazdılar"
- Müsavat partiyası və AXCP (i) arasında sanki mitinq keçirmək uğrunda yarış gedir. Sizcə, bu yarışın favoriti kimdir?
- Bu yarışda favorit görmürəm. Digər tərəfdən, bu piket və mitinqləri gündəmdə qalmaq, kimlərəsə nə isə göstərmək xatirinə deyil, konkret məqsədlər üçün keçirmək olar. O da bütün etiraz vasitələri bitdikdən sonra olar. Çünki piket və mitinqlər sonuncu siyasi mübarizə metodudur. Azərbaycan müxalifəti isə işin əvvəlindən deyil, sonundan başlayırlar. Eyni zamanda, adlarını çəkdiyiniz siyasi partiyaların öz mitinqlərini keçirə biləcəklərini düşünmürəm. Müxtəlif bəhanələrlə onu ertələyəcəklər.
- Bunun üçün onlar hansı bəhanələr gətirə bilərlər?
- Bu bəhanələr zamanı çatanda bəlli olacaq. Əslində, onlar aksiya keçirmək iqtidarında deyillər. Təbii ki, onu təxirə saldıqda, müxtəlif yozumlarla bəraət qazanmağa çalışacaqlar.
- Əli bəy, mitinqlərə ictimai sifarişin olmadığını bilə-bilə onu keçirməyə cəhd göstərirlər. Bu işin arxasında hansısa qüvvənin əli ola bilər?
- Bu cür məsələlərə bir qədər ehtiyatla yanaşmağın tərəfdarıyam. Çünki dünyada və regionda gedən proseslər daha diqqətli olmağı tələb edir. Bu gün müxalifətin Azərbaycanda həyata keçirmək istədiyi hərəkətlər düşmənlərimizə sevinc hissi bəxş edə bilər. Ermənilər böyük maraqla gözləyirlər ki, Azərbaycanda qarşıdurma olsun, iğtişaş baş versin və bundan bəhrələnsinlər. Bu baxımdan, düşmənlərin əlinə hər hansı şans verə bilmərik.
- Parlament seçkiləri ərəfəsində müxalifətin bu fəallığı daxili istəkdən irəli gələ bilərmi?
- Bu gün Azərbaycan xalqının və millətinin taleyinə təsir edən, onu maraqlandıran, özünə cəlb edən məsələlərə əhəmiyyət vermək lazımdır. Bu istiqamətdə təklif və təşəbbüslər irəli sürmək daha yaxşı olardı. Bunun əksinə olaraq, müxalifətin mitinqlər keçirməyə cəhd göstərməsi düzgün addım deyil. Müxalifət mitinqlər keçirməklə qarşıdurma yaratmaq, bununla da Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərmək istəyir. Həmçinin, sosial qruplarla iqtidar arasında ziddiyyətlər yaratmağa çalışırlar. Buna imkan vermək olmaz.
- AXCP (i) sədri Əli Kərimovun iki dəfə ardıcıl olaraq dünyanın nüfuzlu mətbu nəşri olan "Vaşinqton Post" qəzetində məqalələrlə çıxış etməsi təsadüf idi?
- Əli Kərimov əvvəllər jurnalist olub, "Azadlıq" qəzetində işləyib. Hər halda, bu yazıları "Azadlıq" qəzetinə versəydi, daha yaxşı olardı. Mən siyasi mübarizənin dövlətçiliyimizə zərər vurmayacaq formada aparılmasının tərəfdarıyam. Siyasətçilər gəldi-gedərdi, lakin dövlətçiliyimiz əbədi və dönməzdir. Kimliyindən asılı olmayaraq, Azərbaycan dövlətinin və millətinin nüfuzuna xələl gətirəcək hərəkətlər yolverilməzdir. AMİP üçün ali dəyərlər hakimiyyətə gəlmək deyil, dövlətimizin və millətimizin beynəlxalq aləmdə müsbət imicinin formalaşdırılması və inteqrasiya prosesini dərinləşdirməkdir.
- Vaxtilə AMİP-də olmuş indiki "VİP" sədri Əli Əliyev Müsavat başqanı İsa Qəmbərov və Əli Kərimovla eyni siyasi mübarizə metodu seçib. Bu barədə fikirləriniz nədən ibarətdir?
- Azərbaycanda Əli Əliyev adlı ciddi siyasətçi tanımıram. Ona görə də, hansısa hərəkətinə ciddi münasibət bildirmək istəmirəm. Əgər onun siyasi yetkinliyi olsaydı, AMİP-dən qovmazdılar.
- "Azadlıq" bloku ilə Müsavat partiyası arasında yaxınlaşma tendensiyası müşahidə olunur. Parlament seçkilərində bu iki qurumun birgə iştirakı nə dərəcədə inandırıcıdır?
- Bu birlik baş tutmayacaq. Ona görə ki, hər iki siyasi qurumun öz maraqları var. Onların sosial bazaları arasında normal münasibət yoxdur. Bunun kökü AXC-nin hakimiyyəti dövründən başlayıb. Bu baxımdan, "Azadlıq" bloku ilə Müsavat partiyasının hər hansı məsələdə razılığa gəlməsi inandırıcı deyil. Yəni, bu münasibətlər o qədər dərin ziddiyyətlərə malikdir ki, qısa zaman kəsiyində həll olunaraq, əməkdaşlıq etmələri real deyil.

Digər xəbərlər