PDF Oxu

Müsahibə

  • 12

Ölkəmizdə tütünsüz mühit yaratmaq qanun layihəsi hazırlanır

Ölkəmizdə tütünsüz mühit yaratmaq qanun layihəsi hazırlanır
- Musa müəllim, bu günlərdə Milli Məclisin Sosial siyasət komitəsinin təşəbbüsü ilə "Milli qanunvericilikdə tütün istifadəsinin məhdudlaşdırılması: reallıqlar, problemlər və perspektivlər" mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masanın keçirilməsində məqsəd nədən ibarət idi?
- Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 31 may dünyada tütünsüz gün kimi qeyd olunur. Həmin gün bütün dünyada siqaretçəkmənin orqanizmə zərərli təsirləri, onun mənfi vərdiş kimi aradan qaldırılmasına yönəldilmiş tədbirlər, bununla bağlı maarifləndirmə işlərinin aparılması, insan sağlamlığına zərər vura biləcək bu və ya digər vərdişlərin proilaktikası ilə bağlı müxtəlif tədbirlər keçirilir. Müstəqillik əldə edəndən sonra Azərbaycanda neçə illərdir ki, bu tədbirlər keçirilir. Milli Məclisdə Sosial siyasət komitəsinin təşkilatçılığı, Səhiyyə Nazirliyinin ictimai səhiyyə mərkəzinin və bir sıra QHT-lərin dəstəyi ilə keçirilən dəyirmi masa da həmin problemə həsr olunmuşdu. Dəyirmi masada müvafiq dövlət qurumlarının rəhbər şəxsləri iştirak edirdi. Müzakirə mövzusu "Azərbaycanda siqaretçəkmənin məhdudlaşdırılması haqqında" qanun layihəsi, belə bir sənədin qəbul olunması zərurəti və tətbiqi ilə bağlı məsələlər olub.
- Qeyd etdiyiniz qanun layihəsində problemin həlli yolları necə göstərilib? Siqaretçəkmənin məhdudlaşdırılması üçün hansı addımlar atılacaq?
- Məlumdur ki, Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən işçi qrupu yaradılıb və işçi qrup siqaretçəkmənin məhdudlaşdırılması haqqında qanun layihəsi işləyib hazırlayır. Layihə hazırlanarkən bir çox ölkələrin təcrübəsi öyrənilib. 12 maddədən ibarət olan sənəddə qapalı mühitdə, xüsusilə ictimai tədbirlər keçirilən yerlərdə siqaretçəkmənin qadağan edilməsi önə çəkilir. İlk növbədə uşaq müəssisələrində, təhsil müəssisələrində, səhiyyə ocaqlarında, ictimai iaşə obyektlərində, ictimai nəqliyyatda və s. yerlərdə siqaret çəkilməsi qadağan olunur. İş yerlərində siqaret çəkmək üçün xüsusi yerlər ayrılmaqla məhdudlaşdırılır. Otellərdə siqaret çəkənlər üçün ayrıca nömrələr nəzərdə tutulur. Qanunun əsas mahiyyəti siqaretçəkmənin profilaktikasına yönəlib. Xüsusilə kütləvi informasiya vasitələrində, televiziya və radiolarda bir ayda 90 dəqiqədən az olmayaraq siqaretçəkmənin mənfi təsirləri barədə maarifləndirici verilişlərin yayımlanması, məktəblərdə dərs saatlarında bu məsələyə yer verilməsi və müxtəlif maarifləndirici tədbirlərin, sərgilərin, konfransların keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, siqareti tərgidənlər üçün Səhiyyə Nazirliyi tərəfindən müvafiq işlərin görülməsi, xüsusilə dövlət tibb müəssisələrində pulsuz müalicələrin həyata keçirilməsi qanunda öz əksini tapıb.
- Sənədin hazırlanmasında beynəlxalq təcrübənin öyrənildiyini vurğuladınız. Əsasən hansı ölkələrin təcrübəsindən istifadə olunub?
- Əsas məsələ bu qanunun real həyatda işləməsidir. Dünya təcrübəsində də rast gəlmişik ki, bir sıra ölkələrdə, konkret olaraq Rusiyada, Qazaxıstanda, Türkiyədə qanun birinci dəfə qəbul olunanda işləməyib. Türkiyədə bu qanun 1998-ci ildə qəbul olunsa da, 2008-ci ilədək işləməyib. 2008-ci ildə yeni qanun qəbul olunduqdan sonra tətbiq olunmağa başlayıb. Rusiyada 1994-cü ildə belə bir sənəd qəbul olunsa da, hələ də işləmir. Qazaxıstanda iki dəfə qəbul olunsa da, tətbiq olunmur. Bütün bunları nəzərə alaraq biz hərtərəfli araşdırmalarımızı davam etdiririk. Hesab edirəm ki, Türkiyə və İslandiyaının təcrübəsini bu baxımdan məqsədəuyğundur. Ona görə də, hazırladığımız qanunda bu ölkələrin təcrübəsindən istifadə olunması ehtimalı böyükdür.
- Belə bir qanunun sadaladığınız ölkələrdə işləməməsinin səbəbi nədir? Sizcə, Azərbaycan da bu problemlə rastlaşmayacaq ki?
- Hesab edirəm ki, ilk növbədə ictimaiyyət belə bir qanuna hazır olmalıdır. Ona görə də, Azərbaycanda bu istiqamətdə neçə illərdirdir ki, təbliğat, maarifləndirmə işləri aparılır. Digər tərəfdən, qanunun işləmə mexanizmində mütləq cərimə sanksiyalarının həm reallığa söykənməsi, həm də onun tətbiqi ilə bağlı bütün detallar dəqiqliklə öz əksini tapmalıdır. Hazırda qanunun icrasına nəzarətin hansı orqana həvalə edilməsi məsələsi açıq qalır. Bəzi ölkələrdə bu məsələyə bələdiyyələr, digərlərində isə polis orqanları nəzarət edir. Səhiyyə və vergi orqanlarının nəzarət etdiyi ölkələr də var. Bizim qanunumuzda da bu məsələ dəqiqləşməlidir.
Digər tərəfdən, cərimə sanksiyalarının məbləği və onun tutulma qaydaları müəyyənləşməlidir. Avropa ölkələrində fiziki şəxslər üçün cərimə 50 avro məbləğindədir. Türkiyədə isə təxminən 50 dollar civarındadır. Hüquqi şəxslər üçünsə cərimə 2000 YTL-dən çoxdur. Azərbaycanda isə hansı məbləğin müəyyənləşməsi qanun qəbul olunandan sonra İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişiklərdə öz əksini tapacaq.
- Musa müəllim, necə hesab edirsiniz, belə bir sənədin qəbul olunması ictimaiyyətdə hər hansı narazılıq yaratmayacaq ki?
- Bu qanunun qəbul edilməsində məqsəd siqaret çəkənləri ikinci növ insanlar elan etmək, onlara qarşı total mübarizə tədbiri aparmaq deyil. Sadəcə, məqsədimiz Azərbaycanda tütünsüz mühit yaratmaq üçün önləyici tədbirlərin görülməsidir. Bu qanunun əsas hədəfi yeniyetmələr, gənclər və uşaqlar olacaq ki, pis vərdişlərə yiyələnməyin qarşısı alınsın və siqaretçəkmə pis vərdiş kimi yaxın illərdə Azərbaycan cəmiyyətindən kənarlaşsın.
- Bu qanun layihəsinin Milli Məclisin müzakirəsinə nə vaxt çıxarılması nəzərdə tutulur?
- Sənədin parlamentin qarşıdakı payız sessiyasına qədər tam hazırlanmasını nəzərdə tuturuq. Əgər işlər yekunlaşsa qanun layihəsi payız sessiyasının iş planına daxil edilə və müzakirələrdən sonra qəbul oluna bilər.

Digər xəbərlər