Azərbaycan dünyanın göz dikdiyi iqtisadi mərkəzə çevrilir
- Vüqar müəllim, "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qoyrunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" Azərbaycan Prezidentinin fərmanı istehlakçıların hüquqlarının qorunması baxımından nə dərəcədə əhəmiyyətli olduğu təsdiqlənir?
- Əvvəlla, qeyd edim ki, ölkə Prezidenti İlham Əliyev cənablarının bu fərmanı sizin verdiyiniz sualda da hansı yüksək effektə malik olduğunu göstərdi. Bu Sərəncam sahibkarlıq mühitinin qorunub saxlanması və gücləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, Prezident bu sərəncamı imzalamamışdan əvvəl, sahibkarlara yersiz müdaxilənin aradan qaldırılması, eləcə də, nəticələri ilə bağlı ciddi göstərişlər vermişdir. Bu Sərəncam istehlakçıların hüquqlarının qorunması, eləcə də, sahibkarlığın fəaliyyətinin yaxşılaşdırılmasında öz əksini tapmışdır. Məhz bu Sərəncamdan sonra süni qiymət artımına qarşı ciddi mübarizə aparılıb. Belə ki, iqtisadi inkişaf nazirliyi süni şəkildə qiymətlərin artırılmasına qarşı ciddi mübarizə apararaq, müəyyən tədbirlər həyata keçirir. Həmçinin, ötən həftədən lisenziyaların alınması ilə bağlı prosesdə ərizələr elektron formada qəbul edilir. Eləcə də, sosial sferada, o cümlədən, Əmək və Əhalinin Sosial Müdafiə Fondu pensiyaların elektron formada hesablanması prosesini aparıb. Bütün bunlar, onu deməyə əsas verir ki, Sərəncam bütünlüklə, sahibkarlığın inkişafının yüksək səviyyədə qurulmasına öz təsirini göstərəcəkdir.
- Yoxsulluğun aradan qaldırılması, eləcə də, ümumdaxili məhsulun artırılmasında Sərəncamın əhəmiyyətini necə qeyd etmək olar?
- Sözsüz ki, bu Sərəncam təkcə sahibkarlığın inkişafına deyil, eyni zamanda, investisiya mühitinin yaxşılaşmasına, ölkədə yoxsulluğun aradan qaldırılmasına təsir edəcək sənəddir. Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə qədər azalıb. "Azərbaycanda yoxsul ailə qalmamalıdır" şüarı, həqiqətən də, həyata keçirilməkdədir. Bü cür təbii ehityatlarla zəngin olan bir ölkədə vətəndaşların həyat səviyyəsini yaxşılaşdırmaq üçün görülən işləri daha da sürətləndirmək lazımdır. Bir neft ölkəsi olaraq əhalinin neftdən gələn gəlirlərdən yararlanmasına çalışmalıyıq. Həmçinin, neft sektorundan gələn gəlirlərin köməyilə qeyri-neft sektorunu inkşaf etdirərək, balanslaşdırılmış bir iqtisadi siyasət həyata keçirməliyik. Çünki iqtisadi tərəqqinin sürətlənməsi xalqın həyat səviyyəsinin yüksəlməsi, sosial müdafiə sisteminin qabaqcıl dünya ənənələri əsasında təkmilləşdirilərək yenidən qurulması üçün möhkəm bünövrə formalaşdırıb. Davamlı iqtisadi inkişaf həm də yoxsulluqla ardıcıl mübarizəyə geniş imkan yaradıb. Ölkəmizdə sosial məsələlərin həllinin daim ölkə rəhbərinin diqqət mərkəzində olması, sosialyönümlü layihələrin gerçəkləşdirilməsinin iqtidarın fəaliyyətində prioritet təşkil etməsi bu sahədə böyük nailiyyətlərə yol açıb. Bir tərəfdən yeni yaradılan iş yerləri işsizliyin aradan qaldırılması prosesini sürətləndirir, digər tərəfdən dövlət büdcəsindən sosial sahəyə ayrılan xərclərin xüsusi çəkisi ilbəil artır. Bu yolla əmək qabiliyyətlilər işlə təmin olunur, obyektiv səbəblərdən işləyə bilməyənlərə ünvanlı sosial yardımlar verilir.
Bir sözlə, ölkəmiz artan iqtisadi gücünü məhz yoxsulluqla mübarizəyə yönəldib. Bu məsələ Prezident İlham Əliyevin də fəaliyyətinin prioritetləri sırasındadır. Dövlətimizin başçısı 7 il öncə, bu postda fəaliyyətə başlayarkən, əhalinin bir qisminin yoxsulluq səviyyəsində yaşamasının yolverilməz olduğunu söyləyərək, bu məsələnin həlli üçün bütün müvafiq tədbirlərin görüləcəyini söyləmişdi: "Şübhə etmirəm ki, biz qısa müddət ərzində Azərbaycanda yoxsulluğun aradan qaldırılmasına nail olacağıq. Azərbaycanda bir nəfər də yoxsul adam olmamalıdır və olmayacaqdır".
Beləliklə, "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın icrası nəticəsində ölkədə yoxsulluq səviyyəsi 29 faizə endi. Sonrakı mərhələdə - həmin proqramın davamı olan "Yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramının (2006-2015-ci illər)" icrası nəticəsində bu göstərici 16 faizə düşdü. Hökumət sonrakı mərhələdə də yoxsulluqla mübarizə istiqamətində tədbirləri davam etdirdi. Nəticədə, iqtisadiyyatın inkişafına təkan verən bütün layihələrə dəstək verməklə yanaşı, yoxsul təbəqəyə də yardımlar ayrıldı. Büdcədən maksimum səmərəli istifadə və iqtisadi gəlirlərin düzgün istiqamətə yönləndirilməsi prinisipini əsas tutaraq, vacib sahələr müəyyənləşdirildi. Əhalinin bir çox təbəqələrinə tətbiq edilən bir sıra güzəştlər ləğv edildi. Əvəzində yardımlarda ünvanlılıq prinsipi tətbiq edildi. Əhalinin müəyyən qismi üçün qazanmaq şəraiti yaradılır, sosial yardımlarla isə əmək qabiliyyəti olmayan ailələrə aylıq sosial yardımlar edilir. 20-dən çox sosial layihələr hazırlanıb ki, onların tətbiqi bir çox aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edəcək. Sözügedən sənəd qeyri-neft sektorunun və eləcə də, sahibkarlıq subyektlərini payının və rolunun artırılmasına, daha çox və keyfiyyətli məhsul istehsal etməsinə zəmin yaradır. Eyni zamanda, sahibkarların hüquqlarının qorunmasına, yoxsulluğun aradan qaldırılması baxımından da, bu sənədin əhəmiyyəti böyükdür.
- Vüqar müəllim, Asiya İnkişaf Bankının "ASİAN DEVOLOPMENT OUTLOOK 2010" hesabatında 2009-cu ildə Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər yüksək qiymətləndirilmişdir. 2010-cu ildə Azərbaycanda ÜDM artımı 9,5 faiz, 2011-ci ildə isə 9,7 faiz səviyyəsində planlaşdırılır. 2010-cu ildə Azərbaycanda ödəniş balansın profisiti 14,8 milyard dollar, 2011-ci ildə isə 16,2 milyard dollar təşkil edəcək. Sizcə, bu proqnozlar, onu deməyə əsas verirmi ki, Azərbaycanın düzgün qoyulan iqtisadi inkişafı uğurlu olacaq?
- Bu gün Azərbaycanın iqtisadi inkişafının düzgün istiqamətdə fəaliyyəti son 5-6 ildə əldə olunan nailiyyətlər də təsdiqlənir. Belə ki, Azərbaycan 2009-cu ildə MDB ölkələri içərisində ən yüksək göstəricilər əldə etməsi və ümumdaxili məhsulun 9,5 faiz artmasıdır. Bütün bunlar isə, sözsüz ki, Azərbaycanda keçirilən iqtisadi inkişafın düzgün istiqamətdə fəaliyyət göstərməsi nəticəsində əldə olunubdur. Hökumət nə 2009-cu ildə, nə də 2010-cu ildə, dövlət büdcəsini real proqnozlaşdırmayıb. Yəni 2009-cu ildə dövlət büdcəsində neftin bir barreli 70 dollar nəzərdə tutuldu. Lakin il ərzində neftin dünya bazar qiyməti 56 dollar təşkil etdi. Eyni zamanda, 2010-cu ilin büdcəsində neftin qiyməti 45 dollardan götürülüb. Halbuki bu ilin birinci rübündə neftin bazar qiyməti orta hesabla 75 dollar oldu. Bu isə neftin dövlət büdcəsində proqnozlaşdırılan qiymətindən 30 dollar çoxdur. Büdcəyə nə üçün əlavə və dəyişikliklərin edilməyəcəyi ilə bağlı rəsmi açıqlama, eləcə də, iqtisadi izahat verilmir. Amma reallıq odur ki, dövlət büdcəsinə əlavə və dəyişikliklərin olunmamasının bir neçə mənfi təsirləri var. Əvvəla, bu neft sektorundan büdcəyə ödənilən vergilərin düzgün proqnozlaşdırılmasına imkan vermir. Kifayət qədər ciddi boşluqlar yaradır. Digər məqam əlavə və dəyişikliklər edilməyincə, büdcənin neft sektorundan asılılığı davam edir. Nəzərə alsaq ki, 2010-cu ildə büdcəsinin 65 faizi fonddan transfertlər hesabına formalaşacaq, büdcəyə dəyişikliklər etməklə, neft sektorundan transfertlərin həcmini azaltmaq mümkündür. Neftin dünya bazar qiymətinin artması nəticəsində neft sektorundan daxilolmaların hesabına Neft Fondundan büdcəyə transfertlərin həcmini 4,9 milyarddan 2008-ci ildə olduğu 2,7 milyard manata qədər azaltmaq olar. Cari ilin büdcəsinə dəyişikliklər edilməməsi, ondan xəbər verir ki, 2010-cu ildə Neft Fondundan transfertlərin həcmi olduğu kimi saxlanılacaq. Büdcə neft sektorunun çiynində olacaq. Bunun digər iqtisadi tərəfi ondan ibarətdir ki, dövriyyəyə daha çox vəsaitin daxil olmasına imkan yaradacaq. 2009-cu ildə təxirə salınan bir sıra investisiya layihələrini bərpa etmək mümkündür. İnvestisiya layihələrinə ayrılan vəsaitlərin artırılması iqtisadiyyatda, xüsusilə, bir sıra sektorlarda müşahidə edilən durğunluğun aradan qaldırılmasına gətirib çıxara bilər. Eyni zamanda, sosial sferaya daha çox vəsaitin ayrılması üçün maliyyə bazası yarada bilər. Çünki qlobal maliyyə böhranı ilə əlaqədar 2005-2008-ci illərdə sosial sferaya ayırmalarda müşahidə edilən artımı 2009-cu ildə tam olaraq saxlamaq mümkün olmayıb. Büdcəyə əlavə və dəyişikliklərin edilməsi hökumətə sosial sferaya ayırdığı vəsaitlərin həcmini artırmağa imkan verəcəkdi.