"Həmsədrlərin dəyişməsi problemin həllinə mənfi təsir etməyəcək"
- Aydın müəllim, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəyişdirilməsinə ehtiyac varmı? Əgər doğrudan da, dəyişdirilərsə, bu, Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsinə nə kimi imkanlar yarada bilər?
- 1997-ci ildə ATƏT-in Minsk Qrupunun təsis ediləndən bu günə qədər vaxtaşırı hər üç ölkənin nümayəndəsinin dəyişdiyinin şahidi oluruq. Onlar bunu diplomatik səlahiyyətlərinin bitməsi ilə əlaqələndirir. Bildirirlər ki, yeni insanın gəlişi yeni baxış deməkdir. Amma sonra deyim ki, bunun nə dərəcədə effektli olduğunu demək bir qədər mübahisəli məsələdir. Çünki yeni gələn insan bu məsələlərdən xəbərsizdir. Təzə gələnə lazımdır ki, münaqişənin tarixinə, mahiyyətinə, hüquqi aspektlərinə, problemin vəziyyətinə dair məlumatlı olsun. Sonra da artıq məsələlər barəsində öz hökumətini məlumatlandırsın. Açığını deyim ki, həmsədrlərin dəyişməsinə müsbət hal kimi baxmıram. Hesab edirəm ki, əgər dövlət bu problemin həllində siyasi məsuliyyəti öz üzərinə götürürsə, bu işlə daimi məşğul olan bir nəfər bu posda olmalıdır. O, ictimaiyyəti tanımalı, problemin mərhələlərinə bələd olmalıdır. Onsuz da, həmin kəsin bu məsələlər barədə sərbəst fikir bildirmək səlahiyyəti yoxdur. O, dövlətinin siyasətini çatdırır. Ancaq nəzərə alsaq ki, dövlət də öz siyasətini, bir qayda olaraq, nümayəndəsinin onlara təqdim etdiyi informasiya əsasında qurur. Həmsədrlərin dəyişməsini heç də məqbul addım saymaq olmaz. Sanki bununla həmsədrlər müəyyən vaxt qazanmağa çalışır. Hər halda, ümid etmək istəyərdik ki, dövlətin mövqeyi əsas olduğu üçün həmsədrlərin dəyişməsi problemin həllinə mənfi təsir etməyəcək.
- Dövlətin mövqeyinin əsas olduğunu ifadə etdiniz. Vaşinqtonda keçirilən nüvə sammitində baş verən olaylar, bir daha onu deməyə əsas verdi ki, ABŞ-ın Dağlıq Qarabağ probleminin həllində ədalətli mövqe tutacağı bir az inandırıcı deyil. Bəs sizin qənaətiniz və mövqeyiniz nədən ibarətdir?
- ABŞ dünyada nüvə təhlükəsizliyi və ədalətli münasibətlər sisteminin qurulmasında xüsusi məsuliyyət daşıyan ölkələrdəndir. Yəni, onun təsir imkanları, proseslərə təsir etmək təcrübəsi, Qarabağ probleminin həllində yaxından iştirak edən ölkədir. ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Azərbaycanla bağlı özünün obyektiv mövqeyini ortaya qoyur. Ancaq bununla belə, ABŞ problemin həllində diplomatik səylərdən başqa, yeni bir təşəbbüs ortaya qoya bilmədi. Azərbaycanın təkidlərinə baxmayaraq, ABŞ problemin həlli ilə bağlı Ermənistana ciddi təzyiqlər göstərmir. ABŞ neytral mövqe tutur, hər iki tərəfə eyni münasibətlər bəslənilir. Bu da tərəflərin mövqeyinin susması ilə izah edilir. Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bu torpaqlardan geri çəkilmək istəmir. Hesab edirəm ki, ABŞ daha fəal, obyektiv mövqe ortaya qoyacaq.
- Türkiyənin Dağlıq Qarabağ məsələsinin həllində tutduğu prinsipial, qətiyyətli mövqeyi fonunda Qərb dövlətlərinin növbəti mərhələlərdə Türkiyəyə qarşı aqressiv şəkildə təhdidlərinin gücləndiriləcəyi gözlənilirmi?
- Çox arzu edərdik ki, Qərb dövlətləri Türkiyənin prinsipial mövqeyini qiymətləndirə bilsin. Türkiyənin Dağlıq Qarabağ məsələsi ilə bağlı tutduğu ədalətli mövqeyi, ümumilikdə, Türkiyənin mövqeyi deyil, dünyanın ədalətli düşünən insanlarının mövqeyidir. Bu gün Ermənistanın işğalçı siyasətinə qarşı biganəlik siyasəti yürüdülür. Ermənistan bu situasiyadan daha da həvəslənərək işğalçılıq siyasətini davam etdirir. Bu gün Türkiyə ilə yanaşı, bir sıra dövlətlər var ki, işğalçını öz adı ilə çağırır. Azərbaycan bütün ağır dövrlərdə ona dəstək vermiş ölkələrin və qüvvələrin ədalətli mövqeyini heç vaxt unutmayacaq.
- Rusiya və Ermənistan prezidentləri arasında Mlskvada növbəti görüş keçirildi. Bu görüş əvvəlki görüşlərdən nə ilə fərqləndi?
- İlk növbədə, bu görüş Rusiya və Ermənistan münasibətlərini müzakirə etmək üçün idi. Ermənistan özünü elə bir ağır duruma salıb ki, istər-istəməz hansı dövlətlərlə danışıqlara gedirsə, Dağlıq Qarabağ münaqişəsini qabarıq şəkildə ortaya qoyur. Rusiya prezidentinin görüşlərin keçirilməsində, problemin həllinə dair prosesin sürətlənməsində təşəbbüsü olub. Ümid edirik ki, Rusiya Ermənistanın işğalçılıq siyasətinə son qoyulması tələbini ortaya qoyacaq.
- Bəzi müxalifət partiya funksionerləri Azərbaycan ictimaiyyətinin ABŞ-ın ölkəmizə qarşı tutduğu ikili standartlara etiraz etməsindən ciddi narahatlıq keçiriblər. Bu narahatlığı nə ilə izah etmək olar?
- Birinci dəfə deyil ki, müxalifətin müəyyən dairələri Azərbaycanın daxili siyasəti ilə bağlı qeyri-səmimi və anlaşılmaz mövqe tutur. Bu gün Azərbaycan rəsmilərinin ABŞ-dan Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tələb etməsi təkcə iqtidarın deyil, cəmiyyətin mövqeyidir. Müxalifət bu məsələyə etiraz etməklə, özünü Ermənistanın işğalçılıq siyasəti ilə müttəfiq etmiş olur. Azərbaycanın ABŞ-dan istəyi Ermənistan-Azərbaycan münaqişəsində ədalətli mövqe tutmasıdır. Ədalətsizlik ondadır ki, Ermənistana işğalçı deyilmir. Müxalifət bu gün ABŞ siyasətindəki bu elementi müdafiə etməklə, Ermənistanı ağır siyasətdən çıxartmaq istəyində olduğunu bir daha ortaya qoyur. Bir tərəfdən baxanda, müxalifətin belə addımları, deyərdim ki, vaxtında güzgü şəklində əks olunan vəziyyətidir. Cəmiyyət Azərbaycan müxalifətinin daxili mahiyyətini bildi. Deməli, onlar hakimiyyətdə olsaydılar, Dağlıq Qarabağ probleminə, milli maraqlarımıza cavab verməyən mövqe tuta bilərdilər. Hesab edirəm ki, müxalifətin bu mövqeyi, əslində, onun daxili mahiyyətini bir daha açıqlayır.
- Aydın müəllim, Müsavat başqanı İsa Qəmbərov və AXCP (i) sədri Əli Kərimov iddia edirlər ki, Rusiya Ermənistana 1 milyard dollar dəyərində silah-sursat satıb. Moskvanın dəstəyi ilə Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bunun fonunda, bunların qənaətinə görə, ABŞ-a qarşı Azərbaycan ictimaiyyətinin məlum məsələlərə görə iradlar bildirməsini yersiz hesab etdiklərini söyləyirlər. Bu, məntiqi əsaslı hesab edirsiniz?
- Müxalifətin heç bir hərəkətində məntiq yoxdur. Əgər bu gün müxalifət seçkiyə hazırlaşırsa, seçki hazırlığını ortaya qoysun. Daxili və xarici siyasətə dair konkret təkliflər paketi varsa, onu ortaya qoysun. Müxalifət Azərbaycanın milli maraqlarından çıxış etmək istəyirsə, həmin milli maraqları ortaya qoysun. İndiki müxalifətçilər vaxtilə hakimiyyətdə olmuş insanlardır. Həmin dövrdən nəticə çıxarmaq olar. Ancaq müxalifətçilər bir addım da qabağa gedə bilməyiblər. O baxımdan, iqtidarın istənilən addımına qarşı etiraz mövqeyində durmaq heç də müxalifətçilik deyil. Əksinə, kor-koranə Azərbaycan reallıqlarını xarici maraqlara satmağa çalışmaqdır. Bəs müxalifətin bu məsələlərdə xüsusi fəallıq nümayiş etdirməsinin səbəbi nədir?
- Birincisi, seçkiyə hazırsızlığını ört-basdır etmək, ikincisi isə, daxilində olan qarşıdurmanı və hər hansı birliyin olmamasından fikirləri yayındırmaq.