"Müxalifətin 24 aprel tarixinə mitinq təyin etməsi dövlətçilik əleyhinə atılmış addımdır"
- Müxalifətin radikal qanadının son vaxtlar Qərbin müəyyən dəstəyinə arxalanaraq, fəallaşmasına münasibətiniz necədir? Xüsusilə, uzun müddətdən sonra AXCP (i) sədri Əli Kərimovun "Vaşinqton-Post" qəzetində dərc olunan məqaləsinə münasibətiniz necədir?
- Müxalifətin fəaliyyəti zamanı hansısa xarici qüvvələrlə birləşib, addımlar atması dövlətçiliyə qarşı olmaq deməkdir. Dövlətçilik əleyhinə olan bu hərəkətlə, eyni zamanda, ona ağır zərbədir. ABŞ-ın "Vaşinqton-Post" qəzetində Azərbaycanın əleyhinə yazıların verilməsi təsadüfi deyil. Çünki Azərbaycan Madrid prinsiplərinin yeni variantı ilə razılaşdığını bildirib. Bu məqamda Azərbaycan iqtidarına qarşı hər hansı bir formada təzyiqlərin edilməsi Dağlıq Qarabağ məsələsində ölkəmizin əldə etdiyi üstünlüyü zəiflətməyə xidmət edir. Məhz indiki vaxtda dünyanın ən nüfuzlu qəzetlərindən olan "Vaşinqton-Post"da Azərbaycan əleyhinə yazıların getməsi ölkədə daxili vəziyyəti qarışdırmağa yönəlib. Ona görə daxildə nə qədər qarşıdurma meyillərini duysaq, Dağlıq Qarabağ məsələsində mövqelərimiz bir o qədər zəifləyə bilər. Bu baxımdan, məsələlərə daha ehtiyatla yanaşmaq lazımdır. Azərbaycan çox ciddi məsələlərin astanasındadır. Ermənistanı, faktiki olaraq, dilemma qarşısında qoyub. Belə bir məqamda dövlət əleyhinə atılan bütün addımların qarşısı qətiyyətlə alınmalıdır.
- Gürcüstan və Ukraynadan sonra Qırğızıstanda da "narıncı" inqilabların acı nəticələr verdiyini söyləmək olar?
- Zaman hər zaman özü ilə bərabər inkişaf da gətirir. İndiyədək bir çox filosofların deyimlərindən istifadə edərək, öz fəaliyyətimizi qurmalıyıq. Onlar qeyd edirlər ki, ağıllı insanlar başqalarının, dəlilər isə öz təcrübələrindən öyrənirlər. Ona görə biz məsələlərə münasibətdə ağıllı olmalı, Gürcüstan və Ukraynada inqilabların ölkəyə gətirdiyi fəlakətləri unutmamalıyıq. Beləliklə, Azərbaycanda bu cür inqilablara cəhddən çəkinməliyik. İnqilablar heç zaman dövlətçiliyə xeyir gətirməyib. Əksinə, özü ilə bərabər böyük fəlakətlər gətirib. İndiki məqamda Azərbaycan elə bir həssas bölgədə yerləşir ki, burada az da olsa, nəzarətdən çıxan hadisələr böyük fəlakətlər doğura bilər. Belə olan halda, nəinki itirilmiş torpaqlarımızı geri qaytarmaq, hətta digər torpaqlarımız da işğal altına alına bilər. Azərbaycan bu zamanın inkişafına uyğun olaraq yeni sağlam qüvvələri ortaya çıxaracaq və yeni siyasi müxalifət düşərgəsi formalaşacaq. Bu da mütləq formalaşmalıdır.
- Mütəllim bəy, Müsavat və AXCP (i) aprelin 24-də, qondarma erməni soyqırımı günündə Bakı şəhərində mitinq keçirməyi planlaşdırır. Aksiyanın məhz həmin günə salınması, sizcə, hansı məqsədi güdür?
- Həmin mitinqin məhz aprelin 24-nə salınması mənim üçün çox qaranlıqdır. Ermənilər haqsız olaraq iddia edirlər ki, həmin gün onlara qarşı soyqırımı həyata keçirilib. Biz bunun yalan olduğunu bildirmək üçün digər vasitələrdən istifadə etməliyik. Nəinki həmin gün Azərbaycanda hər hansı bir problemin həlli ətrafında mitinq keçirilsin və bütün dünyanın diqqəti buraya yönəlsin. Bu, başqa problemlər doğura bilər. Ona görə də, bütün cəhdlərimizlə ona çalışmalıyıq ki, bu qondarma soyqırımını ifşa edən dəlillər ortaya qoyaq və bütün dünya ictimaiyyətini bunlardan xəbərdar edək. Hər kəs bilməlidir ki, ermənilərə qarşı soyqırımı baş verməyib, əksinə, ermənilər vaxtilə azərbaycanlılara qarşı genişmiqyaslı faciələr törədiblər. Qubada və ölkənin başqa bölgələrində bu hadisələrin canlı şahidləri və dəyərli maddi sübutları var. Məhz bu faktları dünya ictimaiyyətinə çatdırmaq üçün həmin gündə mitinqlər keçirilməlidir. Mən çox təəssüf edirəm ki, müxalifətin mitinqi aprelin 24-nə salınıb və bunun səbəbini Azərbaycan xalqına izah etməyə borcludurlar. Azərbaycan ordusunda xidmət etmiş bir zabit kimi bilirəm ki, həmin gün ermənilər daha da azğınlaşırlar. Çalışırlar ki, Azərbaycan ordusu çoxsaylı itki versin. Həmin vaxt ordu möhkəm döyüş hazırlığına gətirilirdi. Belə bir anda ölkə içində müxalifətin hansısa boşluqlar yaratmasına meyil etməsi düzgün deyil.
- Müsavat və AXCP (i)-nin mitinqinin məhz aprelin 24-nə təyin edilməsini İsa Qəmbərovun və Əli Kərimovun iradəsindən kənar addım kimi qiymətləndirmək olar?
- Bütün hallarda yenə də son qərarı partiya rəhbərlərinin özü verib. Onların arxasında konkret hansı qüvvələrin dayandığını deyə bilmərəm, ancaq ortada olan odur ki, yekun imzalar məhz onlar tərəfindən atılıb. Məsuliyyəti də onlar daşıyırlar. Çünki "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunda göstərilir ki, mitinqdə əsas məsuliyyəti onun təşkilatçıları daşıyır. Hətta mitinqin keçirilməsi ilə bağlı müraciətin edilməsi belə böyük məsuliyyət deməkdir.
- Məlumatlara görə, Ədalət, BAXCP və Böyük Quruluş partiyaları (BQP) parlament seçkiləri ərəfəsində birlik yaratmağa çalışırlar. Bununla bağlı nə deyə bilərsiniz?
- Ədalət partiyası, əvvəllər çoxsaylı bloklarda iştirak edib. "SİDSUH", "Demokratiya Uğrunda İttifaq" blok və s. Partiyamız müxalifətin radikal qanadını təmsil edən partiyalarla da bir yerdə olub. Sonda onların yoldaşlığa xəyanət etdiyinin gördük. Ortada olan qərarlara etinasız münasibətin şahidi olduq. Bu baxımdan, Ədalət partiyası bu cür blokları tərk etdi. Nəticədə qərara aldıq ki, Ədalət partiyası siyasi düşərgədə təkbaşına fəaliyyət göstərəcək. Mən dəfələrlə bildirmişəm ki, əgər partiya qərarını dəyişib, parlament seçkilərinə blok şəklində qatılmağı düşünərsə, bizim üçün ən uğurlu tərəfdaş BAXCP-dir. Həm onun ideoloji siyasi xətti, həm liderinin tutduğu yol Ədalət partiyasının tutduğu yolla uzlaşır. Eyni zamanda, BQP ilə də Ədalət partiyasının sıx münasibətləri var. Zənnimcə, blokun bu partiyaların iştirakı ilə yaradılması əhəmiyyətli olar. İndiki halda parlament seçkilərinə xeyli müddət qalıb və bununla bağlı siyasi aktivlik müşahidə olunmur. Adətən, bu cür qərarlar seçki ərəfəsində verilir. İndidən blokun yaradılması hələ tezdir və bu, onun nüfuzdan salınmasına gətirib çıxara bilər.
- Opponentlərinizin iddialarına görə, blok yaratmaqla bağlı fikirlərinizin arxasında müəyyən maraqlı qüvvələr dayanır. Bu fikirlərlə razısınız?
- Təəssüf hissi keçirirəm ki, hələ yaradılması ilə bağlı qərar qəbul edilməmiş bir blok haqqında bu cür iftiralar ortaya atılır. Bu da, onu göstərir ki, bizim təklifimiz uğurlu olub. Yəni, adları çəkilən partiyaların birliyi Azərbaycanda çox ciddi müxalif güc yarada bilər. Ona görə də, getdikcə nüfuzdan düşməkdə olan radikal müxalifət partiyaları bizim yarada biləcəyimiz blok haqqında heç bir əsası olmayan iddialar irəli sürürlər. Bunu yalnız qısqanclıq əlaməti hesab edirəm.