- Araz bəy, bəzi müxalifət partiyaları qondarma erməni soyqırımı günü mitinq keçirməyi planlaşdırır...
- Onlar onsuz da ortalığa heç bir qüvvə qoya bilməyəcəklər. Çünki onların potensialı sıfırdır. Siyasətçi addım atanda, tarixlərə fikir verməlidir. Ola bilsin ki, onlar ermənilərlə həmrəylik göstərirlər. Hər bir kəs addım atanda, yüz ölçüb, bir biçməlidir.
- Demək olar ki, belə bir gündə aksiyanın keçirilməsinin arxasında hansısa xarici maraqlı qüvvələr durur?
- Mən elə fikirləşirəm ki, bu, onların şəxsi şüursuzluqlarıdan irəli gəlir. Siyasətçi bilərəkdən və ya bilməyərəkdən düşmənin dəyirmanına su tökürsə, baxsın görsün ki, o siyasətdə nə edir.
- Ə.Kərimov "Vaşinqton Post" qəzetinə Azərbaycanla bağlı ermənilərin düşündüyü bir mövqe nümayiş etdirib. Bu məsələyə münasibətiniz necədir?
- Hər bir siyasətçi öz fikrini söyləyə bilər. Həmin qəzetin Ə.Kərimovun fikirlərinə ehtiyacı varsa, o da öz düşündüyü kimi fikirlərini oxuculara çatdırır. Əgər bu zaman ermənilərlə Ə.Kərimovun fikirləri üst-üstə düşürsə, bu, artıq məfkurə birliyidir.
- Son vaxtlar yuxarıda adı çəkilən qəzet və "Azadlıq" radiosu Azərbaycana qarşı çox çirkin kampaniya aparırlar...
- Ümumiyyətlə, Azərbaycanda çox şey təəccüb və təəssüf doğurur. Lakin onların bir çarəsi var. O da, kim nə deyirsə-desin, Azərbaycanın karvanı öz yolu ilə davam edir. Hər ağıza dəsmal soxa bilməzsən. Vaxtilə İxtiyar Şirinov cəbhəçilərin ağzını tutmaq üçün cuna tapmamışdı, öz corabını çıxarıb soxmuşdu.
- Araz bəy, son vaxtlar müxalifət partiyaları blok və qurum yaratmaqla fəallıq nümayiş etdirirlər. Bu fəallıq reallığı əks etdirə bilərmi?
- Onların hamısı stəkanda fırtınadır. Yəni, biz varıq. Baxın görün, indiyə qədər nə qədər qurum yaranıb. Həmin qurumların hamısının birgə fəaliyyətinin xalq üçün hansı müsbət nəticəsi olub.
- Xarici qüvvələr üçün yəqin maraqlı olub...
- Əvvəllər 3 manatlıq "varionka" şalvar geyinirdilər, indi isə, 3000 manatlıq boz kostyum geyinirlər. Xalqa isə, bundan bir xeyir gəlmir.
- Hansısa blokda təmsil olunmaq fikriniz var?
- Artıq bir çox blokları sınaqdan keçirmişik. Azərbaycan müxalifətçiliyində, əfsuslar olsun ki, birlik və blok mədəniyyəti yoxdur. Üzdə, ancaq o siyasətçilərdir ki, siyasətə mitinqlər yolu ilə gəlib. Hələ ki, düşünən, proqram üzərində çalışan, məqsəd qoyub xalqı məqsədə çatdıran siyasətçilərdir. Bunların da siyasi mədəniyyətləri yoxdur.