Azərbaycanda təhlükələrə qarşı önləyici tədbirlər görülür
- Rəbiyyət xanım, son illər dünyada yaşanan maliyyə və iqtisadi böhran fonunda Azərbaycan hökumətinin fəaliyyətini yetərli sayırsınızmı?
- Məsələ burasındadır ki, Azərbaycanın bugünkü durumu - özü də dünyada yaşanan maliyyə-iqtisadi böhranın ikinci dalğasının yaxınlaşdığı bir dövr ərzində - ölkəmizin iqtisadi və maliyyə sabitliyi göz qabağındadır. Eyni zamanda, tez-tez müxtəlif ölkələrdə olduğum üçün müqayisə aparmaq imkanım daha çoxdur və görürəm ki, həmin ölkələrlə müqayisədə Azərbaycan dünyada yaşanan maliyyə-iqtisadi böhrandan, demək olar ki, az ziyanla çıxan ölkələrdən biri, bəlkə də birincisi oldu. Onu da qeyd edim ki, bu, özü birdən-birə baş verməyib. Bəzən insanlara elə gəlir ki, bunlar birdən-birə baş verib. Amma bütün bunlar qabaqcadan önləyici tədbirlər görmək yoluyla baş verib. Bu baxımdan, insanlar, Azərbaycan vətəndaşları başa düşməlidir ki, dövlət onun müqəddəratı, iqtisadi, mənəvi, sosial varlığını qorumaq üçün çox vacib addımlar atıb və atır. Onu demək kifayətdir ki, son bir il ərzində dövlət başçısı dəfələrlə nazirlərlə, hökumət üzvləri ilə görüşlər keçirib və hər görüşdə qarşıda baş verə biləcək hər hansı bir təhlükənin qarşısını almaq üçün önləyici tədbirlərin görülməsi istiqamətində göstərişlərini verib. Bu, adi bir məsələ deyil. Bu gün dünyamız gözlənilməz hadisələrlə doludur. Dünyada yaşanan maliyyə-iqtisadi böhran çevik olmağı tələb edən bir məsələdir və azacıq da olsa, bu çeviklik nümayiş etdirilməzsə, burada çox xoşagəlməz hallarla rastlaşıla bilər. Məhz bu baxımdan mən bu gün Azərbaycan dövlətinin, hökumət üzvlərinin fəaliyyətindən çox razıyam. Kiminsə nədənsə narazılığı varsa da, bu da əsaslandırılmamış narazılıqdır. Azərbaycan dünya iqtisadiyyatından, dünya siyasətindən kənarlaşdırılmış bir dövlət deyil. Eyni zamanda, siyasəti də iqtisaqdiyyatdan ayırmaq olmaz. Çünki müəyyən siyasi proseslər iqtisadi təzyiqlərlə nəticələnir, sonuclanır. Belə olduğu təqdirdə, Azərbaycanda baş verən hər hansı bir prosesə - maliyyə-iqtisadi böhranın yaratdığı hər hansı bir prosesə ümumqlobal çərçivədə baxmaq lazımdır. Ümumqlobal çərçivədə elə məqamlar var, elə proseslər gedir ki, onlar içərisində qorunmaq, öz mühitini, sabitliyini saxlamaq bəlkə də ən böyük qəhrəmanlıqdır.
- Necə hesab edirsiniz, Azərbaycan dünyada yaşanan maliyyə-iqtisadi böhranın yaxınlaşmaqda olan ikinci dalğasını da əvvəlki kimi az itki, az ziyanla, daha doğrusu, uğurla adlaya biləcəkmi?
- Sözsüz. Çünki bu dalğanın önlənməsi üçün artıq birinci dalğa zamanı müvafiq addımlar atılıb. Baxın, indi bəzi ölkələrdə iş yerlərinin azalması, insanların küçələrə axışması prosesi getməkdədir. Buna son misal kimi, Yunanıstanda yaşananları göstərmək olar. Eyni zamanda, bir müddət öncə, Çexiyada səfərdə olarkən maraqlandıq ki, burada maliyyə-iqtisadi böhranla əlaqədar hansı addımlar atılır. O zaman bizə bildirildi ki, orada iş yerləri bağlanmır, sadəcə, iş günlərinin sayı azalır və bununla da avtomatik olaraq işçilərin əmək haqları aşağı düşür. Daha doğrusu, iş yerlərində, məsələn, 3 gün bir adam, 3 gün isə başqa bir adam işləyir. Amma bu gün Azərbaycanda ciddi işsizlik problemi yoxdur. Maliyyə-iqtisadi böhran başqa yerlərdə olduğu kimi, Azərbaycanda da ciddi işsizlik problemi yaratmadı. Əksinə, iqtisadi tərəqqinin nümayişi olan yeni binalar tikilir, yeni müəssisələr, iş yerləri açılır. Belə demək mümkünsə, biz o maliyyə gərginliyini hiss etmədik. Bizim iqtisadi tərəqqimiz onu göstərir ki, bəli, dövlətimizdə atılan müvafiq addımlar, iqtisadi strateqlərimizin önləyişi tədbirləri Azərbaycanı ikinci dalğadan da qoruyacaq, xilas edəcək. Həmçinin, bir daha təkrar edirəm, Azərbaycan vətəndaşı bunu gözəl bilməli, anlamalıdır ki, ölkəmiz Yer planetindən kənarda olan bir məkanda yerləşmir. Biz də dünyada, Yer planetində baş verən proseslərin içindəyik və hər baxımdan biz bu gün dünya üçün maraqlıyıq. Bizi istəyib-istəməyən ölkələr, qüvvələr var və bayaq qeyd etdiyim kimi, bizə haradasa iqtisadi təzyiqlər etmək istəyən dairələr mövcuddur, olacaq. Odur ki, Azərbaycan vətəndaşının mövcud problemləri bilməsi və bununla əlaqədar olaraq atılan addımları dəstəkləməsi çox önəmlidir. Vətəndaş anlamalıdır, yəni, bir ailə olsa belə, onun da çətin duruma düşdüyü, həmçinin, yaxşı anları olur. O zaman həmin ailə üzvləri məlum durumu necə anlayırlarsa, necə başa düşürlərsə və necə birlik nümayiş etdirirlərsə, bütövlükdə, vətəndaş və vətəndaşlar da o cür olmalıdır. Yenə Çexiya ilə bağlı dediklərimə qayıdaraq onu nəzərə çatdırmaq istəyirəm ki, orada olarkən bildirdik ki, bizdə qiymətlər bu cür artmadı, ciddi iqtisadi kataklizmlər yaşanmadı, əksinə, iqtisadi layihələr davam etdi və etməkdədir. Onlar isə bunu təəccüblə qarşıladılar və dərhal da bildirdilər ki, hə, siz varlısınız. Biz də cavab olaraq bildirdik ki, varlıyıq, özü də hər mənada varlıyıq. Biz varlıyıq ona görə ki, bizim yaxşı dövlət başçımız var. Biz varlıyıq ona görə ki, bizim neftimiz var. Biz varlıyıq ona görə ki, bizim yaxşı vətəndaşımız var. Demək istəyirəm ki, burada ümumi problemi anlamaq və problemin həlli üçün öz cəhdini ortaya qoymaq lazımdır.