Eldar Namazov: “Ramiz Mehdiyevin fikirləri Azərbaycan dövlətinin və ictimaiyyətinin əsas mövqeyidir"
- Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Türkiyəyə səfəri zamanı bir daha bəyan etdi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə getməyəcək. Ölkəmiz istənilən variantdan istifadə edərək, öz torpaqlarını işğaldan azad edəcək. Xaricdən səsləndirilən bu fikirlər hansı siyasi məqsəd daşıyır?
- Ramiz Mehdiyevin bu fikirləri Azərbaycan dövlətinin mövqeyidir. Bu prinsiplər artıq münaqişə başlayan ildən, yəni 1994-cü ildən etibarən rəsmi qaydada bəyan edilir. İctimaiyyətin əsas əksəriyyətinin də mövqeyi bundan ibarətdir ki, münaqişə sülh yolu ilə öz həllini tapmalıdır. Lakin bu, mümkün olmayan təqdirdə, Azərbaycan müxtəlif vasitələrə əl atmaqla, torpaqlarını azad etməlidir.
- Bu mövqenin yaxın vaxtlarda reallaşdırılması gözlənilirmi?
- Güc tətbiq etmək haqqında qərarı yalnız ölkə Prezidenti Təhlükəsizlik Şurasının iclasında geniş müzakirələrdən sonra verə bilər. Uzun illərdir davam edən Haaqa prosesi çərçivəsində gedən müzakirələrin yekunu olaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri yeniləşmiş Madrid prinsiplərini təqdim ediblər. Azərbaycan tərəfi ümumən həmin prinsipləri qəbul edib. Ermənistan tərəfi isə həmin prinsiplərdən imtina edib. Fikir verdinizsə, son günlər həmsədrlər regiona səfərini yalnız Ermənistana etdilər. Bu hadisənin konkret izahı var. Bu da, ondan ibarətdir ki, artıq Azərbaycan münaqişənin kompromis yolla həllinə razılıq verir. Lakin Ermənistan bu yoldan çəkindiyinə görə, indi bütün dünyanın təzyiqi məhz ona yönəlməlidir.
- Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın aprelin 12-13-də Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitində iştirakı və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ prezidenti Obama müzakirələr aparacağı bildirilir? Müzakirələrin nəticəsi barədə nə deyə bilərsiniz?
- Türkiyə-Ermənistan protokollarının imzalanmasından sonra Türkiyənin ortaya qoyduğu mövqe onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan iki ölkə arasında münasibətlər normallaşa bilməz. Bu da diqqəti daha çox Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəltməyə xidmət edir. Bu baxımdan, Türkiyə Baş nazirinin ABŞ-a səfəri çərçivəsində aparacağı müzakirələr çox mühüm rol oynayacaq. Məncə, artıq dünya ictimaiyyəti də bu proseslərin paralel aparılmasının vacibliyini anlayır.
- Eldar bəy, Ermənistanda siyasi, iqtisadi vəziyyətin getdikcə ağırlaşması fonunda Serj Sarkisyan hakimiyyətinin münaqişənin həlli ilə bağlı hər hansı güzəştə getməsi gözləniləndir?
- Təbii ki, bu, çox çətin bir prosesdir. Təqribən 12 il bundan öncə, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyəndə, Ermənistan ictimaiyyəti bunun qəti əleyhinə idi. Hətta onun ətrafında çevriliş planı hazırlandı və o, devrildi. İndi isə hazırkı Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə ilə münasibətləri tənzimləmək məqsədilə protokollar imzalayıb. Protokollarda tarixi problemlərlə bağlı bir komissiyanın yaradılması nəzərdə tutulur ki, bu da qondarma erməni soyqırımını şübhə altına alan bir məsələdir. Ermənistan ictimaiyyəti bu protokolların imzalanmasına etiraz etsə də, Sarkisyanı devirmədilər. Bu, onu göstərir ki, ötən müddət ərzində, erməni cəmiyyətinin rəyində də müəyyən dəyişikliklər baş verib. Bütün hallarda erməni cəmiyyəti də düşünür ki, düşdüyü ağır iqtisadi-sosial vəziyyətdən yeganə çıxış yolu, məhz qonşularla sərhədlərin açılmasından ibarətdir. Ölkə iqtisadiyyatının ildən-ilə zəifləməsi faktı bu ölkəni ağır uçuruma aparan məsələlərdən biridir. Ona görə Azərbaycan və Türkiyə öz siyasi xəttini davam etdirməli və hər hansı güzəştə getməməlidirlər. Ermənistan iqtisadi cəhətdən diz çökəcək və onun daxilində müxtəlif sahələrdəki böhranlar qaçılmaz olacaq. Belə olan halda, gərək Ermənistan qonşu ölkələrdə münasibətləri normallaşdırsın.
- Bu yaxınlarda Sarkisyan mətbuata verdiyi açıqlamasında Azərbaycanı müharibə etməməklə bağlı razılıq sənədi imzalamağa çağırdı. Sizcə, bu çağırış nəyə hesablanıb?
- Məsələ ilə bağlı beynəlxalq təşkilatlarda və KİV-lərdə çıxışlarım olub. Hər kəsi inandırmağa çalışmışam ki, Ermənistan prezidentinin bu addımı çox yersiz və dünya ictimaiyyətinin diqqətini əsas məsələdən kənara yönəltməkdən ibarətdir. Ona görə ki, Azərbaycan Madrid prinsiplərinə razılıq verməklə artıq güc tətbiq etməyəcəyinə dair razılıq verib. Çünki Madrid prinsipləri daxilində həm ərazi bütövlüyü prinsipi, həm də güc tətbiq etməməkdə bağlı müvafiq prinsiplər var. Madrid prinsiplərinə razılıq verməyən isə, Ermənistandır. Ermənistan bu prinsiplərin içərisindən özünə sərf edən birini seçib və onu qabartmağa başlayıb. Hesab edirəm ki, Ermənistanın bu siyasəti ATƏT-in Minsk Qrupuna qarşı hörmətsizlikdir. Çünki Minsk Qrupu neçə illərdir ki, Ermənistanla Madrid prinsipləri ilə bağlı müzakirələr aparır. Bu baxımdan, Sarkisyanın bu addımı cığallıqdan başqa bir şey deyil. Bunu artıq bütün dünya ictimaiyyəti başa düşür.
- Bəs Ermənistanın Madrid prinsiplərini qəbul etməməsinin səbəbini nədə görürsünüz?
- Əvvəllər Ermənistan görüntü xatirinə bu prinsiplərə yumşaq münasibət göstərirdi. Onlar heç vaxt deməyiblər ki, biz Madrid prinsiplərini qəbul edirik. Onlar, sadəcə, bu prinsiplər əsasında danışıqlar aparmağa razı olduqlarını bildiriblər. Deyir, yalançını qapısına kimi qovarlar. Artıq Madrid prinsiplərinin son variantının stol üzərində olduğu bir vaxtda ermənilər buna "hə" deməkdən qaçır. Bu, ermənilərin danışıqlar prosesində qeyri-səmimi mövqe tutmasından xəbər verir. Həmçinin, Minsk Qrupunu və dünya ictimaiyyətini uzun illər aldatmasının göstəricisidir.