Mübariz Qurbanlı: "Biz Azərbaycanı hansısa qüvvələrin təcrübə meydanına çevirə bilmərik"
- Tükiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfər edəcəyi artıq dəqiqləşib. Aprelin 12-13-də keçiriləcək enerji təhlükəsizliyi sammitinə Ermənistan prezidenti Serj Sarkisyan da dəvət olunub. Sammit çərçivəsində R. T. Ərdoğanla Sarkisyanın görüşü gözlənilir. Bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi gözləniləndirmi?
- Hesab edirəm ki, Türkiyə baş nazirinin ABŞ-a səfəri və orada aparacağı danışıqlarda ağırlıq mərkəzi Dağlıq Qarabağ münaqişəsi üzərində olacaq. Çünki, Türkiyənin Ermənistanla sərhədləri açmaması bu gün Türkiyə ilə ABŞ arasında çox ciddi qarşıdurmanın yaranmasına səbəb olub. Türkiyə də sərhədin açılmasında əsas maneə kimi Dağlıq Qarabağ probleminin həll edilməməsini əsas göstərib və bu haqlı mövqedir.
Qarşıdurmanın aradan qaldırılması üçün həm Obama-Ərdoğan, həm də gözlənilən Sarkisyan-Ərdoğan görüşündə Dağlıq Qarabağ probleminin müzakirə olunacağını əminliklə söyləmək olar.
- Elə isə, münaqişənin həlli istiqamətində bu müzakirələrdən nəyəsə ümid etmək olarmı?
- Ermənistana təzyiqlər olarsa, gözləntilər də daha çox olar. ABŞ, eyni zamanda ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri olan Fransa və Rusiya İrəvana təzyiqlərini artırmalıdır. Bu ölkələr Ermənistanı konstruktiv mövqedən çıxış etməyə sövq etməlidirlər, əks təqdirdə aparılan danışıqlar səmərə verməyəcək. Türkiyənin birmənalı mövqeyi də ondan ibarətdir ki, Ermənistanla münasibətlərin normallaşması, eyni zamanda Cənubi Qafqazda sabitliyin əldə olunması üçün birinci növbədə Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində həll edilməlidir. ABŞ-ın öz nüfuzundan istifadə edərək münaqişənin həlli istiqamətində prosesi sürətləndirə bilər. Perspektiv budur ki, ABŞ öz siyasətində təzyiq mövqeyinə keçsə, Ermənistana, erməni lobbisinə qarşı sərt mövqe ortaya qoysa, təbii ki, müəyyən nəticəyə nail olmaq mümkündür. Bu baxımdan Obama-Ərdoğan danışıqlarının necə nəticələnəcəyi ABŞ-ın mövqeyi ilə birbaşa əlaqədardır.
- Minsk qrupu həmsədlərinin Ermənistanda keçirdiyi son görüşlər və İrəvan tərəfindən Madrid prinsiplərinin yenilənmiş variantının qəbul edilməməsi göstərdi ki, Ermənistan əvvəlki mövqeyində qalır. Prosesin bundan sonrakı gedişatını necə qiymətləndirisiniz?
- Baxmayaraq ki, Madrid prinsiplərinin yenilənmiş variantı tamamilə Azərbaycanın maraqlarına uyğun deyil, Azərbaycan bu prinsipləri qəbul edib. Bununla da Azərbaycan konstruktivlik nümayiş etdirib. Ermənistan isə Madrid prinsiplərinin bir neçə bəndindən intina etməklə, əslində bütövlükdə həmin prinsiplərin söykəndiyi təməli dağıdıb. Bu nəticə etibarilə həmin prinsiplərin işlənilməsinə maneə olacaqdır. Azərbaycan ən komprimis variant kimi mövqeyini bildirib.
Ermənistan təəssüf ki, mövqeyindən əl çəkmir və bu da dediyim kimi bu ölkəyə işğalçı siyasətinə görə, təzyiq göstərilməməsi ilə bağlıdır.
- Mayın 8-də Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələrin dövlət başçılarının görüşü gözlənilir. Bu görüş çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşündən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəyəsə ümid etmək olarmı?
- Əvvəla, hər baş tutan görüşü müsbət qiymətləndirmək lazımdır. Bu kimi görüşlərin keçirilməsi problemin həlli istiqamətində növbəti addımın atılması deməkdir. Keçirilən bütün görüşlərdə də, prezident İlham Əliyev birmənalı olaraq Azərbaycanın maraqlarını müdafiə edib və qətiyyətli, praqmatik siyasət nümayiş etdirib. Sözügedən görüşdə də cənab İlham Əliyev bu siyasəti davam etdirəcək, ədalətli mövqeyimizi ortaya qoyacaqdır. Prosesin necə nəticələnəcəyi təbii ki, gedişatdan asılıdır.
- ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin ardınca İsveş parlamenti də qondarma erməni soyqırımını qəbul etdi. Necə hesab edirsiniz, burada Türkiyə daha çox itirdi, yoxsa ermənilərə himayədarlıq edərək qazanmaq istəyən ABŞ və İsveç?
- Düşünürəm ki, qondarma erməni soyqırımını kimin qəbul etməsindən asılı olmayaraq, son söz Türkiyənindir. Qəbul edilən qərarların Türkiyəyə heç bir dəxli yoxdur, bunu rəsmi Ankara da bəyan edib. Ermənistanın bu cür təcavüzkar siyasəti, ermənilərin bölgədəki taleyinə mənfi təsir göstərir. Bu baxımdan "soyqırım" qərarlarının qəbul edilməsi nəinki Türkiyənin, daha çox Ermənistanın və onun havadarlarının ziyanınadır.
- Xeyli vaxtdır ki, cəmiyyətdə müzakirə olunan "Diffamasiya haqqında" qanun bir neçə gün bundan əvvəl parlamentin iclasında da ciddi müzakirələrə səbəb oldu. Bu məsələ, eyni zamanda müxalifət tərəfindən ciddi şəkildə tənqid edilən Seçki Məcəlləsi ilə bağlı münasibətiniz necədir?
- Azərbaycanda "Diffamasiya haqqında" qanuna ehtiyac yoxdur. Bu qanunun qəbul olunmasını bizdən istəyən Avropanın ən yüksək inkişaf etmiş ölkələrində belə sözügedən qanun qəbul edilməyib. Ona görə də biz Azərbaycanı hansısa qüvvələrin təcrübə meydanına çevirə bilmərik. Əgər o qədər yaxşı şeydirsə, niyə özləri qəbul etmirlər. Seçki Məcəlləsinə gəlincə, hesab edirəm ki, ya dəyişilməsinə, ya da yenidən işlənilməsinə heç bir ehtiyac yoxdur. Məcəllə indiki şəraitdə tamamilə işləkdir.