Fazil Mustafa: “Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyişin olmasında maraqlı deyil"
- Laçın dəhlizinin Türkiyə Silahlı Qüvvələri tərəfindən qorunması məsələsi gündəmə gətirilib. Sizcə, bunun reallaşması nə dərəcədə mümkündür?
- Bu reallığı əks etdirən məlumat deyil. Ancaq Azərbaycan tərəfinin gələcəkdə bu dəhlizin qorunmasını Türkiyəyə israrla tapşırılması istiqamətindəki səylərini stimullaşdırır. Azərbaycan mütləq bu addımı atmalıdır. Prosesləri daha obyektiv tənzimləyə biləcək tərəfin məhz Türkiyə Silahlı Qüvvələri olduğunu, Azərbaycan dövlətinin onlara güvəndiyini vurğulamalıdır. Ona görə də Türkiyənin bu məsələdə vasitəçilik rolunu oynamağa, Dağlıq Qarabağda sülhməramlı əməliyyatlarda iştirak etməyə məqbul olduğunu önə çəkməliyik.
- Dünyanın ABŞ, Rusiya, İsveç kimi dövlətləri isə Azərbaycanın haqlı mövqeyini kənara qoyaraq, qondarma soyqırımı iddiaları ilə hərəkət edən Ermənistanın mövqeyini müdafiə edəcəklər. Belə olan halda, bunun baş verməsi real görünürmü?
- Təbii ki, həmin dövlətlərin bu istiqamətdə səyləri davam edəcək. Amma buna baxmayaraq, Azərbaycan tərəfi öz addımlarında qətiyyətli olmalıdır. Bu, heç bir halda, Azərbaycanın fəaliyyətsizliyinə əsas vermir.
- Ermənistan prezidenti Serj Sarkisyanın Fransaya səfəri Fransa-Ermənistan hərbi əməkdaşlığının rəsmiləşdirilməsi ilə bağlı yayılan məlumatları daha da sürətləndirdi. Ümumiyyətlə, bu səfər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edə bilərmi?
- Əlbəttə, bu, belədir. Lakin düşünürəm ki, Fransa-Ermənistan hərbi əməkdaşlığına ehtiyac yoxdur. Çünki Fransanın hər hansı əməkdaşlıq çərçivəsində Rusiyanın başı üzərindən keçərək, Ermənistanı irəliyə doğru çəkəcək addımlar atmasının mənası yoxdur. Rusiyanın hərbi bazaları Ermənistanda aparıcı gücə malikdir. Bu ölkənin bütün yeraltı bazaları məhz Ermənistanda yerləşir. Bu baxımdan, Fransanın yeni bir formada Ermənistan mühitinə daxil olaraq, hərbi əməkdaşlığı inkişaf etdirməsi imkanları fərqlidir. Burada, sadəcə, silahların, iri texnikanın satışından söhbət gedə bilər. Bunu da Ermənistan Rusiyanın icazə verəcəyi təqdirdə edə bilər. Ona görə də bu məsələdə əsas amil Rusiya ilə bağlıdır. Rusiya Ermənistandan çəkilməyəcəyi müddətdə Ermənistanın indiki mövqeyi özünün ziyanına olsa belə, onu davam etdirməyə məhkumdur.
- Belədirsə, Fransa-Ermənistan hərbi əməkdaşlığına dair sənədin imzalanaması ilə bağlı məsələlərin ortaya atılması hansı məqsədlərə xidmət edir?
- Hər halda bu, Ermənistanın gücünü və onun tərəfdarlarının sayını göstərməklə, daha arxalı vəziyyətdə olduğunu psixoloji şəkildə diqqətə çatdırmaq məqsədi daşıyır.
- Fazil müəllim, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Madrid prinsiplərinin yeni variantı ATƏT-in Minsk Qrupu həmsədrlərinə təqdim olunub. Ancaq Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi bu işdə o qədər də tələsmir. Bunu nə ilə izah etmək olar?
- Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı bir irəliləyişin olmasında maraqlı deyil. Onlar bu prosesin uzanmasında, eləcə də, uzandıqca Azərbaycan tərəfinin bezərək öz mövqeyindən geri çəkilməsində maraqlıdır. Hətta Ermənistan bu istəyini həyata keçirmək üçün müxtəlif təzyiq vasitələrindən istifadə edir. Amma Azərbaycan öz haqlı və ədalətli mövqeyindən geri çəkilmək niyyətində deyil. Bu məsələdə hər hansı bir şəkildə Azərbaycanın öz prinsiplərindən uzaqlaşması gözlənilən deyil. Ona görə də Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaqla Azərbaycanı bezdirmək, onu ruhdan salaraq, mövqeyindən geri çəkilməsinə sövq etmək yolunu tutubsa, çox yanılıb. Hesab edirəm ki, bu, yanlış yoldur. Azərbaycanın nə vaxtsa belə bir addım atacağını gözləmək sadəlövhlük olardı.
- Ermənistanın keçmiş prezidenti Levon-Ter Petrosyan bəyan edib ki, artıq münaqişənin həlli istiqamətində Ermənistanla Azərbaycan arasında prinsipial razılaşma əldə olunub və yaxın günlərdə bu, reallaşacaq. Sizcə, bu açıqlama onun müxalifətçilik mövqeyinə əsaslanır, yoxsa həqiqətdir?
- Bu, reallığı əks etdirən məlumat deyil. Çünki belə bir razılaşma əldə olunsaydı, Türkiyənin mütləq bundan xəbəri olardı. Türkiyə bu razılaşmanın mövcudluğundan xəbər tutduqda isə, Ermənistanla daha rahat tərzdə münasibət qurardı. Əgər bu gün Türkiyə bu addımı atmırsa, deməli, bu istiqamətdə hər hansı bir irəliləyişin olmadığını bilir.
- Demək olarmı ki, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə aparılan sülh danışıqları tükənmək üzrədir?
- Müharibə variantı qaçılmazdır. Öncə isə, müharibəyə hazırlaşmağın tempini düzgün müəyyənləşdirməliyik. Hazırlıqsız müharibənin başlanması Azərbaycan üçün xoş heç nə vəd etmir. Burada söhbət yalnız ordunun silah-sursat, texnika ilə təchizatından getmir. Cəmiyyətin müharibə ab-havasına daxil olmasından söhbət gedir. Yəni, müharibədə ordunun vuruşması ilə yanaşı, arxa cəbhədə cəmiyyətin göstərdiyi aktivlik də olduqca əhəmiyyətlidir. Əgər Azərbaycan cəmiyyəti, bütövlükdə, bu prosesə səfərbər olarsa, müharibənin qalib tərəfi məhz Azərbaycan olacaq. Bu istiqamətdə qanunvericilik və inzibati tədbirlər həyata keçirməklə ciddi işlər görməliyik.
- Fazil müəllim, necə düşünürsünüz, Ermənistanla Azərbaycan arasında müharibə baş verərsə, Rusiya-Ermənistan arasındakı hərbi əməkdaşlıq müqaviləsi əməli fəaliyyətə keçə bilərmi?
- Təbii ki, bu məsələdə Rusiyanı neytrallaşdırma yollarını tapmalıyıq.
- Siz bu neytrallaşdırmanı hansı formatda görürsünüz?
- Rusiyanın Ermənistanın mövqeyinə üstünlük verməsi gələcəkdə Qafqazda müəyyən problemlərin yaranacağına səbəb olacaq və bu, Rusiyanın öz maraqları ilə ziddiyyət təşkil edir. Rusiyanı neytral mövqeyə çəkməyi bacarmasaq, müharibənin çətinliklərini nəzərə almalıyıq. Çünki Rusiyasız problemin həllində gözlənilən və gözlənilməyən çətinliklər mövcuddur.
- ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Con Bolton bəyan edib ki, Amerika Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Doğrudanmı ABŞ münaqişənin həllində maraqlı deyil?
- Amerikanın Ermənistanı Rusiyanın əlindən qoparmaq niyyəti yoxdur. Bu, bizim üçün aldadıcı variantdır. ABŞ-da Ermənistan məsələsi daxili siyasətə aid olan bir məsələdir. Daxil siyasətə aid olan hər hansı bir məsələ isə xarici siyasətə köçürülürsə, bu, həmin məsələnin aktuallaşdığı mənasını vermir. Bu, daxili siyasətin diqtəsi ilə baş verən bir məsələdir. Ona görə də Ermənistana Rusiyanın ərazisi kimi baxılır və Amerika da bu reallıqla razılaşır. Çünki Ermənistanda Rusiyanın texniki imkanlarının güclü olması o deməkdir, o, buradan köçmək fikrində deyil. Rusiyanın buradan çıxması, öncə, milyardlara bərabər xərc deməkdir. Bu baxımdan, Rusiya bu addımı atmaqda maraqlı deyil.