PDF Oxu

Müsahibə

  • 10

Nizami Cəfərov: "Azərbaycan daim Türkiyənin yanındadır"

Nizami Cəfərov: "Azərbaycan daim Türkiyənin yanındadır"
- İsveç parlamenti də qondarma erməni soyqırımını tanıyan qətnamə qəbul etdi. Bəzi dünya dövlətlərinin ardıcıl olaraq türk dünyasına qarşı ikili standartlardan yanaşmasını nə ilə izah etmək olar?
- Son illər Türkiyəyə qarşı çox böyük haqsız iddialar irəli sürülür. Bunun da bir neçə səbəbi var. Birincisi, Türkiyənin əhali və iqtisadi potensialının, eləcə də, onun sənayesinin inkişafının qarşısına çıxarılan reaksiyalardır. Yəni, Şərqdə belə bir dövlətin getdikcə inkişaf etməsi, müasir formada güclənməsi dünyanı idarə edən bəzi beynəlxalq qüvvələrin müəyyən təzyiqinə məruz qalır. Türkiyəyə qarşı gözügötürməzlik var. İkincisi, sovet birliyi dağıldıqdan sonra türk dünyası formalaşdı və müstəqilləşdi. Türkiyə ilə yanaşı, yeni türk dövlətləri yaranmağa başladı. Türkiyə ilə bütün türk dövlətləri arasında olan əlaqələr Türkiyəni daha da gücləndirdi və ona yeni nəfəs verdi. Onun beynəlxalq aləmdəki mövqeyinə müsbət təsir etdi. Türkiyəyə qarşı təzyiqlərin növbəti səbəbi məhz budur. Onlar təzyiq göstərməklə Türkiyənin beynəlxalq nüfuzuna xələl vurmağa çalışırlar. Həmin qüvvələr daim işə salınan qondarma erməni soyqırımından və kürd məsələsindən də bu istiqamətdə istifadə edirlər. Münaqişələrin yaranmasına rəvac vermək, dövlətləri bir-birinə qarşı qoyaraq, onları sarsıtmaq təzyiq vasitələrinin daha da kütləvi xarakter almasına təsir göstərir. Düşünürəm ki, Türkiyəyə qarşı təzyiqlərin əsas səbəbləri məhz bunlardan ibarətdir.
Təbii ki, Türkiyə öz beynəlxalq nüfuzunu qoruyub saxlamaq imkanlarına malikdir. Bu ölkənin diasporu, lobbisi sürətlə inkişaf edir və müəyyən təzyiqlərin qarşısını almaqda kömək edir. Qeyd edim ki, türk dünyası, xüsusilə, Azərbaycan daim Türkiyənin yanındadır. Türkiyəyə qarşı təzyiqlərlə yanaşı, onların qarşısını alacaq mexanizmlər də formalaşır. Bəzən deyirik ki, Türkiyəyə qarşı qondarma erməni soyqırımı iddiaları erməni lobbisinin səyləridir və daha çox onlara qarşı mübarizə aparırıq. Bu məqsədlə öz diaspor təşkilatlarımızın fəaliyyətini türk diasporası ilə birləşdiririk. Digər türk dövlətlərini də bu işə cəlb edirik.
- Təəssüf doğurucudur ki, İsveç parlamentində türk əsilli bir deputat da qondarma erməni soyqırımının lehinə səs verib. Bunu erməni lobbisinin apardığı təbliğatın nəticəsi hesab etmək olar?
- Çox zaman baş verənləri erməni lobbisinin fəaliyyətinin nəticəsi kimi qəbul edirik. Ancaq mən hesab edirəm ki, bu proseslərdə daha çox beynəlxalq güclərlə üz-üzəyik. Erməni lobbisi də çox vaxt onların təzyiqi ilə hərəkət edir. Adətən, belədir ki, şeytanı heç kim görməyib, amma hamı ondan qorxur. Erməni lobbisi də belə bir hadisəyə çevrilib və adətən, onun təsirini aradan qaldırmağa çalışırıq. Lakin dünyada elə böyük qüvvələr var ki, onlar dünyanın iri enerji mənbələrinə sahib olmaq maraqları və beynəlxalq maliyyə sistemini idarə etmək istəkləri ilə bağlı müəyyən prosesləri ortaya atırlar. Hansı ki, ermənilər də bu işdə alətə çevrilir. Hesab edirəm ki, buna qarşı da Azərbaycan daha səylə mübarizə aparmalıdır. İsveç parlamentində türk əsilli deputatın qondarma erməni soyqırımının lehinə səs verməsi daxili problemlərimizin mövcudluğundan xəbər verir. Məsələn, dünyanın ən böyük yazıçılarından biri kimi Nobel mükafatına layiq görülmüş Orxan Pamuk türk dünyasının əleyhinə yazılar yazır və məsələləri obyektiv göstərmək iddiaları ilə çıxış edir. Halbuki onun yaradıcılıq qabiliyyətinin hansı qüvvələr tərəfindən necə idarə olunduğu hamıya bəllidir. Onun istedadı mənsub olduğu xalqın ideyalarının təbliğinə deyil, digər yararsız işlərə sərf olunur. Eləcə də, Türk Dünyası Parlament Assambleyasını yaratmaq istəsək də, bir sıra türk dövlətləri buraya qoşulmaq istəmir. Onlar müəyyən subyektiv iddialarla çıxış edirlər. Yəni, türk dünyasının özünün daxilində də lazımi mütəşəkkillik çatmır. Bu baxımdan, bu istiqamətdə də qüvvəmizi əsirgəməməliyik. Mütəşəkkiliyi yaratmaq və millətin mənəvi-ruhi bütövlüyünü təmin etmək üçün böyük mübariz olmaq gərəkdir. Bu hadisəni müasir siyasi münasibətlər və münaqişələr kontekstinə gətirib çıxarmaq olmaz. Bunu etməklə hər hansı məsələnin obyektiv həllinə nail olmaq mümkün deyil. Çünki ermənilər çox böyük paradoksal fikirlər söyləyirlər. Həm deyirlər ki, qondarma erməni soyqırımı baş verib, həm də bunun əvəzində Türkiyədən torpaq iddia edirlər. Bu, necə baş verə bilər? Bu hadisələrin mahiyyəti tamamilə fərqlidir və bu iddiaları əsaslandırmaq lazımdır. Ermənilərin bu işdə əsassız olmaları siyasi oyundan xəbər verir.
- Nizami müəllim, ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsi də artıq qondarma erməni soyqırımını tanıyan qətnamə qəbul edib. Sizcə, məsələnin növbəti mərhələdə Senatda və ya Konqresin ümumi iclasında müzakirəsi mümkündür?
- Bu, Türkiyənin Azərbaycanın köməyindən istifadə edərək, Türkiyə-Ermənistan protokollarının imzalanmasına müqavimət köstərməsinə ABŞ-ın əks-reaksiyasıdır. Bu müqaviməti sındırmaq üçün atılan bir addım idi. Yəni ABŞ Senatının Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma "erməni soyqırımı"nın yalnız bir səs çoxluğu ilə qəbul olunması bunu bir daha sübut etmiş oldu. Bu işin nə qədər böyük konnektur hadisə olması prosesin gedişindən görünür. Hətta müzakirəyə qatılmaq istəməyən konqresmenlərin komitə sədri tərəfindən bu məcbur edildiyi məlumdur. Bu istiqamətdə işlərin ardıcıl olaraq davam etdirilməsini isə gələcək göstərər. Ancaq nəticələrində necə olacağını düşünməkdənsə, proseslərin xeyrimizə həll olunması yönündə fəaliyyət göstərməliyik. Bunun ən optimal yolu Türkiyənin sona qədər müqavimət göstərməsidir. Əgər Türkiyə ona olunan təzyiqlərdən sonra mövqeyini dəyişərək, Ermənistanla sərhədləri açarsa, təbii ki, uduzar. Türkiyənin uduzması isə, eyni zamanda, Azərbaycanın uduzması deməkdir. Hesab edirəm ki, bu yolda həm Türkiyə, həm də Azərbaycan daha qətiyyətli mübarizə aparmalıdır.
- Prezident cənab İlham Əliyev Rusiyanın RBK informasiya agentliyi tərəfindən təsis olunan "İlin adamı - 2009" mükafatına layiq görülüb. Bununla bağlı nə deyə bilərsiniz?
- Prezident İlham Əliyev hər cür mükafatlara layiqdir. Ona görə ki, İlham Əliyev həm ölkədaxili, həm də xarici siyasətində böyük uğurlara imza atır. Onun müasir iqtisadi böhran şəraitində yürütdüyü siyasət nəticəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər bütün dünya dövlətləri tərəfindən etiraf olunur. Digər tərəfdən, dövlət başçısının yüksək səyi ilə Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrildi. Ölkəmiz qısa müddət ərzində xarici ölkələrdə öz səfirliklərini və nümayəndəliklərini açdı. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində xeyli işlər gördü. Bu istiqamətdə işlər ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlansa da, Prezident İlham Əliyev bu istiqamətdə fəaliyyətini yeni formada davam etdirir. Məhz Onun sayəsində Azərbaycanın kifayət qədər güclü müdafiə sistemi formalaşıb. Bu müdafiə sistemi təkcə hərbi sahədə deyil, həmçinin, iqtisadi, milli-mənəvi və s. sahələrdə formalaşıb. Qeyd edim ki, Azərbaycan münaqişənin həllinə çox yaxındır. Ölkəmiz özünə qarşı heç bir təzyiq vasitəsini qəbul etmir. Güman edirəm ki, dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan daha böyük uğurlara imza atacaq.

Digər xəbərlər