- Fuad bəy, "Azadlıq" bloku, ADP və "Ümid" partiyası birgə blok yaratmağı nəzərdə tutur. Maraqlıdır, Müsavatsız qurumun yaradılmasına qərar verilməsi hansı istəkdən yaranır?
- Bildiyiniz kimi, "Azadlıq" bloku tərəfindən Müsavat partiyasına yaradılacaq əməkdaşlıq çərçivəsində blokda yer alması ilə bağlı təkliflər edilib. Lakin çox təəssüf ki, Müsavat partiyası bu təkliflərə isti münasibət göstərməyib. Əksinə, müxalifətdaxili çəkişmələrə rəvac verməklə, bu birliyin yaranmasına mane olub. Amma bizim tərəfimizdən dəfələrlə Müsavat partiyasına bu istiqamətdə müraciətlər olub. Təklif olunub ki, Müsavat da qarşıdan gələn parlament seçkilərində "Azadlıq" tərəfindən yaradılacaq seçki blokunda yer alsın. Müsavatın bu istiqamətdə tutduğu mövqe blokun digər üzvləri ilə dialoq imkanını məhdudlaşdırdığından, hələlik, bu yöndə real nəticələrə nail olmaq mümkün olmayıb. Ümid edirik ki, gələcəkdə bu gərginliklər, narazılıqlar arxada qalarsa, Müsavat partiyası mövqeyində dəyişiklik edərsə, müxalifətdaxili narazılıq yaradan məqamları geridə qoyarsa, o zaman partiyanın birlikdə təmsil olunmasında heç bir problem yaranmaz. Onu da qeyd edim ki, ortada, konkret olaraq, seçki blokunun yaradılması ilə bağlı qərar yoxdur. Yalnız istək var və bu istək çərçivəsində formatın müəyyənləşdirməsi ilə bağlı danışıqlar gedir.
- Müsavat partiyası ilə bağlı səsləndirdiyiniz fikirlərinizi İsa Qəmbərova yönəldilən fikir kimi dəyərləndirmək olarmı?
- Biz heç kimdən heç nəyi tələb etmirik. Kiminsə bizdən nəyisə tələb etməsini də doğru saymırıq. Sadəcə olaraq, daxili narazılıqları və ittihamları bir kənara qoyub aradakı anlaşılmazlıq həll edilməlidir. Qarşıdan gələn seçki prosesinə birlikdə hazırlıq işləri aparılmalıdır. Bütün müxalifət bunu nəzərə almaq zorundadır.
- Arif Hacıyevin iddiasına görə, yaradılması nəzərdə tutulan həmin qurum fiaskoya uğrayacaq. Fikrini də onunla əsaslandırır ki, Müsavatsız hər hansı bir qurumun perspektivinə inamsızlıq mövcuddur...
- Arif Hacıyev özü fiaskoya uğramış şəxs və fiqurdur. Ona görə, onun real və ciddi olmayan fikirlərinə şərh vermək istəməzdim.
- Amma reallıq nəsə deməyə əsas verir?
- Reallıq onu deməyə əsas verir ki, müxalifətin birliyi "Azadlıq" blokunun bazasında yaradılacaq.
- Deməli, ADP və "Ümid" partiyası "Azadlıq" blokunun ətrafında formalaşacaq?
- Kimin olub-olmayacını demək, birmənalı şəkildə, düzgün deyil. Biz arzu edərdik ki, Müsavat partiyası burada olsun. Ancaq bunu gələcək göstərəcək.
- Sizin üçün şübhəli olan məqam varmı ki, Müsavat partiyası əvvələr bəzi partiyaları İrana, Rusiyaya və digər ölkələrə işləməkdə günahlandırırdı? Sonrakı məqamlarda isə ALP və ADP-yə qarşı sərt mövqe nümayiş etdirdi. Sizcə, Müsavat bununla nə demək istəyir?
- Mövqemizi ifadə etmişik ki, daxili çəkişmələrdən imtina etmək lazımdır. Bizə qarşı yönələn ittihamlara da cavab verməyə ehtiyac görmürük.
- Mirmahmud Mirəlioğlu təklif edirdi ki, "KXCP"-Müsavat-AXCP (i) üçlüyü parlament seçkilərinə birlikdə getsin. Deyəsən, bu məsələ gündəmdən çıxarılıb?
- Bunula bağlı "Azadlıq" blokunun qərarı Mirmahmud Fəttayevə çatdırılıb. Artıq bu, məsələ aktual deyil.
- Fuad bəy, müxalifətin bir-birinə ünvanlandığı ittihamlar fonunda, nə dərəcədə mümkündür ki, partiyalar parlament seçkilərinə bir yerdə getsinlər?
-Hesab edirik ki, mümkün olmayan heç nə yoxdur. Qarşıdurmaya rəvac verən qüvvələr öz mövqelərindən çəkinməli, konstruktiv mövqe nümayiş etdirməlidir. Ondan sonra bu variantı mümkün hesab etmək olar.
- İ.Qəmbərov Lalə Hacıyevanı "Madam" ləqəbli "KQB" agenti kimi, digərlərini isə xarici ölkələrə işləməkdə ittiham etmişdi. Bütün bunlara sizin partiya tərəfindən münasibət bildirilməməsi müəyyən qədər şübhələrin ortaya çıxmasına əsas verən amillərdəndir...
- Bizim partiya tərəfindən vaxtında bu məsələlərə münasibət bildirildi. Bu cür ittihamların doğru olmadığını, yanlış mənbələrdən qaynaqlandığını və müxalifətdaxili münasibətləri parçalamağa yönəldiyinə dair dəfələrlə fikirlər səsləndirildi. Bu cür ittihamlar həqiqəti əks etdirmir və müxalifətdaxili münasibətləri gərginləşdirməyə yönəldilib. Belə çıxır ki, İ.Qəmbərov böhtanla məşğuldur.