Konqres dünyanın ən böyük yalanını qəbul edib
- Qənirə xanım, ötən həftə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində uydurma "erməni soyqırımı" ilə bağlı qərar qəbul edilməsi istər Türkiyə, istərsə də Azərbaycanda kəskin etirazlara, sərt təpkilərə səbəb olub. Bununla bağlı nə deyə bilərsiniz?
- ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin uydurma "erməni soyqırımı" ilə bağlı məlum qərarına bir daha öz kəskin və ciddi etirazımı bildirirəm. Təəssüflər olsun ki, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dünyanın ən böyük yalanını qəbul edilib. Bu, hamımızı çox üzən bir hadisədir və hesab edirəm ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi bu yanlış və ədalətsiz qərarı ilə təkcə Türkiyəni yox, dünyanın hər bir yerində yaşayan hər bir türk insanını təhqir edib. Dünyanın hər bir yerində yaşayan türk insanı bu qərarla təhqir olunub. Bir Azərbaycan vətəndaşı, türk insanı olaraq da bunu özümə qarşı həqarət, təhqir kimi qəbul edirəm. Ona görə şəxsən dünyanın hər bir yerində yaşayan türk insanı - kimliyindən asılı olmayaraq - bu hadisəyə seyrçi qalmamağa və öz etirazını bildirməyə çağırıram. Onlar öz etirazlarını Konqresə də, ABŞ rəsmilərinə də çatdırsınlar. Bu, çox önəmlidir. Bu qərar təkcə qardaş və dost Türkiyəyə qarşı yönəlməyib, hesab edirəm ki, bu qərar özünü dünyanın hər bir yerində türk sayan hər bir insana qarşı yönələn bir qərardır. Bir daha qeyd edirəm, təbii ki, biz bunu qınayırıq və düşünürük ki, ABŞ bununla, əslində, türk cümhuriyyətləri ilə münasibətlərində bir "baxış" ortaya qoymuş oldu. Buna çox təəssüflənirik və eyni zamanda, hesab edirik ki, buna daha ciddi etirazlar bildirilməlidir. Bununla yanaşı, sevindirici haldır ki, həm Azərbaycan parlamenti, həm Azərbaycan rəsmiləri, həm də Azərbaycan dövlət başçısı buna öz kəskin münasibətini ortaya qoydu. Lakin hesab edirik ki, bununla da kifayətlənmək olmaz. Xaricdə yaşayan diasporumuz və diaspor təşkilatlarımız da buna öz kəskin etirazlarını ifadə etməlidirlər. Yəni, rəsmi və qeyri-rəsmi şəkildə buna etirazlarını bildirilməlidirlər...
- Sizcə, bu məsələ konqresdə müzakirəyə çıxarıla bilərmi?
- Təbii ki, görünür, bununla kifayətlənilməyəcək. Aprelin 24-dən əvvəl bu seriya oyunlar hələ çox davam edəcək. Hesab edirik ki, bu oyunların qarşısının alınması, durdurulması üçün də daha ciddi addımlar atılmalıdır və buna görə dünyanın hər bir yerində yaşayan insanımızı da daha ciddi fəaliyyət ortaya qoymağa, sərgiləməyə çağırırıq. Eyni zamanda, bu qərar Orta Asiyanın türk cümhuriyyətləri üçün də təhqir dolu bir qərardır. Ona görə hər kəs bundan payını götürməli, susmamalıdır. Sabah o qərarın arxasınca çıxa bilən və biləcək qərarlar bütün türk insanına, türk cümhuriyyətlərinə daha ağır və üzücü zərbələr vura bilər. Sizə də yaxşı məlumdur ki, artıq bəzi Avropa ölkələri başlayıblar, kim "erməni soyqırımı" sözünü deməsə, etiraf etməsə, onlar cəzalandırılacaq və onlar cəzalandırılan zaman heç kəs də deməyəcək ki, bu, hansı ölkənin vətəndaşıdır, soruşacaq ki, deyirsən, yoxsa demirsən? Təbii ki, özünü türk sayan kimsə də o sözü deməyəcək, etiraf etməyəcək və bundan sonra görün daha nələr ortaya gələ bilər və gələcək...
- İndi çox yaxşı bir məqam yetişməyib ki, rəsmi Bakı Xocalı soyqırımı məsələsini daha ciddi şəkildə ortaya qoysun...
- Bilirsiniz, biz Xocalı soyqırımı məsələsini çoxdan ortaya qoymuşuq. Biz bir müddət öncə, Amerikadaydıq və orada olarkən, konqresmenlərlə də görüşmüşük, bu məsələni onların da bir daha diqqətinə çatdırmışıq. Çox təəssüflər ki, onlar Xocalı soyqırımını görmək, etiraf etmək, tanımaq istəmirlər. Biz görüşərkən onların hər birinə deyirdik və demişik ki, biri var siz hansısa tarixi kitabdan oxuyasınız, biri də var siz öz gözünüzlə görə biləcəyiniz tarixi soyqırımı aktı ortalıqdadır. Lakin bir daha təəssüflər olsun ki, onlar, doğrudan da, soyqırımı olan bir qanlı qətliama, Xocalı faciəsinə ciddi reaksiya vermədilər və ya vermək istəmirlər. Bu faciəni tanımaq bir yana, bunu qınayan hansısa bir ciddi reaksiyaları ortaya qoymaq fikrində deyillər. Amma tarixdə olmamış bir "soyqırımı" əllərində dəstavüz, bayraq edərək, ondan qardaş Türkiyəyə qarşı bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar...