PDF Oxu

Müsahibə

  • 12

Dağlıq Qarabağda müharibənin başlanması istisna olunmur

Dağlıq Qarabağda müharibənin başlanması istisna olunmur
- Fəzail müəllim, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, doğma torpaqlarımızın işğaldan azad edilməsi üçün hərbi yol istisna deyil. Sizcə, doğurdanmı Azərbaycan müharibə astanasındadır?
- Azərbaycanın apardığı daxili və xarici siyasət Avropa dəyərlərinə, beynəlxalq hüquq normalarına söykənir və bu normalar daxilində hərəkət edilir. İstər müxtəlif sahələrdə islahatların aparılmasında, istərsə də beynəlxalq hüququn gözlənilməsində bu prinsiplərə əməl edilir. Prezident İlham Əliyev həmişə çıxışlarında bildirib ki, əgər Ermənistan tərəfi beynəlxalq hüquq normalarına sığmayan işğalçılıq hərəkətlərini uzun müddət davam etdirərsə, təbii ki, Azərbaycan tərəfinin də səbrinin müəyyən hüdudu var. Dövlət başçısı İlham Əliyevin bu cür bəyanatlar səsləndirməsi, o demək deyil ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün yalnız müharibə variantını əsas hesab edir. Əvvəla, bu bəyanatlar millətə belə bir fikir aşılamalıdır ki, ölkə Prezidenti İlham Əliyev Azərbaycan torpaqlarının işğal olunması ilə barışmır və heç zaman da barışa bilməyəcək. Belə olan halda, dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmayacağı təqdirdə, onun güc tətbiq etməklə azad ediləcəyini bəyan edir. İkincisi, bu bəyanat xarici ölkələrə bir mesajdır. Yəni qoy onlar belə başa düşməsinlər ki, Azərbaycan uzun müddət apardıqları ikibaşlı oyunlarla razılaşacaq. Azərbaycan tərəfi dünya dövlətlərinin apardığı oyunların qurbanı deyil, öz hüquqlarını bilir və kifayət qədər iqtisadi imkanlara malikdir. Yəni, Azərbaycan hər an öz doğma torpaqlarını işğaldan azad etməyə hazırdır. Sadəcə olaraq, ölkəmiz hələ də beynəlxalq hüququn prinsiplərinə güvənir və məsələnin sülh yolu ilə həllinə çalışır. Bax, Prezident İlham Əliyev bu məqamları öz bəyanatında önə çəkib. Ancaq O, konkret müharibə variantının üzərində dayanmır. Azərbaycan hər zaman sülhsevər dövlət olub, lakin müharibəni istisna etmir.
- Sizcə, Azərbaycanla Ermənistan arasında müharibə baş verərsə, dünya dövlətlərinin tutacağı mövqe nədən ibarət olacaq?
- Müharibə başlanacağı halda, təbii ki, haqlı tərəf Azərbaycan olacaq. Müharibə baş verərsə, xarici dövlətlər və beynəlxalq təşkilatlar onun dayandırılması üçün Azərbaycanın əl-ayağına düşəcək. Nə qədər ki, onlar Azərbaycanın sərt simasını görməyiblər, ikili oyunlarını davam etdirəcəklər. Hansısa dövlətin bilavasitə Ermənistan tərəfində durub bizə qarşı vuruşması mümkün deyil. Onlar, sadəcə, qeyri-leqal yollarla Ermənistana kömək edə bilərlər. Çoxları hesab edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiya ilə Ermənistan arasında hərbi müqavilə var. Buna əsasən də, hər hansı dövlət Ermənistana qarşı müharibə elan etsə, Rusiya Ermənistanı müdafiə edəcək. Hər kəs bilməlidir ki, Azərbaycan Ermənistan torpaqlarını işğal etmək üçün müharibə etməyəcək. Azərbaycan işğal olunmuş ərazilərini azad etmək üçün müharibə apara bilər. Əgər biz müharibə apara bilər. Əgər biz müharibə zamanı Ermənistanın sərhədləri daxilinə keçəriksə, o zaman bu müqaviləyə əsaslanaraq, Rusiya hər hansı kömək tədbiri görə bilər. Üstəlik, Azərbaycan Yerevan torpağı başda olmaqla, öz ata-baba torpaqlarını ermənilərə güzəştə gedib. Prezident İlham Əliyev sərhəd bölgəsinə səfəri zamanı bu fikrini bütün dünyaya bəyan edib.
- Bəzi politoloqlar belə hesab edirlər ki, İsrail-İran münaqişəsi ilə bağlı regionda çox mürəkkəb proseslər yaşanır. Bu zaman Azərbaycan müharibəyə başlayarsa, bu, rəsmi Bakının əleyhinə işləyə bilər. Bu amil hansı məntiqi əsasa sığır?
- Düşünürəm ki, millət və xalqda qorxaqlıq hissi yaratmaq lazım deyil. Məsələnin bu cür qoyulmasının tərəfdarı deyiləm. Əgər müharibə başlanarsa, dünyanın böyük institutları, öncə, bunun nə ilə nəticələnəcəyini hesablayacaqlar. Tam əminəm ki, müharibə başlanarsa, bu, Azərbaycanın qələbəsi ilə sona çatacaq. Eyni zamanda, qonşu dövlətlərin bu məsələyə münasibətləri nəzərə alınmalıdır. Müharibə, iki uşaq arasında dava deyil ki, biri əlinə ağac götürüb, digərini vursun. Ona görə də, bu məsələləri millətə və xalqa bu formada bəyan etmək lazım deyil. Müharibə variantını istisna etmək o deməkdir ki, torpaqlarımızın işğalı faktı ilə barışırıq.
- Fəzail müəllim, fikirlərinizdən belə çıxır ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün müharibə variantı vacibdir.
- Müharibə o vaxt vacib olacaq ki, bütün sülhməramlı düşüncələrə son qoyulacaq. Hələ ki, bu istiqamətdə danışıqlar davam edir. Dünən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfər edib. Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi planlaşdırılır. Təbii ki, danışıqlar prosesi nəticəsiz qalarsa, müharibə qaçılmaz olacaq.
- Fransa prezidenti Nikolya Sarkozi və Rusiya prezidenti Dmitri Medvedev arasında keçirilən görüşdən sonra yaydıqları bəyanatda bildirilir ki, hər iki dövlət Dağlıq Qarabağ münaqişəsinin həllində birgə fəaliyyət göstərəcəklər. Rusiyanın Ermənistanla hərbi əməkdaşlığa dair müqavilə imzaladığını, eləcə də, Fransanın belə bir fikirdə olduğunu nəzərə alaraq, onların səmimiyyətinə nə dərəcədə inanmaq olar?
- Hazırda dünyada geosiyasi maraqlar uğrunda müharibə davam edir. Qafqaz regionu da geosiyasi maraqlara aid olan regionlardandır. Azərbaycanın Ermənistanla müharibə etmək istəyi torpaqlarımızı işğaldan azad etmək məqsədi daşıyır. Ermənistan isə öz işğalçılıq siyasəti ilə regionda elə bir situasiya yaradıb ki, Qərb dövlətləri burada öz strateji maraqlarını təmin edə bilmir. Məhz bu maraqların təmin olunması üçün, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Təsəvvür edin ki, Türkiyə-Ermənistan protokollarının imzalanmasına da Dağlıq Qarabağ münaqişəsi mane olur. Digər tərəfdən, Amerika bu məsələlərdə də Ermənistanın, nə də Azərbaycanın xətrinə dəymək istəmir. Ancaq çox yaxşı başa düşür ki, Azərbaycan haqlı tərəfdir və bunun təmin edilməsi üçün mütləq Ermənistana təzyiq edilməlidir. Qeyd edim ki, bu regionda çox böyük siyasi oyunlar gedir. Ermənistan Rusiyanın ağuşundadır və ona istənilən formada təzyiq göstərə bilər. Rusiya və Fransa çalışır ki, tərəflərin maraqlarını eyni qaydada təmin etsin. Bu isə mümkün deyil. Çünki nəzərə almaq lazımdır ki, Azərbaycanın 20 faiz torpaqları işğal olunub. Danışıqlar prosesinin uzanmasına səbəb məhz budur.
- Ermənistan xarici işlər naziri Eduard Nalbandyanın İspaniya xarici işləri naziri ilə görüşündə Prezidenti İlham Əliyev haqqında söylədiyi fikirlərə Prezidentin mətbuat katibi Azər Qasımov cavab verib. O bildirib ki, məgər tornaçı Serj Sarkisyana işğalçılıq siyasətini təhsil aldığı peşə məktəbində öyrədiblər? Məsələyə mövqeyinizi bilmək maraqlı olardı?
- Ermənistan rəsmiləri və onları müdafiə edən qüvvələr də bilir ki, onlar nahaqdır. Sadəcə olaraq, onlar söz oyunu oynayırlar. Ümumiyyətlə, E.Nalbandyan və S.Sarksiyan kimdir? Ancaq Qarabağ kartından istifadə edirlər. Bu şəxslər portfelsiz nazirə oxşayır. Onlar nə dediyini bilmir, əllərinə verilən konspekti oxuyur. Əgər onlara diqtə olunanları etməzlərsə, hakimiyyətdən məhrum olarlar. Onsuz da Ermənistan xalqı onların oyunlarından usanıb. Ermənistan hakimiyyəti ilə xalqı arasında böyük uçurum var. Bu dövr ərzində Ermənistan parlamenti gülləbaran olunub, küçələrdə insanlar öldürülüb. Əgər padşah taxta insanların qanı üzərindən keçib gəlirsə, burada sevgidən söhbət gedə bilməz. Rusiya mövcud vəziyyəti özünün diqtəsi ilə kökündən dəyişə bilər. Bu baxımdan, onların fikirlərinə ciddi əhəmiyyət vermirəm. Azərbaycan dövləti isə balanslaşdırılmış siyasət yürüdür və heç kimdən asılılığı yoxdur.

Digər xəbərlər