"Rəqabət Məcəlləsinin qəbul olunmasına böyük ehtiyac var"
- Azad iqtisadi zonaların yaradılması prosesi nə üçün gecikir?
- "Azad İqtisadi Zonalar haqqında" qanun qəbul edilsə də, indiyə kimi onlar yaradılmayıb. Vaxtilə Heydər Əliyev də Sumqayıtda azad iqtisadi zonanın yaradılması ilə bağlı göstəriş vermişdi. Bu göstəriş də reallaşmadı. Daha sonra Milli Məclisdə bununla bağlı qanun layihəsi qəbul olundu. Qanunun qəbul olunmasından bir müddət keçməsinə baxmayaraq, hələ də icra olunmayıb. Hazırda Primorskidə azad iqtisadi zonanın yaradılması məsələsi gündəmdədir. Hələlik isə, bununla əlaqədar hər hansı bir ciddi iş görülmür. Azad iqtisadi zonaların yaradılması prosesinin reallaşmaması məni çox təəssüfləndirir. Çünki onların yaradılması Azərbaycan üçün olduqca vacibdir. Bu zonaların yaradılması sahibkarlığın inkişafı, iqtisadi təşkilatların orada yerləşdirilməsi, müəyyən güzəştlərin verilməsi və s. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etməsinə təsir göstərir. Qeyri-neft sektorunun inkişafı üçün Prezident İlham Əliyev tərəfindən bir sıra tədbirlərin görülməsi üçün ciddi göstərişlər verilib. Azad iqtisadi zonalar daha çox sərhəd bölgələrində, dənizə və nəqliyyat vasitələrinin olduğu yerlərə yaxın ərazilərdə yerləşdirilir. Məsələn, qonşu İran İslam Respublikasında hazırda 13-ə yaxın azad iqtisadi zona var və onlar yüksək səviyyədə fəaliyyət göstərir.
- Vahid müəllim, azad iqtisadi zonaların digər bazarlardan fərqi nədən ibarətdir?
- Azad iqtisadi zonalar qapalı zonalardır və oraya kənar müdaxilələr mümkün deyil. Burada bir çox güzəştlər nəzərdə tutulub ki, onlar da qanun layihəsində öz əksini tapıb. Azad iqtisadi zonalar üçün vergi, gömrük, torpaq və güzəştlər var.
- Azad iqtisadi zonalara investisiyaların qoyulması yerli, yoxsa xarici sahibkarların hesabına həyata keçiriləcək?
- Bunun üçün sahibkarlara heç bir məhdudiyyət qoyulmur. Bu işdə həm yerli, həm də xarici sahibkarlar yaxından iştirak edə bilər.
- Qanunun tənzimlənməsi üçün Rəqabət Məcəlləsinin qəbul olunmasına ehtiyac var?
- Rəqabət Məcəlləsinin qəbul olunmasına çoxdandır zərurət var. 2006-cı ildə ölkə Prezidenti İlham Əliyev qanun layihəsini Milli Məclisə təqdim edib. Lakin bu günə qədər hələ də qəbul olunmayıb. Düzdür, qanun layihəsi iki oxunuşdan keçib və növbəti üçüncü oxunuş üçün müzakirəyə verilməlidir. Qanun layihəsinin müzakirəsinin yaz sessiyasının gündəliyinə salmışıq. Onun qəbul olunmasına çalışacağıq. Qeyd edim ki, Rəqabət Məcəlləsinin qəbul olunmasının Azərbaycanın daxili bazarına çox mühüm təsiri var. Qanunda nəzərdə tutulan hallar ölkədə qiymətlərin tənzimlənməsinə, eləcə də, inhisarçılığın müəyyən qədər aradan qaldırılmasına təsir edəcək. Bu baxımdan, qanun layihəsi olduqca ciddidir və onun qəbul olunmasına böyük ehtiyac var. Yəni, bazarın tənzimlənməsi bilavasitə bu qanun layihəsinin qəbul olunmasından asılıdır.