Prezident İlham Əliyevin Qəbələdəki sərt bəyanatı...
- Bu yaxınlarda Prezident İlham Əliyev Qəbələyə səfəri zamanı qaçqın və məcburi köçkünlərlə görüşündə sülh danışıqlarının nəticə verməyəcəyi təqdirdə, torpaqlarımızın müharibə yolu ilə azad olunacağını bildirib. Dövlət başçısının bu çıxışı dünya KİV-ində və Ermənistanda gərgin müzakirələrə səbəb olub. Məsələyə sizin də münasibətinizi öyrənmək istərdik...
- Prezident İlham Əliyev Qəbələdə səfərdə olarkən qaçqın və məcburi köçkünlərlə görüşü zamanı Azərbaycan xalqının iradəsinə söykənərək, bir daha özünün sərt mövqeyini ortaya qoydu. Dövlət başçısı istər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyanı öz üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrə, istərsə də Ermənistana Azərbaycan dövlətinin başlıca məqsədlərini, prinsipial mövqeyini birmənalı şəkildə açıqladı. Onun bununla bağlı söylədiyi fikirlər əsaslıdır və dəmir məntiqə söykənir. Çünki ATƏT-in Minsk Qrupu artıq 18 ildir ki, Ermənistanın apardığı işğalçılıq siyasətinə son qoymaq və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində faktiki nəticəyə nail olmayıb. Daha konkret desək, buna nail olmaq istəmirlər. Sözsüz ki, bu, onların təmsil etdikləri dövlətin maraqlarından irəli gəlir. Bundan istifadə edən Ermənistan da işğalçılıq siyasətini davam etdirir və ən müxtəlif manevrlərlə vəziyyəti qoruyub saxlamaq istəyir. Ümid edir ki, işğal etdiyi əraziləri gec-tez öz ərazilərinə birləşdirəcək. Bu, bir faktdır. Ona görə də ölkə Prezidenti İlham Əliyev bu çıxışı ilə Ermənistana və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə son xəbərdarlığını etdi. Onun bəyanatı Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilib. Hətta antimilli qüvvələr istisna olmaqla, siyasi partiyaların əksəriyyəti də dövlət başçısının mövqeyini dəstəkləyir və müdafiə edir.
Əminəm ki, Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad etmək üçün hərbi imkanlardan və güclərdən istifadə etmək haqqında qərara gələrsə, xalqımız Ona dəstək verəcək və Ermənistanın işğalçılıq siyasətinə birdəfəlik son qoyulacaq. Dövlət başçısının dövlətimizin və xalqımızın milli maraqlarına söykənən bu prinsipial mövqeyi mənim də fikirlərimi özündə ehtiva edir. Bu baxımdan, Prezident İlham Əliyevin qəti addımını gözləyirik. Düşünürəm ki, xalqımız, yürütdüyü siyasətə dəstək olaraq Onun ətrafında müsəlləh əsgər kimi sıx birləşəcək.
- Ölkə Prezidenti İlham Əliyevin Qəbələdəki sərt bəyanatı Ermənistanda çox ciddi narazılıqla qarşılanıb. Belə ki, bu ölkənin xaraci işlər naziri Eduard Nalbandyan dünya ictimaiyyətinə müraciət edərək, Azərbaycanın müharibə çağırışlarına reaksiya vermələrinin vacibliyini bildirib. Siz onların çaşqın mövqeyinin konkret detallarını nə ilə izah edərdiniz?
- Ermənistanın rəsmi dairələrinə bu fakt bəllidir ki, Azərbaycan bu gün həm iqtisadi, həm də hərbi sahədə onlardan qat-qat güclüdür. Əgər müharibə başlayarsa, bu, nəinki işğal altındakı torpaqların azad olunmasını, eləcə də, Ermənistan dövlətinin çökməsini sürətləndirəcək. Ona görə də, Ermənistan ən müxtəlif riyakarlıq və sərsəmləmələrlə özlərini bir daha yazıq millət qələmə verərək, türklər tərəfindən təcavüzə, soyqırımına məruz qalmış xalq kimi təqdim etməyə davam edirlər. Əlbəttə, ermənilər öz himayədarları vasitəsilə Azərbaycana hər zaman təzyiq göstərməyə çalışıblar. Bu gün də Ermənistan rəsmilərinin bu cür sayıqlamaları bu amildən qaynaqlanır. Bəli, Ermənistan Azərbaycandan qorxur və çəkinir. Onlar dərk edirlər ki, müharibənin başlayacağı halda, Ermənistan özünün çox ağır və böhranlı vəziyyətinə qədəm qoyacaq. Ermənistan çalışır ki, ölkəmizin müharibə yolu ilə torpaqlarını azad etməsinə maneçilik törətsin. Lakin bu cəhdlər əbəsdir. Çünki Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalması beynəlxalq təşkilatlar tərəfindən də təsdiq edilib. Dünyanın ən aparıcı dövlətləri ya birbaşa, ya da dolayısı ilə Azərbaycanın ərazi bütövlyünün təmin edilməsinin vacibliyini açıqlayıb. Belə olan təqdirdə, əgər Ermənistan özünün işğalçılıq siyasətini davam etdirəcəksə, təbii ki, Azərbaycan bununla razılaşa bilməz. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan uzun illər boyu bu şəraitə dözə bilməz. Azərbaycan xalqı artıq ATƏT-in Minsk Qrupu həmsədrlərinin simasını çox gözəl tanıyır. Bir sözlə, Azərbaycan xalqı müharibəyə hər an hazırdır və öz doğma torpaqlarının itirilməsi ilə heç zaman barışmayacaq. Ermənistan rəsmiləri nə qədər təşvişə düşüb bu cür fikirlər səsləndirsələr də, Azərbaycan, dövlət mövqeyində dəyişiklik etməyəcək.
- Fəzail müəllim, Fransa prezidenti Nikolya Sarkozi və Rusiya prezidenti Dmitri Medvedev arasında keçirilən görüşdən sonra yaydıqları bəyanatda bildirilir ki, hər iki dövlət Dağlıq Qarabağ münaqişəsinin həllində birgə fəaliyyət göstərəcəklər. Rusiyanın Ermənistanla hərbi əməkdaşlığa dair müqavilə imzaladığını, eləcə də, Fransanın da belə bir fikirdə olduğunu nəzərə alaraq, onların səmimiyyətinə nə dərəcədə inanmaq olar?
- Mən bu səmimiyyətə inanmıram. Düşünürəm ki, Azərbaycan xalqının da hər iki dövlətin səmimi fəaliyyətinə inamı yoxdur. Çünki uzun illərdir ki, ATƏT-in Minsk Qrupu həmsədrləri kimi fəaliyyət göstərən ABŞ, Rusiya və Fransa münaqişənin həlli istiqamətində heç bir əməli addım atmayıb. Ona görə də, bu cür bəyanatlar deklarativ xarakter daşıyan və konkret mahiyyət kəsb etməyən bəyanatlardır. Fransa və Rusiya arasında əldə olunan razılaşmanın Azərbaycan üçün hər hası müsbət nəticə verəcəyinə ümidim yoxdur. Həmin ölkələr Ermənistana xəbərdarlıq və sanksiyalar tətbiq etməklə vəziyyəti obyektiv olaraq dəyişə bilərlər. Ermənistan öncə Dağlıq Qarabağ ətrafındakı 7 rayonu qeyd-şərtsiz və dərhal boşaltmalıdır. Ondan sonra Azərbaycan və Ermənistan prezidentləri masa arxasında oturaraq Dağlıq Qarabağın statusu haqqında müzakirələr apara bilər. Lakin onlar bunu etmirlər. Belə olan halda, onlar geri çəkilsinlər və münaqişə hər iki dövlət arasında öz həllini tapsın. Tam əminəm ki, Ermənistanın havadarları onun ətrafından çəkilərsə, onlar işğal altında saxladığı Azərbaycan ərazilərini dərhal tərk edəcəklər. Çünki Ermənistanın Azərbaycanla üz-üzə dayanacaq gücü yoxdur.
- Bəzi rus politoloqlarının açıqlamasına görə, Azərbaycanla Ermənistan arasında müharibənin başlayacağı təqdirdə, Rusiya 1990-cı illərdən fərqli olaraq, neytral mövqe tutacaq. Onlar bunu ruslarla azərbaycanlıların genetik mənbələrinin bir olması ilə əlaqələndirir. Bu nə dərəcədə səmimi proqnozdur?
- Azərbaycanla Ermənistan arasında müharibə başlayacağı halda, Rusiyanın neytral möqve tutacağı arzuolunan bir proqnozdur. İnanmıram ki, müharibə zamanı Rusiya öz canlı qüvvəsi ilə Ermənistana yardım etsin. Ancaq Ermənistanın müharibə taktikasını rus generallarının hazırlayacağı şübhəsizdir. Hətta bu ölkənin Ermənistanda yerləşən hərbi bazaları, digər silah-sursat və texnikaları Ermənistanın maraqlarına uyğun olaraq fəaliyyət göstərəcək. Bunun baş verməyəcəyinə heç kim təminat vermir. Ola bilər ki, Rusiya həmin vaxt dövlətlərin daxili işinə qarışmayacağı haqqında bəyanat versin. Amma nəticədə öz hərbi bazaları vasitəsilə Ermənistana kömək edəcək. İstənilən variantda Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək.
- Bir neçə gün bundan öncə Rusiya ilə Gürcüstan arasında ilk dəfə olaraq Kazbek məntəqəsindən quru sərhədləri açıldı. Bəzi KİV-lərin yazdığına görə, həmin sərhəd keçidindən Ermənistan silah-sursat aparıldığı bildirlir. Sizcə, Ermənistan nə vaxta qədər Ermənistana silah-sursat daşıyacaq?
- Bu məsələ dəqiqləşdirilməli və bunun real olduğu üzə çıxdıqdan sonra Azərbaycan Xarici İşlər Nazirliyi hər iki dövlətə özünü sərt mövqeyini bildirməlidir. Sərhəd məntəqəsinin açılması Gürcüstanla Azərbaycanın mövcud olan müttəfiqlik münasibətlərində kifayət qədər problemlər yaratdı. Azərbaycan Gürcüstana qarşı münasibətində həmişə səmimi olub. Hətta başqa dövlətlərin təzyiqlərin məhəl qoymadan ən çətin anlarında belə Gürcüstanın yanında olub və müttəfiqlik borcunu lazımınca yerinə yetirib. Lakin çox təəssüflər ki, Gürcüstan prezidenti Mixeil Saakaşvili eyni səmimiyyəti Azərbaycana qarşı sərgiləmədi. Bununla bərabər, düşünürəm ki, vəziyyət tam nəzarətdə saxlanılmalı və əgər belə bir fakt varsa, bunun qarşısı mütləq alınmalıdır. Rusiya bunu etməyə çalışsa da, Gürcüstan buna imkan yaratmamalıdır. Əgər Gürcüstan buna göz yumarsa, deməli, o da Ermənistanın müttəfiqidir.