PDF Oxu

Müsahibə

  • 8

ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsuliyyəti mövcuddur

ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsuliyyəti mövcuddur

- Zahid müəllim, Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən ATƏT-in Minsk Qrupunda həmsədr qismində təmsil olunan nümayəndələrin dəyişdirilməsi problemin həllinə nə dərəcədə təsir göstərə bilər?
- Azərbaycan tərəfi dəfələrlə onu bəyan edib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsuliyyəti mövcuddur. Bu ranqdakı həmsədrlik institutunda diplomatlar çalışır, bu da öz-özlüyündə problemin həlli üçün həmin dövlətlərin tam marağını ifadə etmir. Yəni biz ötən dövr ərzində ATƏT-in Minsk Qrupunun yaradılmasına, daha sonra onun həmsədrlik institutunun təsis olunmasına baxmayaraq, burada təmsilçiliyin real, hüquqi dərəcəsini müəyyənləşdirməmişik. Baxmayaraq ki, BMT ATƏT-in Minsk Qrupuna mandat verib və bu danışıqlarda iştirak ediləcək format müəyyənləşib. Məsələ isə sona qədər aydınlaşdırılmayıb.
GUAM ölkələrinin müəyyən birliyi mövcuddur və burada Gürcüstanın xarici işlər nazirinin müavini bilavasitə bu təşkilatın katibliyinə rəhbərlik edir. İndiki gerçəklikdə isə xarici işlər nazirinin səlahiyyət verdiyi bir şəxs diplomatik təcrübəsindən, onun bu məkana, regiona bağlı olub-olmadığından asılı olmayaraq səlahiyyət alır. Bu da özlüyündə onların danışıqlarda iştirakı, xarici işlər nazirlərinə məlumatların çatdırılması, proseslə bağlı məsləhətləşmələr həmin ölkələrin prezidentlərinə bu məsələlərlə bağlı intensiv xarakterli informasiyaların verilməsi, regional proseslər haqqında məlumatların çatdırılması mümkün olmur. ATƏT-in Rusiyadan olan həmsədri Yuri Merzlyakov və ondan əvvəlki şəxslər də elə bu istiqamətdə fəaliyyət göstəriblər. Əslində, Rusiya ATƏT-dəki nümayəndəsini Mozambikdəki səfirlə əvəz etməklə, onu göstərmiş oldu ki, o, bu bölgədəki proseslərə öz rıçaqları ilə təsir göstərəcəkdir.
Xatırladaq ki, Azərbaycan ATƏT-in Minsk Qrupu ilə arada yaranmış çox gərgin münasibətlər fonunda BMT-yə sorğu göndərdi və farmatla bağlı müəyyən məsələlərlə əlaqəli aydınlaşdırma istədi. Sonradan bu anlaşılmazlıqlar aradan qaldırıldı. Burada isə, ən böyük anlaşılmazlıq Dağlıq Qarabağ probleminin həll edilməməsidir. Ona görə də Azərbaycanın xarici işlər naziri çox ciddi tələb bəyanatı ilə çıxış etməlidir ki, bu ölkələrin müəyyənləşmiş ranqdan aşağı olmayan şəxsləri problemin həllində diplomat və səlahiyyətli səfir kimi iştirak edə bilər. Bu məsələlər nə qədər ki, öz həllini tapmayacaq proses, sadəcə olaraq öz ineksiyası ilə indiki həllolunmaz səviyyəsində davam edəcək.
- ABŞ və Rusiya arasında mövcud ziddiyyətlərin olması Dağlıq Qarabağ münaqişəsinin həllində mənfi təsiri ola bilərmi?

- Dünya idarəçiliyinə və regional proseslərə dair ABŞ və Rusiya arasında çox kəskin konfrantasiya mövcuddur. Uzun müddət regionda ağalığı həyata keçirən Rusiya, nəyin bahasına olursa-olsun Qərbin regiondakı maraqlarına zərbə vurmaq üçün Dağlıq Qarabağ amilindən də uzun zamandan bəri faydalanmışlar. Doğrudur, bu məsələ, eyni zamanda, Qərbin bölgəyə gəlməsinə şərait yaradıb və proses müəyyən mənada Rusiyanın əleyhinə çevrilmişdir. Amma özlüyündə kim-kimi məsələsi Cənubi Qafqazda, hələ ki, sona qədər həll olunmayıb. Dünyada gedən və beynəlxalq siyasi düzən kimi xarakterizə edilən proseslərdəki ziddiyyətlər Amerika-Rusiya davakarlığı və onların təsir dairələri uğrunda çarpışmalar və bunların daha da şiddətlənməsi Dağlıq Qarabağ probleminin həllinə də çox böyük mənfi təsirini göstərməkdədir. Biz gerçək olaraq, son illər ərzində bu məsələdə həllin gecikməsində ən başlıca faktorlardan biri kimi Qarabağ uğrunda beynəlxalq siyasi savaşı qeyd etməkdəyik. Dağlıq Qarabağ münaqişəsi Rusiya və ABŞ arasında savaş predmeti və poliqonudur. Coğrafi olaraq, Dağlıq Qarabağ Azərbaycana məxsus olsa da, Rusiya və ABŞ üçün siyasi bir vuruş məkanıdır.

- Son zamanlar Azərbaycanın öz ərazi bütövlüyünü hərbi yolla bərpa edəcəyi bəyanatları səsləndirilməkdədir. Bəyanatın reallığa çevrilməsi gözlənilirmi?
- Azərbaycan şəraitində Qarabağın birbaşa Rusiya ilə və başqa bir məkanla hər hansı geniş hərbi əməkdaşlığı mövcud deyil. Biz, onu vurğulayırıq ki, Qarabağ ərazisinin sürətlə silahlandırılması həm də, ona görə baş verir ki, Ermənistan beynəlxalq təşkilatlar qarşısında silah və hərbi resurslarına görə öhdəlik götürüb. Məhz bu öhdəlikdən Ermənistan yayınmaq üçün əldə etdiyi böyük silah kütlələrini Dağlıq Qarabağ ərazisində yerləşdirir. Amma Dağlıq Qarabağda olan hərbi qüvvələr kontingenti onların malik olduğu silah növləri, bütövlükdə Azərbaycanın imkanları ilə müqayisə oluna bilməz. Bu gün Azərbaycan əhalisinin 1 milyondan artıq insanı hərbi səfərbərlik qabiliyyətinə malikdir. Bu böyük insan resursu ölkəmizin malik olduğu iqtisadi qüdrət, digər yandan coğrafi şərait və Azərbaycanın aparmış olduğu haqq işi bu məsələdə bizim hərbi qələbəmizi təmin edir. Ötən illər ərzində bu qərar ona görə verilməyib ki, müxtəlif beynəlxalq maraqların hərbi qararımız veriləcəyi təqdirdə, bizə maneə olmaması, birinci Qarabağ savaşında olduğu kimi Ermənistanın hər-hansı  yardıma layiq görülməməsidir. Bölgədə Azərbaycanın artan hərbi gücü müəyyən bir hərbi siyasi balans yaradıbdır. Məhz ona görə də, Ermənistanın mövqeləri xeyli geriyə atılıbdır.

Digər xəbərlər