"Biz uydurma "erməni soyqırımı" ilə bağlı müzakirələrin açılmasının əleyhinəyik"
Milli Məclisin sədrinin müavini Bahar Muradova məsələ ilə bağlı açıqlamasında bildirdi ki, o, belə bir halın baş verməsini istəmir:
- Bahar xanım, məlum olduğu kimi, ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində 24 aprel uydurma "erməni soyqırımı" ilə bağlı müzakirələrin keçirilməsi gözlənilir. Əgər bu yöndə müzakirələr olarsa və hansısa bir sənəd qəbul edilərsə, Azərbaycan parlamenti tərəfindən hansı addımlar atıla bilər?
- İstərdim ki, bu hadisə baş verməsin. Bunun üçün də Türkiyə tərəfi öz səylərini göstərməkdədir. ABŞ Administrasiyasının da bu məsələ ilə bağlı mövqeyi ortadadır. Ona görə inanmaq istərdim ki, bu məsələ daha irəlidəki - Konqresdəki müzakirələrə çıxarılmasın və ya çıxarılmaycaq. Bundan sonra da, biz hansısa addımlar atmaq, tədbirlər görmək məcburiyyətində qalmayaq və qalmayacağıq. Amma biz istənilən halda, bu yöndə müzakirələrin açılmasına qarşıyıq.
- Yeri gəlmişkən, ATƏT Parlament Assambleyasının sədri Joao Soareş və onun səlahiyyətli nümayəndəsi, Qarabağ məsələsi üzrə məruzəçi Qoran Lenmarkerin gələn həftə bölgəyə və Azərbaycana səfəri gözlənilir. Görəsən, bu səfər zamanı hansı məsələlərin müzakirəsi nəzərdə tutulur?
- Təbii ki, səfər çərçivəsində keçiriləcək görüşlər zamanı, əsasən, ATƏT-Azərbaycan əlaqələri, regiondakı vacib problemlər, o cümlədən, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin ATƏT-in vasitəçiliyi ilə həlli məsələləri müzakirə olunacaq. Məruzəçinin - Qoran Lenmarkerin ATƏT PA sədrini müşayiət etməsini də nəzərə alsaq, təbii ki, bu müzakirələrdə əsas mövzu Dağlıq Qarabağ problemi olacaq.
- Eyni zamanda, məlumatlara görə, ATƏT PA-nın bu ilin iyul ayında Norveçin paytaxtında növbəti illik sessiyası keçiriləcək və bu sessiya zamanı Ermənistanın qurumdakı nümayəndə heyətinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən imtinaya qadağa ilə bağlı bir sənəd təqdim etməsi gözlənilir. Bu baxımdan, görəsən, Azərbaycan tərəfi olaraq, bu məsələ ilə bağlı bəs hansı qabaqlayıcı addımların atılması nəzərdə tutulur?
- Hər halda, sənəd məlum olsun ki, ona da münasibət bildirək. Sənəd təqdim olunmadan orada nələrin əks olunduğunu söyləmək çətindir. Biz, təbii ki, bununla bağlı mövqeyimizi bildirəcəyik. İstənilən halda, biz bu cür hansısa bir qərarın qəbul olunmasına qarşıyıq və bu yöndə lazım olan bütün tədbirləri görəcəyik.