Musa Quliyev: "Yaxın 2-3 il ərzində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olacaq"
- Ötən il ölkəmizdə inflyasiya 1,5 faiz olub. Bu uğurlu göstəricinin 2010-cu ildə də öz qüvvəsini saxlaması proqnozlaşdırılırmı?
- İnflyasiyanın az və ya çox olması o qədər də təhlükəli deyil. Sadəcə, inflyasiyanın əhalinin alıcılıq qabiliyyətinə təsiri təhlükəlidir. Yəni, pul kütləsi arta, malların miqdarı çoxala və əhalinin alıcılıq qabiliyyəti yüksələ bilər. Buna uyğun olaraq inflyasiyanın dəyəri dəyişə bilər. Ancaq əsas məsələ ondan ibarətdir ki, inflyasiya hər zaman dövlətin nəzarəti altında olsun və əhalinin sosial vəziyyətinə dağıdıcı təsir göstərməsin. Düşünürəm ki, Azərbaycan dövlətinin apardığı maliyyə-bank siyasəti sayəsində 2010-cu ildə də inflyasiya tənzimləyici həddə olacaq. İnflyasiya bu il də birrəqəmli olacaq, əhalinin pul gəlirlərinə və alıcılıq qabiliyyətinə mənfi təsir göstərməyəcək. Ola bilər ki, 1,5 faizdən çox olsun. Çünki ilin ikinci yarısında dövlət büdcəsinə neftdən və qazdan külli miqdarda pul gəlirinin daxil olacağı gözlənilir. Nəticədə, pul kütləsinin çoxalması inflyasiyanın artmasına səbəb ola bilər. Hər halda, dövlətin apardığı siyasət onu göstərir ki, inflyasiyanın həddi ötən ilkindən o qədər də fərqlənməyəcək.
- Bu il orta aylıq əmək haqqı 6,8 faiz artaraq 298 manata çatıb. Son illər əhalinin rifah halının yüksəldilməsi, yoxsulluğun və işsizliyin aradan qaldırılması, ölkədə müasir infrastrukturun yaradılması ilə bağlı kifayət qədər ciddi addımlar atılıb. Ancaq ölkə müxalifətinin Azərbaycanda vəziyyətin ağır olması ilə bağlı səsləndirdiyi fikirlər sizdə təəssüf doğururmu?
- Bu fikirlər məndə təəssüf hissi deyil, sadəcə, gülüş hissi doğurur. Biz istəyirik ki, Azərbaycanda ciddi müxalifət olsun, onları ciddi qəbul edək. Lakin bu cür fikirlər səsləndirənlər ciddi adamlar deyil. Dəfələrlə onlar özlərini sınaqdan çıxardıb və məlum olub ki, onlar heç vaxt ciddi söz danışmayıb, ciddi fikir irəli sürməyiblər. Söylədikləri sözlər də nə fakta, nə də reallığa söykənmir. Son illər Azərbaycanın sosial-iqtisadi inkişafını dünyanın aparıcı beynəlxalq təşkilatları qeyd edir, müxtəlif maliyyə reytinq cədvəllərində ölkəmiz ön yerlərdən birini tutur. Bu faktlar ölkəmizin iqtisadi uğurlarının dünya səviyyəsində təsdiqi deməkdir. Ona görə hər hansı müxalifət qəzetində siyasətdən başı çıxmayan şəxslərin yazdıqları yazılar onların qeyri-ciddi işlərlə məşğul olduqlarını göstərir. Həmin şəxsləri xalqımız da ciddi qəbul etmir. Xalqımız ölkəmizin regionlarının günü-gündən inkişaf etdiyini görür. Sosial obyektlərin sıralarının getdikcə çoxalması, əhalinin güzəranının yüksəlməsi, eləcə də enerji təminatının yaxşılaşması, aqrar sektorun, turizm sahəsinin inkişafı, əhalinin pul gəlirlərinin, pensiyaların ildən-ilə artması sevindirici haldır. Dünyanın heç bir ölkəsində son 5-6 il ərzində əhalinin yoxsulluq səviyyəsi 49 faizdən 11,5 faizədək enməyib. Ancaq Azərbaycanda bu tendensiya mövcuddur.
- Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı düzgün, məqsədyönlü siyasət nəticəsində son 5 ildə iqtisadiyyatımız 2,6 dəfə, büdcə xərcləri 12 dəfə artıb və işsizliyin böyük hissəsi aradan qalxıb. Belə bir şəraitdə müxalifətin tənqid etməyə nə isə sözü ola bilər?
- Sözləri olacaq, ancaq bu sözlər ciddi olmayacaq. Ölkə nə qədər inkişaf edirsə, o cəmiyyətdə tələbatlar da bir o qədər artır. İrəliyə doğru addımlar atmaq meyilləri yaranır. Məsələn, ölkə müxalifəti bu addımları və tələbatları görməlidir. İqtidarın qarşısında aktual məsələləri problem kimi ortaya qoymağı bacarmalıdır. Müxalifət 1989-cu ildə meydana hansı şüarlarla çıxmışdısa, bu gün də həmin şüarlarla çıxış edir. Eyni ağılda və təcrübədə qalmaqda davam edirlər. Bu da, təbii ki, müxalifətin uğursuzluğuna zəmin yaradan əsas səbəblərdəndir. Onlar dövrün tələblərinə uyğun öz işlərini qura, siyasi dünyagörüşü və biliklərini zənginləşdirə bilmirlər. Təəssüflər olsun ki, siyasi mübarizə mədəniyyətinə yiyələnmədikləri üçün iqtidara düşmən kimi baxırlar. Ölkədə bir gün ərzində qarın və çovğunun olması ilə əlaqədar müəyyən enerji problemi yarandı. Müxalifət bunu böyük problemə çevirdi, iqtidarı tənqid etməyə başladı. Halbuki ABŞ-da yağan güclü qar nəticəsində də yollar bağlandığından prezident Barak Obama bir gün işə gedə bilməyib. Yəni, ölkədəki hər hansı kiçik problemi böyüdərək, səs-küy salmaq özlərini gündəmə gətirməkdən başqa bir şey deyil. Müxalifətin radikal qanadı çox böyük mənfi imic qazanıb. Şübhəsiz ki, yaxın vaxtda siyasi tarixdən tamamilə silinib gedəcəklər.
- Prezident cənab İlham Əliyevin "Ekologiya İli" ilə bağlı keçirdiyi müşavirədə qeyd etdiyi kimi, Azərbaycan iqtisadi inkişaf tempinə görə, dünyada birinci yerdədir, ölkəmizə xarici investorların axını sürətlənir və s. Bunlara əsasən, demək olarmı ki, Azərbaycanın bugünü kimi gələcəyi də parlaq və işıqlıdır?
- Azərbaycanın bugünü sabahkı parlaq və işıqlı günlərin bünövrəsidir. Bizi hələ qabaqda çox böyük qələbələr və zirvələri fəth etmək gözləyir. Xalqımız qısa müddət ərzində dünyanın ən inkişaf etmiş, varlı və təminatçı xalqlarından olacaq. İnanıram ki, Azərbaycan yaxın 2-3 ildə dünyanın inkişaf etmiş ölkələri sırasına gəlib çıxacaq. Bu da ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən siyasətin, dövlət başçısı cənab İlham Əliyevin həmin siyasəti günün tələbinə uyğun yeniləşdirərək, inkişaf etdirməsi və həyata keçirməsinin nəticəsidir. Gecə-gündüz Azərbaycan xalqının rifahı naminə çalışmasının, fəaliyyətinin bəhrəsidir. Məncə, cəmiyyətdə müxtəlif xəstəliklərə tutulan insanlar olduğu kimi, müxalifətdə də dayaz düşüncəli, sərsəm iddiaların olmasını normal qarşılamaq lazımdır. Bizim yolumuz haqq yoludur, bizim qatarımız sürətlə irəliləyir. Yolun kənarında kimin nə səs çıxaracağına isə cavab vermək məcburiyyətində deyilik.
- Musa müəllim, təbii ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rola malikdir. Bu baxımdan, NABUCCO-nun reallaşmasının gecikməsini hansı amillərlə izah etmək olar?
- Burada geopolitik, müxtəlif ölkələrin maraqlarının təmin olunmaması və s. səbəbləri daxil etmək olar. Lakin bu, bizi o qədər də narahat etmir. Prezident cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan balanslaşdırılmış siyasət yeridir, bölgədəki bütün qüvvələrlə səmimi və açıq-aşkar əməkdaşlıq siyasəti həyata keçirir. Neft-qaz idxalının divertifikasiyası proqramı da özünü doğrultdu. Enerji daşıyıcılarının bütün istiqamətlərdə paylanılması məsələsi Azərbaycanın xarici güclərdən asılı olmayan siyasət yürütməsinə kömək edəcək. Ölkəmizin beynəlxalq iqtisadi siyasət sahəsində müstəqilliyini təmin edəcək. NABUCCO, "Şimal və Cənub Axını" layihələri Azərbaycanın uğurlarına xidmət edən layihələrdir. Biz bu layihələrin reallaşmasına tələsməməliyik. 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyevin imzaladığı "Əsrin müqaviləsi" ilə ölkəmiz bütün dünyanı özünə bağladı. Həmin layihə çox böyük uğurla həyata keçirildi. Onun ardınca Bakı-Ərzurum qaz kəməri layihəsi, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi, "Şimal və Cənub Axını" layihələri uğurla həyata keçirildi. NABUCCO layihəsi də yaxın gələcəkdə reallaşacaq. Bunun gecikməsi maraqların qarşılıqlı təmin olunmamasından qaynaqlanır.