"Ermənistan Azərbaycan torpaqlarından geri çəkilmək istəmir"
- Aydın müəllim, Ermənistan prezidenti dəfələrlə bəyan edib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz prinsiplərindən geri çəkilməyəcək. Belə olan tədqirdə, ATƏT-in Minsk Qurupu çərçivəsində danışıqların aparılmasına ehtiyac varmı?
- 20 ilə yaxındır ki, Azərbayca torpaqları erməni işğalı altındadır. Ermənistan Azərbaycan torpaqlarından geri çəkilmək istəmir. Buna baxmayaraq, işğalçı ölkə torpaqlarımızı işğaldan azad etməyə məcburdur. Buna Ermənistanı Azərbaycanın qüdrətlənməsi məcbur edir. Respublikamız ərazi bütövlüyü prinsipindən geri çəkilmir. Əminliklə deyə bilərik ki, işğalçı ölkə beynəlxalq arenada təklənib. Adıçəkilən ölkədə sosial durum həddən artıq ağır vəziyyətdədir. Ermənistan tərəfinin belə bir bəyanatlar səsləndirməsi özünün daxili siyasətinə hesablanıb.
- Azərbaycan Dağlıq Qarabağ ərazində antiterror əməliyyatları keçirsə, beynəlxalq ictimaiyyətin buna münasibəti necə olacaq?
- Ermənistan bizim torpaqlarımızı işğal edib. Əgər biz torpaqlarımızı işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlasaq, bu, işğalda olan torpaqlarımızın azad edilməsi üçün atılan addım olacaq. Bu da, sözsüz ki, beynəlxalq ictimaiyyət tərəfindən normal qarşılanar. BMT nizamnaməsi də buna icazə verir. Azərbaycan da hərbi məsələnin gündəmdə olduğunu, həmişə birmənalı olaraq, elan edib.
- Beynəlxalq təşkilatlar Ermənistan ordusunun Dağlıq Qarabağ ərazisindən çıxarılmasına dair qətnamə qəbul etsələr də, sözügedən qurumlar işğalçı ölkəyə təzyiq göstərə bilmirlər. Bu, erməni lobissinin gücündən irəli gəlirmi?
-Bəzi dünya dövlətlərinin Ermənistanın açıq və ya gizli şəkildə dəstəklədiyi faktları mövcuddur. Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlamaqla, özü-özünə zərbə vurmuş olur. Azərbaycan günü-gündən çiçəklənir. Amma işğalça ölkədə vəziyyət necədir? Ermənistan hazırda ağır durumdadır. Yalnız adıçəkilən ölkə xaricdə fəaliyyət göstərən diasporanın maliyyə imkanları hesabına mövcudluğunu qoruyub, saxlayır. Ancaq etiraf etmək lazımdır ki, dünyada erməni lobissi fəal tərzdə işləməkdədir.
- Ermənilərin soydaşlarımıza qarşı apardığı soyqırım faktlarını dünya ictimaiyyətinin diqqətinə yetərincə çatdıra bilmişikmi?
- Məlumdur ki, Ermənistan Azərbaycana qarşı dəfələrlə soyqırım faktları törədib. Belə faktlardan biri də Xocalı faciəsidir. Hesab edirəm ki, Xocalı faciəsini dünya ictimaiyyətinin diqqətinə yetərincə çatdırmışıq, yəni buna nail olmuşuq. Xocalı faciəsinin dünyaya çatdırılması istiqamətində işlər görülür. Azərbaycanın başına gələn faciəni beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bilmişiksə, bu, bizim uğurumuzdur. Hesab edirəm ki, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və diaspora təşkilatları da bu işdə fəaldırlar. Belə ki, bütün ölkələrdəki Azərbaycanın diplomatik nümayəndəliklərində Xocalı faciəsi ilə bağlı tədbirlər keçirilir. Bu məsələdə diaspora təşkilatlarımız da fəallıq nümayiş etdirirlər.