Eldar Namazov müxalifətdən əlini üzüb
Artıq müxalifət rəhbərləri növbəti parlament seçkilərinə namizədlərin verilməsi "yarışına" giriblər. Seçkilərə müəyyən vaxtın qalmasına baxmayaraq, demək olar ki, müxalifətdə "it yiyəsini tanımır". Çünki bir az əvvəl düşərgənin əməkdaşlığından dəm vuran partiya sədrləri, indi sürətlə "yarpaq tökümü" dövrünü yaşayan partiyaların qurultaylarını çağırıb, özlərinin tez-tələsik qarşıdakı parlament seçkilərində iştirak etmək üçün "namizədlərini" təsdiq edirlər.
Bir məsələni qeyd etməyə dəyər ki, artıq bütün bu günə kimi keçirilən seçkilər, ilk növbədə, radikal müxalifət partiyalarının dayanaqsızlığını və siyasi iflasını ortaya çıxarmaqla yanaşı, onların, ümumiyyətlə, cəmiyyət nisbətində bir faizlik təsirə malik olmadıqlarını nümayiş etdirdi. Ən maraqlısı isə odur ki, indiyədək radikal müxalifət partiyalarının "dəstəkçisi", daha doğrusu, onları Azərbaycanda təxribat yaratmaq üçün siyasi nökər kimi istifadəyə çevirən bir sıra beynəlxalq təşkilat və qrant təşkilatları onların üzünə bütün qapılarını bağlayıblar.
Elə son bir neçə gündə müxalifətçilərin AŞ PA-nın həmməruzəçiləri olan Yevgeniya Jivkova və Andreas Herkel haqqındakı kəskin fikirləri də, onu deməyə əsas verir ki, Strasburqdakıların da rdikallardan zəhlələləri gedir. Artıq situasiya elə şəkil alıb ki, heç bir beynəlxalq təşkilat rəsmisi onlarla kəlmə kəsməyi belə özlərinə rəvac görmürlər. Bunun əsas səbəbi isə, hər şeydən əvvəl, son parlament seçkiləri zamanı radikal müxalifət partiyalarının xalqdan bir faizdən çox səs ala bilməmələri və ümumiyyətlə, onların xalq tərəfindən qəbul olunmamalarıdır. Belə şəraitdə, yəni siyasi baxımdan yararsız tullantıya çevrilmiş bu "siyasi maşenniklər"in bir kənara atılması "qrant bossları" üçün ən sərfəli yol idi və onlar da bunu etdilər.
Həmin seçkilərdən sonra, tam əminliklə demək olar ki, heç bir müxalifət təmsilçisi beynəlxalq təşkilatların "diqqətinə və maraq dairəsinə" düşə bilmədilər. İndiyə qədər müxalifət partiyalarının rəhbərləri, nə qədər cəhd etsələr də, "blokadadan" çıxa bilmirlər. Yəqin ki, siyasi tullantıya çevrilmiş bu adamların artıq bundan sonra heç nəyə yaramadıqlarını beynəlxalq qurum rəhbərləri hamıdan yaxşı bilirlər. Bunu onların son açıqlamaları, müxalifətin böhtan və boşboğaz dolu məntiqsiz "təklifləri"nə olan münasibətləri də tam əminliklə sübuta yetirir. Radikal düşərgənin ən ciddi bəlası, ondan ibarətdir ki, qarşıdakı prezident seçkiləri yaxınlaşdıqca, əksər müxalifət partiyalarının rəhbərləri bir-birlərini sıxışdırmağa, daxildən parçalamağa və seçkilərədək "nokauta" salmağa can atırlar. Diqqət yetirin, son bir neçə gün ərzində partiya rəhbərləri bir-birinin mövqelərinə zidd olan bəyanatlar səsləndirməyə başlayıblar. Onların əsas məqsədi isə, maliyyələşdirdikləri bir sıra qəzet səhifələrində olsa da gündəmdə qalmaqdır.
Bu adamlar, yaxşı başa düşürlər ki, qarşıdakı parlament seçkiləri onlar üçün yalnız siyasi gündəmdə qalmaq və qarmaqarşıqlıq salmaq üçün bir fürsətdir. Çünki onların xalqdan səs almaq imkanları çoxdan tükənib. Ən maraqlı odur ki, bu siyasi reallığı elə ən radikal müxalifət təmsilçiləri belə etiraf etməkdən çəkinmirlər. Onlar indi özlərinin bütün diqqətini düşərgə daxilində "düşmən axtarışı"na yönəldiblər.
Müxalifət daxilində "ilkin seçki" keçirmək təklifini irəli sürüb, müxalifəti əməlli-başlı bir-birinə qatan "Azərbaycan Naminə Fond"un rəhbəri Eldar Namazov, müxalifətçiləri təşfişə salan açıqlamalarla çıxış edir və bunu indi daha kritik şəkildə davam etdirir. Belə görünür ki, artıq E.Namazov da müxalifətdən əlini üzüb. E.Namazovun fikirlərindən belə aydınlaşır ki, müxalifət partiyalarının rəhbərləri arasında bu istiqamətdə azacıq da olsa nəsə bir anlaşmaya ümid yeri belə qalmayıb: "Təəssüf hissi ilə bildirmək lazımdır ki, bu məsələdə nəyəsə ümid etmək üçün əsas yoxdur. Bir çoxları öz şəxsi maraqlarından çıxış edərək, açıqlamalar verir və yerdə qalan azacıq bir ümid qığılcımını da məhv edirlər. Lakin bu, hələ hamısı deyil. Bəziləri bilə-bilə bu cür açıqlamalar verməklə müxalifətdaxili inteqrasiyaya ziyan vurmaq istəyindədirlər. Təəssüf ki, müxalifətin öz daxilində kifayət qədər problemlər var və bunu gizlətmək mümkünsüzdür".
Beləcə, E.Namazovun açıqlamaları, onu göstərir ki, müxalifətin yaxın vaxtlarda daha kəskin situasiya ilə qarşı-qarşıya qalacağı ilə yanaşı, partiya rəhbərlərinin "söyüş mübarizəsi" də işə düşəcək.