Aydın Mirzəzadə: “Ermənistan iqtisadiyyatının yaşamasında İran çox böyük rol oynayır"
- Milli Məclisin iclasında KİV haqqında qanun qəbul edildi. Bilirik ki, qanunun müzakirəsi zamanı bir sıra etiraz fikirləri səsləndirildi və qeyd olundu ki, qanun mətbuat azadlığını məhdudlaşdırır. Sizcə bu fikirlər nə dərəcədə düzgündür?
- KİV haqqında qanunla bağlı irəli sürülən narazılıqlar heç bir fakta söykənmir. İş burasındadır ki, əksinə qəbul olunan qanunla insan hüquqlarının qorunması istiqamətində fəsillər bir daha da dəqiqləşdirilir. Çox təəssüf ki, bəzən söz azadlığı adı ilə insanların şəxsi həyatına kobud müdaxilələr edilir, onların şəxsi həyatı barədə böhtan yazılar verilir və ya hər hansı bir adamın şəkili kənardan çəkilərək onun adına heç bir aidiyyatı olmayan bir hadisə yazılır və sonda bu media azadlığı kimi qiymətləndirilir. Bu qanunun qəbulunda heç bir mətbuat azadlığının pozulmasından söz gedə bilməz. Çünki Konstitusiyanın 32-ci maddəsində medianın azadlığı barədə və şəxsi həyata müdaxilənin yolverilməzliyi barəsində müddəalar var. Bu baxımdan qanunun tətbiqi dövründə hər hansı bir problem yaranarsa, Konstitusiyada yer alan maddələr konkret olaraq şəxsi həyatla söz azadlığının sərhəddinin haradan keçdiyini göstərəcək.
- İranın Ermənistanla sərhədlərinin bağlanması barədə təkliflər səslənir. Bu təklif İranın Azərbaycan və Ermənistan arasında aparılan danışıqların...
- İranın Ermənistanla sərhəddinin bağlanması fikri çox gözəl bir fikirdir. Biz bunu istəyərdik. Ancaq çox təəssüf ki, İran bu məsələdə bizim tövsiyyəmizi eşitmək istəmiyəcək, çünki İranın bu məsələdə özünün marağı var. Bir tərəfdən o Azərbaycanın ərazi bütövlüyünü tanıyır, torpaqların işğal olunduğu faktını qəbul edir. Amma digər tərəfdən çox təəssüf ki, Ermənistandan işğal olunan torpaqların azad olunmasını tələb etmir.
Ən əsas isə Ermənistan iqtisadiyyatının yaşamasında, enerji ilə təmin olunmasında İran çox böyük rol oynayır. Bu baxımdan bir qonşu ölkə kimi, Azərbaycanla yaxın ölkə kimi İranın bu mövqeyini biz qəbul etmirik. Əlbəttə biz istəyərdik ki, İran Ermənistana qarşı münasibətdə beynəlxalq hüquq normalarını əsas götürsün.
- Bir neçə gün bundan əvvəl Qazaxıstanın xarici işlər naziri, ATƏT-in sədri ölkəmizdə səfərdə idi. ATƏT sədri Dağlıq Qarabağ probleminin cari ildə həll olunacağını bildirib. Sizcə onun bu fikri nə dərəcədə real ola bilər?
- Bilirsiniz Qazaxıstanın xarici işlər naziri dünyada gedən prosesləri izləyir, ATƏT-in Minsk qrupunun son dövrdə fəal işlədiyini, Rusiyanın konkret olaraq onun prezidentinin bu proseslərdə birbaşa iştirakını görür və proseslərin münaqişənin həlli istiqamətinə doğru getdiyini anlayır. Onun Dağlıq Qarabağ problemini önə çəkməsi, bu problemin həllində müəyyən pozitivlər görməsi və belə bir bəyanatın özü çox yerindədir. Onun bu cür çıxışı ona göstərir ki, beynəlxalq hüquq normaları işləyir və Ermənistanın torpaqlarımızı işğal etməsini dünya ictimaiyyəti qəbul edir.
- Millət vəkili Aydın Mirzəzadə Dağlıq Qarabağ probleminin həlli istiqamətində 2010-cu ildən nələr gözləyir?
- Bu il Dağlıq Qarabağ probleminin həllində ümidlər çoxdur. Hər halda bu gün yaranan şərait Ermənistandan işğal olunan torpaqların azad olunmasını tələb edir. Hal-hazırda torpaqların işğaldan azad olunması Azərbaycandan daha çox Ermənistana lazımdır. Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması, regional layihələrdə Ermənistanın iştirakı, bütün bunlar hamısı Ermənistana hava və su kimi lazımdır. İlk növbədə bunları əsas götürərək Ermənistan problemi hər hansısa bir formada həll etməyə çalışacaq.
Nəzərə alaq ki, hər il Ermənistanın 70 min gənci birdəfəlik yaşamaq üçün xaricə köçür və ölkəni tərk edir. Bunların ailə quracağı insanların əksəriyyəti məhz Ermənistandan olacağını düşünsək bu ona gətirir ki, Ermənistan 10 ildən sonra əhali cəhətdən çox qıtlıq çəkəcək. Bunun tempinin, perspektivini erməni rəhbərləri indidən yaxşı görməyə başlayıblar. Pis olmazdı ki, onlar bunu 1988-ci ildə Dağlıq Qarabağ problemi başlamamışdan əvvəl edəydilər.
- Dağlıq Qarabağ problemi həll olunduqdan sonra iki ölkə əhalisinin birgə yaşamasına necə baxırsınız?
- Torpaqlar geri qayıdarsa iki ölkə əhalisinin Qarabağda birgə yaşamasına normal baxıram. Hesab edirəm ki, bu belə də olmalıdır. Dağlıq Qarabağda erməni icması yaşayıb. Düzdür onlar ora 200 il bundan qabaq köçüb gəliblər, lakin yaşayıblar. Bu baxımdanda mən hesab edirəm ki, həmin ərazidə azərbaycanlılarla ermənilərin birgə yaşaması normal haldır.
Azərbaycan dövləti buna həm təminat verir, həm də təhlükəsizliyi təmin edir. Əgər orada muxtariyyətdən söhbət gedirsə, söhbət erməni icmasına deyil, orada yaşayan əhaliyə muxtariyyatın verilməsindən gedir. Torpaqlar qayıtdıqdan sonra gələcəkdə Azərbaycan orada təhlükəsizliyə, birgə yaşayışa və sosial iqtisadi vəziyyətə tam təminat verir.