Rauf Zeyni: “Bəzi qrant alan QHT-lər təəssüflər olsun ki, qrant almaq hüququndan məhrum olublar"
- Rauf müəllim, Milli QHT Forumu donor təşkilat seçərkən hansı amillərə üstünlük verir?
- Azərbaycan Milli QHT Forumu həm milli, həm də beynəlxalq donorlarla işləməyi üstün tutur. Ümumilikdə isə forum daha çox Azərbaycanda fəaliyyət göstərən, qeydiyyatdan keçən və ölkə qanunlarına uyğun fəaliyyət göstərən istənilən donorla əməkdaşlığa üstünlük verir. Qeyd edim ki, forumun 10 il ərzində 60-a qədər layihəsindən 55-ni beynəlxalq təşklatlar maliyyələşdirib. Biz bu gün Azərbaycanın səsini, problemlərini, dərdlərini, torpaqlarımızın işğal altında olmasını, ölkəmizdə 1 milyondan artıq məcburi köçkün və qaçqınların olmasını dünya ictimaiyyətinə çatdırmaq istəyiriksə, dünyanın beynəlxalq təşkilatlarının tribunasından istifadə etməliyik. Bu əməkdaşlıq təkcə qranta görə deyil. Düzdür, biz qrant da almalıyıq, lakin beynəlxalq təşkilatların, səfirliklərin elan etdiyi layihələrdə iştirak etməliyik. O cümlədən ATƏT, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla beynəlxalq əməkdaşlığı daha da genişləndirməliyik ki, Azərbaycanın haq səsini dünya ictimaiyyətinə çatdıra bilək.
- Rauf müəllim, bilirik ki, QHT-lərə Dövlət Dəstəyi Şurası 85 nəfərin layihəsini geri qaytarıb və bu sonradan müəyyən narazılıqlara səbəb olub. Bununla bağlı, onların hüquqlarının qorunması istiqamətində MQF hansı işlər görmək niyyətindədir?
- Şura 2009-cu ilin hesabatını təqdim edərkən texniki mərhələdən keçə bilməyən QHT-lərin olduğunu elan etmişdi. Buna səbəb isə onların texniki səhvlərə yol verməsi olub. Mən orada çıxışım zamanı bununla bağlı Şura üzvlərinə müraciət də etdim. Müraciətim zamanı həmin QHT-lərə yardım göstərilməsini xahiş etdim. Şura sədri Azay Quliyev isə bildirdi ki, onlara 2 il müddətində güzəştlər edilmişdi. Onlar bu müddət ərzində lazımı texniki qaydaları öyrənməli idilər. İndi 85 nəfərin texniki qaydalardan keçməməsi elan olunub. Əgər hər hansı bir qanun pozuntusu varsa, layihə rəhbərləri Şuranın xüsusi komissiyasına və ya Milli QHT Forumuna müraciət edə bilərlər. Biz də bacardığımız köməyi etməyə hazırıq. İndiyə kimi, bununla bağlı bizə müraciət olunmayıb.
- Ümumiyyətlə, şuranın belə bir qərar çıxarması Sizcə ədalətlidirmi?
- Bəzi qrant alan QHT-lər təəssüflər olsun ki, layihələrin icrasında qüsurlara yol verirlər. Məhz bu səbəbdən də onlar qrant almaq hüququndan məhrum olublar. Düşünürəm ki, bu da bəzi QHT-lərə dərs olmalıdır. Çünki onlar lazımı qaydaları, tələb olunan standartları öyrənməli və bu standartlara uyğun olaraq layihələrini təqdim etməlidirlər. Çünki bu vacibdir və günün tələbidir. Bilirik ki, şura hamı tərəfindən qəbul olunan cənab prezident İlham Əliyevin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.
- Cari ildə QHT Forumu hansı layihələr həyata keçirməyi nəzərdə tutub?
- Qeyd edim ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının elanına uyğun olaraq forum layihə təqdim edib. Biz eyni zamanda beynəlxalq təşklatların, səfirliklərin layihələrində iştirak etmək niyyətindəyik. Bu il ekologiya ili olduğundan bununla bağlı tədbirlər, layihələr həyata keçirməyi düşünürük.
Bundan əlavə, vətəndaş cəmiyyətinin xüsusi istiqamətləri var ki, biz də ona uyğun olaraq forumun sektorlarını gücləndirmək üçün müəyyən işlər görürük. Belə ki, bu istiqamətdə Milli QHT Forumu öz bölmələrinin hər birinin beynəlxalq təşkilatlarla birbaşa əlaqə qurması üçün forumun adından sektorlara uyğun olan layihələr reallaşdırmağı nəzərdə tutub.
Hazırda forumun həm mərkəzi, həm də regional mərkəzləri fəaliyyət göstərir ki, onların da 53 rayonda koordinasiya mərkəzi var. Biz bu il onların vasitəsilə həm mərkəzdə, həm də regionlarda beynəlxalq təşkilatlar, dövlət və hökumət qurumları ilə birgə əməkdaşlıq edərək ekoloji layihələr həyata keçirməyi planlaşdırırıq.