- Mikayıl bəy, bəzi müxalifət partiyaları parlament seçkilərinə müxtəlif formada qatılmağa hazırlaşırlar. Biri digərini İrana, Qərbə, Rusiyaya işləməkdə suçlayır, bəziləri isə blok yaratmaq iddiasına düşüblər. Maraqlıdır, sizin partiya parlament seçkilərinə hansı formada qatılmaq niyyətindədir?
- Partiyanın idarə heyəti parlament seçkilərinə hazırlıqla bağlı artıq qərar qəbul edib. Digər partiyaların hazırlaşma məsələsinə gəldikdə, bu, onların daxili işidir. Blok yaratmaq və ya kimisə agent adlandırmaq, agentlərlə bir araya gəlmək, onları öz sıralarından çıxarmaq, gündəmdə qalmaq üçün bir-birini tanıyan, fəaliyyətini gözəl bilən qrupların arasında gedən çəkişmələrin adi mənzərəsidir. Bizim bu məsələlərə heç bir aidiyyatımız yoxdur. Siyasi partiya olaraq seçkilərə müstəqil hazırlaşırıq.
- Müxalifətin ayrılmaz hissəsi olan BAXCP qalmaqalları, bir-birinə qarşı ittihamlar yağdıran partiya sədrlərinin mövqelərini, yəqin ki, seyr edir.
- Bilirsiniz, həmin partiyalar həmişə istər seçkiqabağı, istərsə də seçkidən sonra bu cür münaqişələri yaşayırlar. Çox vaxt yenidən birləşə bilir, bəzən də birləşə bilmirlər. Bir neçə partiya arasında bu ittihamlar illər boyu davam edib. Bu gün də bu proses gedir. Biz də müxalifət partiyası olaraq, həmin partiyaları seçki ilində bu cür fəaliyyət göstərmələrini təqdir etmirik. Yaxşı olardı ki, bütün partiyaların funksionerləri Azərbaycan xalqına və dövlətinə xidmət etsin. Aralarında Azərbaycandan kənar qüvvələrə xidmət edən partiyalar varsa, onları sıradan çıxarmağa, açıb icitmaiyyətə göstərməyi bacarsınlar.
- Müsavat yetkililəri Lalə Hacıyevanı "KQB" agenti adlandırır. Sizcə, doğrudanmı o, "Madam" ləqəbli agentdir?
- Bu haqda mən "Yeni Müsavat" qəzetində oxudum. Mən, onu deyə bilərəm ki, xanımın 15 ildən artıq Azərbaycan siyasətində göstərdiyi fəaliyyət tam uğursuzluğa düçar olub. Qeyri-stabil fəaliyyəti yalnız Azərbaycan müxalifətinin ümumi mövqeyinə zərbə vurur. Amma kiminsə agenti olduğunu və ya hansı ləqəblə yaşadığını onu araşdıran insanlardan soruşmaq daha məqsədəuyğundur.
- Bəs İsa Qəmbərov haqqında deyilənlər nə dərəcədə həqiqətə uyğundur?
- Əvəz Temirxanın bir neçə gün İ.Qəmbərov haqqında dedikləri, onu deməyə əsas verir ki, bu məsələ mütləq araşdırılmalıdır. Bu, çox ciddi məsələdir. Doğrudan da, bir partiyanın başqanı Azərbaycanın yox, başqa dövlətlərin maraqlarına xidmət edən fəaliyyətlə məşğul olursa, mütləq araşdırma aparılmalıdır.
- İddialara görə, 1993-cü ildə AXC hakimiyyətinin devrilməsi planı Rusiya və İran tərəfindən hazırlanan zaman icraçılar Lalə Hacıyeva və Əvəz Temirxan olub. Bu barədə nə deyə bilərsiniz?
- Mənim bildiyimə görə, 1993-cü ildə Rusiya ilə sıx əlaqə saxlayan insanlardan biri də Əvəz Temirxan olub. Bu barədə mətbuatda məlumat dərc olunmuşdu. Həmin informasiyalar dərc olunduqdan sonra Ə.Temirxan özü də bunu təsdiqlədi. Bildirdi ki, həmin dövrdə Azərbaycandakı siyasi hakimiyyətə qarşı birləşdiyi blok var idi.
- Yəni AXC hakimiyyətinin devrilməsində indiki müxalifətin müəyyən hissəsinin də rolu olub?
- "Yeni Müsavat" qəzetində kimlərin AXC hakimiyyətinin devrilməsində iştirak etdiyi haqqında geniş yazı dərc edilmişdi. Onlardan biri də Ə.Temirxandır.
- Maraqlı deyilmi ki, AXC hakimiyyətini devirməkdə rolu olan L.Hacıyeva bu gün həmin hakimiyyətdə təmsil olunmuş Əli Kərimovla eyni sıradadır?
- Təbii ki, çox qəribədir. Baxmayaraq ki, son 5 il ərzində Ə.Kərimovla L.Hacıyeva arasında müəyyən müttəfiqlik yaranıb. Bilirsiniz ki, bunlar parlament getməmək xatirinə, ortaq maraqlar baxımından, bir araya gəldilər. Hesab etmirəm ki, Azərbaycan siyasətində bu iki şəxs uzunmüddətli müttəfiqlik etmək fikrində olsunlar. Amma yaxşı yadımdadır, 5 il bundan qabaq L.Hacıyeva Ə.Kərimov haqqında deyirdi ki, hər şalvar daşıyana kişi deməzlər. Belə ittihamlar tarixən olubdur. Bundan sonra bu iki partiya lideri arasında daha ciddi ittihamların ola biləcəyini gözləmək olar.
- Belə çıxır ki, siyasi situasiya və eyni maraqlar onların hər iksini eyni sırada olmağa məcbur edir?
- Təbii ki, bunları siyasi situasiyadan doğan ehtiyac birləşdirib. Hesab etmirəm ki, bunların bir-birinə qarşı xüsusi simpatiyaları var. Yaranmış siyasi situasiya 2005-ci ildə onları bir arada olmağa vadar etdi. Amma yaxın perspektivdə hər iki şəxsin birgə addımlayacağının mümkün olmayacağı qənaətindəyəm. Çox yaxın vaxtlarda görəcəyik ki, Ə.Kərimov - İ.Qəmbərov yaxınlaşması daha aktualdır. O halda L.Hacıyeva oyundan kənarlaşdırılacaq.
- Amma Ə.Əliyev bəyan edib ki, "Azadlıq" blokunun formatını dəyişərək, parlament seçkilərinə birgə getməyə hazırlaşırlar.
- Düşünürəm ki, Ə.Əliyev nələri isə həll etmək gücündə olan siyasi partiya sədri deyil. Ona görə də, ümid etmirəm ki, Ə.Əliyevin orada nə isə dəyişmək üçün imkanları olsun.
- Ə.Əliyev haqqında söylədiyiniz bu fikirlər hansı məntiqə əsaslanır?
- Əli bəyə böyük hörmətim var. Amma onun partiyası o qədər də geniş elektorata, siyasi çəkiyə malik deyil ki, Ə.Kərimov, L.Hacıyeva və yaxud İ.Qəmbərov arasında hansısa məsələləri həll etmək gücünə malik olsun.
- Mikayıl bəy, bütün baş verənlərə əsasən, demək olar ki, quyunun dərin qazılmasına müxalifət liderləri özləri təkan verirlər.
- Bilirik ki, AXC-Müsavat hakimiyyəti dövründə, 1998-ci ildə prezident seçkilərində L.Hacıyeva, İ.Qəmbərov və Ə.Kərimov arasında münasibətlər hansı səviyyədə olub. Sonrakı seçkilərdə də onların arasında baş verən siyasi proseslər, onu deməyə əsas verir ki, bunun dərin kökləri var. Hər biri digəri haqqında o qədər kəskin ifadələr işlədib ki, uzunmüddətli iş birliyinin qurulması qeyri-mümkündür.