Əli Bayramov: "2010-ci il Azərbaycanda kənd təsərrüfatında dönüş ili olacaq"
-Əli müəllim, ötən il kənd təsərrüfatı sahəsində görülən işləri necə qiymətləndirirsiniz?
-Ötən il kənd təsərrüfatının inkişafı sahəsində böyük işlər görülüb. Taxıl yığımı 3 milyon tonu ötüb, bu rekord göstəricidir. Azərbaycan tarixində bu günə qədər heç vaxt bu qədər taxıl istehsal olunmayıb. Bütün başqa kənd təsərrüfatı məhsullarının istehsalı üçün də praktiki işlər görülür, subsidiyalar, kreditlər verilir, soyuducu anbarlar, taxıl anbarları tikilir, suvarma tədbirləri həyata keçirilir. Kənd təsərrüfatını daha da inkişaf etdirmək üçün dövlətin düşünülmüş proqramı var və bunun nəticəsində Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı artır. Biz bu gün özümüzü demək olar ki, əsas kənd təsərrüfatı məhsulları ilə təmin edirik. Həm öz daxili tələbatımızı ödəmək üçün, həmdə ixrac potensialımızı artırmaq üçün əlavə imkanlar yaranıb. Ölkəmizin iqtisadi və sosial vəziyyəti baxımdan çox vacib olan bu sahənin inkişafı kompleks tədbirlər nəticəsində təmin edilib. Ölkə prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi kənd təsərrüfatının maddi-texniki bazasının köklü sürətdə yeniləşməsinə səbəb olub. Hesab edirəm ki, 2010-ci il Azərbaycanda kənd təsərrüfatı sahəsində dönüş ili olacaq.
-"Aqrolizinq"in ötənilki fəaliyyətini necə qiymətləndirmək olar?
- Bu gün "Aqrolizinq" və onun təşkilatları tərəfindən fermerlərə aqrotexservis xidmətlərinin göstərilməsində məqsədyönlü işlər həyata keçirilir. "Aqrolizinq" aqrar sahədə fəaliyyət göstərən sahibkarların sifarişləri əsasında sərfəli tariflə əkin, səpin, becərmə, məhsul yığımı və başqa işlərdə, ümumilikdə 20 addan çox müxtəlif xidmət növləri həyata keçirir, məhsulun müassir texnologiyaya uyğun istehsalında onlara köməklik göstərir. "Aqrolizinq" tərəfindən 2005-2009 illər ərzində 9464 ədəd kənd təsərrüfatı texnikaları, (990 ədəd taxılyığan kombayn, 2494 ədəd traktor, 140 ədəd ekskovator, 5840 ədəd təyinatlı kənd təsərrüfatı maşınları və qoşqular, 43 dəst texnoloji avadanlqlar, 254,9 ton mineral gübrələr, 294,3 ton zəhərli maddələr gətirilərək kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilib. Bundan başqa Naxçıvan MR-na 20 ədəd traktor və 47 ədəd digər kənd təsərrüfatı texnikaları verilib. Alınmış texnikalardan 3681 ədədi, (71 ədəd taxılyığan kombayn, 1146 ədəd traktor, 54 ədəd ekskavator və 2410 ədəd traktora qoşulan müxtəlif kənd təsərrüfatı texnikaları) mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərə verilib və ya lizinq qaydasında satılıb.
Eyni zamanda 10 ədəd taxılyığan kombayn qaçqın və məcburi köçkünlərə bağışlanıb. Aqrar siyasətin tərkib hissəsi kimi fəaliyyət göstərən "Aqrolizinq" tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikalarına olan tələbatının müəyyənləşdirilməsi və onların vaxtında gətirilməsi istiqamətində ardıcıl işlər aparılır. Bu məqsədlə 2009-cu ildə dövlət büdcəsindən ayrılmış 37,5 milyon manat vəsait hesabına 13,6 milyon manat dəyərində müxtəlif at gücünə malik 500 ədəd "Belarus" markalı traktorların alınması üçün Gəncə avtomobil zavodu ilə müqavilə bağlanıb, 12, 3 milyon manat dəyərində 180 ədəd "Niva" və "Sampo" markalı taxılyığan kombaynlar və 3,2 milyon manat dəyərində digər kənd təsərrüfatı texnikaları, 13 dəst müxtəlif təyinatlı texnoloji avadanlıqlar alınıb. Alınan yeni texnikaların və taxılyığan kombaynların əksəriyyəti kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilib. Həmçinin, 2009-cu ildə "Aqrolizinq" tərəfindən 3,9 milyon manat dəyərində 18 min ton azot gübrəsi alınaraq rayon aqroservis filiallarına və regional loqistik gübrə anbarlarına verilib. Hazırda "Aqrolizinq"in rayon təşkilatlarında 2010-cu ilin məhsulu üçün kifayət miqdarda azot və superfosfat gübrəsi ehtiyyatı yaradılıb.
- "Aqrolizinq" tərəfindən görülən işlər Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına zəmin yaradacaq?
- "Aqrolizinq" tərəfindən 2008-2015-ci illəri əhatə etməklə xüsusi İnvestisiya Proqramı işlənib, prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilib. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", " 2009-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun aradan qaldırılması və davamlı inkişaf Dövlət Proqramı", 2009-2013-cü illərdə digər Dövlət Proqramları ilə uyğunlaşdırılmış İnvestisiya Proqramı çərçivəsində Səhmdar Cəmiyyətin rayon aqroservis filiallarının maddi-texniki bazasının yaxşılaşdırılması və müassir tələblərə cavab verən avadanlıqlarla təchiz olunmuş təmir emalatxanalarının tikintisi, mineral gübrələrin qəbulu, saxlanması və paylanmasını yaxşılaşdırmaq üçün İmişli və Cəlilabad rayonlarında hər birinin tutumu 10-12 min ton olan 2 ədəd regional loqistik gübrə, bazalarının tikilməsi nəzərdə tutulub".
Bununla yanaşı, "Aqrolizinq" xarici şirkətlərlə sıx iqtisadi əmakdaşlıq edir və bu fəaliyyətini ilbəil inkişaf etdirir. Bunun nəticəsində aqrar bölmənin inkişafına güclü təkan verməklə Cəmiyyət respublika əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının müvəffəqiyyətli icrasında öz sanballı töhvəsi ilə fəal iştirak edir. Əgər fəaliyyətə yeni başlayan dövrdə, yəni 2005-ci ildə 10 ölkədən yalnız kənd təsərrüfatı texnikası və mineral gübrələr alınırdısa, 2006-ci ildən etibarən müxtəlif növ pestisidlərin, 2007-ci ildən heyvandarlıq məhsullarının emalı, yem istehsalı və kənd təsərrüfatı məhsullarının uzun müddətli saxlanması üçün çoxçeşidli texnoloji avadanlıqların, yüksək reproduksiyalı buğda toxumlarının və məhsuldar cins damazlıq heyvanların idxal edilməsinə başlanıb.
Hazırda Cəmiyyətin əməkdaşlıq etdiyi ölkələrin sayı 14-ə çatıb. Bunların sırasına Rusiya, Çin Xalq respublikası, Türkiyə, İtaliya, Polşa, Ukrayna, Almaniya, Yaponiya, Belarusiya, Qazaxıstan, Özbəkistan, Finlandiya, İran İslam respublikası və digər ölkələr daxildir. Başqalarından fərqli olaraq, Belarus dövləti ilə əməkdaşlıq yalnız ticarət fəaliyyəti yox, həm də istehsal xüsusiyyəti daşıyır. Belə ki, bu ölkə ilə birlikdə Gəncə avtomobil zavodunda istehsalı təşkil olunmuş MTZ tipli müxtəlif at gücündə "Belarus" traktorları "Aqrolizinq" tərəfindən alınaraq kənd təsərrüfatının maddi-tezniki bazasına yönəldilir. "Aqrolizinq" ASC öz fəaliyyəti dairəsi çərçivəsində bundan sonra da qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi üçün bütün imkanlardan istifadə edərək kənd təsərrüfatının inkişafında, onun maddi-texniki bazasının möhkəmləndirilməsində öz töhfəsini verəcək.
- Əli müəllim, "Aqrolizinq"in 2010-cu il üçün planları və qarşıda duran əsas vəzifələr sırasında...
- "Aqrolizinq" 2009-cu ili uğurla başa vurub. 2009-cu ildə olduğu kimi 2010-cu ildə də Cəmiyyətin qarşısında böyük vəzifələr durur. Biz cari ildə Prezidentin Ehtiyyat Fondundan "Aqrolizinq"ə ayrılmış vəsait hesabına Zaqatala, Ağdaş, İsmayıllı və Xaçmaz rayon Aqroservis filiallarının və Cəmiyyətin daxili imkanları hesabına mineral gübrələrin saxlanması və paylanmasını yaxşılaşdırmaq üçün Şəmkir, Xaçmaz rayonlarında hər birinin tutumu 10 min ton olan 2-ədəd regional loqistik bazaların tikintisini, Gəncə, Şirvan və Ucar rayonlararası təchizat bazalarının yenidənqurma işlərini həyata keçirəcəyik. Həmçinin, ilkin hesablamalara görə südlük istiqamətli 800 başdan çox Holştin-Friz (qara-ala), Şvis və Simmental cinsli damazlıq heyvanların alınaraq 50% güzəştlə məhsul istehsalçılarına satılmasını planlaşdırırıq.
"Aqrolizinq" tərəfindən 2010-cu ildə Bərdə rayonunda 1, Zaqatala rayonunda 1, Qazax rayonunda 1, Quba rayonunda 3, Şəmkir rayonunda 1 soyuducu anbar üçün texnoloji avadanlıqlar gətirilərək quraşdırılıb istifadəyə veriləcək. Bundan başqa Zaqatalada fındıq emalı, Qubada meyvə qurutma, Yevlaxda bitki yağı istehsalı sexləri tikiləcək. Qubada və Bakı şəhərində (M.Ə.Rəsulzadə qəsəbəsi) 1,5-10 tonluq süd emalı müəssisəsi açılacaq. Goranboy rayonunda 1 dəst damcılı suvarma sistemi quraşdırılacaq. 2010-cu ildə müqavilə əsasında Gəncə Avtomobil zavodundan 500 ədəd müxtəlif at gücündə Belarus traktoru alınacaq. Ümumiyyətlə planlarımız çoxdur.